Beyinə zərərli və faydalı qidalar - Beyin gücünü belə artırın - Video
Araşdırmalar göstərir ki, bəzi qidalar bizi, sözün əsl mənasında, axmağa çevirir.
İçkilər. Beyin üçün ən zərərli içki spirtli içkidir. Spirt təkcə qaraciyərimizə deyil, sinir sisteminə, xüsusən də, beyinə mənfi təsir göstərir. Araşdırmalar aşkarlayıb ki, spirt beyin hüceyrələrini məhv edir. Təbii, hər şey nə qədər içdiyinizə bağlıdır. Yeniyetməlik dövründə beyin daha həssas olur. Bu yaşlarda içilən spirt orqanizmə böyük zərər verə bilər. Əvvəllər belə bir fikir vardı ki, 20 qramadək təmiz spirt təhlükəsiz dozadır, hətta xeyirlidir. Lakin son tədqiqatlar göstərir ki, ümumiyyətlə, spirtin təhlükəsiz dozası yoxdur; istənilən doza zərərlidir. Şirniyyatlar. Buraya şirin xəmir məmulatları, əksər qənnadı məmulatları, qazlı içkilər daxildir. Beyin qlükozanı sevir, çünki qlükoza ilə qidalanır. Amma şəkər, nəinki, damarlarımızı, beynimizi də məhv edir. Məsələ ondadır ki, şirniyyatlar bədənimizin, demək olar ki, bütün toxumalarında daimi mikroiltihab yaradır. Yeri gəlmişkən, qan damarlarına zərərli olan bütün qidalar avtomatik olaraq beyinə də zərərlidir. Zədələnmiş damarlar nəticəsində beyinə qan tədarükü pisləşir. Sonrası idrak qabiliyyətinin, düşünmə qabiliyyətinin aşağı düşməsidir. Trans yağlar. Növbəti zərərli qida trans yağlardır. Fast-food qidalarda, lazım olduğundan çox qızardılmış yeməklərdə, əksər yarımfabrikatlarda, şirniyyatlarda və qənnadı məhsullarında trans yağlar bol miqdardadır. Trans yağlar, əslində, dövrümüzün ən böyük zərərli qidalarındandır. Xolesterol profilimizin vəziyyətini pisləşdirir, qan damarları və beyin ilə bağlı problemlərə səbəb olur. Trans yağların istehlakının artması Alzheimer xəstəliyi riskini də yüksəldir.
Demedia.az "Bir Bax" "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz.
Rəna İsmayılova / Demedia.az