Bu bitki Mənfi Enerjini təmizləyir - Möcüzəvi Cökə Çiçəyi -VİDEO
Cökə çiçəyi mifologiyada və qədim inanc sistemində Cökə çiçəyinin müalicəvi, qoruyucu və simvolik xüsusiyyətləri qədimdən bəri, həmişə yüksək qiymətləndirilib. Bu qiymətləndirmənin izlərini qədim dünyanın carçıları olan miflərdə, inanc sistemində də görə bilərik. Qədim Roma şairi Publi Ovid Nazon`un “Metamorfoza” poemasında cökə çiçəyinin Qədim Yunanıstandakı mifoloji anlamı haqqında öyrənmək mümkündür. Qeyd edim ki, Ovid`in əsəri insanın heyvana, bitkilərə, daşlara çevrilmələrindən bəhs edir. “Metamorfoza”dan öyrəndiyimizə görə, “Filemon və Bavkis əfsanəsi” cökə çiçəyinə olan inancın kökündə dayanan ilk təfəkkür qığılcımıdır. Əfsanədə deyilir ki, kasıb kəndlilər olan Filemon və Bavkis Zevslə Hermes tərəfindən mükafatlandırılır. Kəndlilər tanrıları qonaq edirlər. Tanrılar Filemon və Bavkis`in qonaqpərvərliyini, ürəyiaçıq olmalarını dəyərləndirir, onları bir-birinə bağlı cökə və palıd ağacına çevirir. Çünki bu iki ağac da insanların sağlamlığı mövzusunda çox ürəyiaçıq və səxavətlidirlər. Robert Graves`in 1990-cı ildə nəşr olunan “Yunan mifologiyası” adlı kitabında cökə çiçəyinin Afrodita ilə əlaqələndirilməsi yazılıb. Afrodita sevgi və gözəllik tanrıçası idi. Cökə isə onun təbiətdəki simvolu kimi insanları sevgiyə, sülhə, harmoniyaya səsləyirdi. Cökə çiçəyinin orqanizmdə “sülh mühiti” yaratması əfsanənin ana xəttini təşkil edir. Qədim Romada cökə çiçəyi təbii müalicə vasitəsi olmaqla yanaşı, inanc sistemində də öz yerini almışdı. Soyuq mövsümlərdə bir-birlərinə cökə çiçəyi hədiyyə etmək qarşıdakı insana olan gözəl arzuların ifadəsi idi: yəni “sənin sağlamlığını, həyatı sevməyini istəyirəm”. Böyük Plini`nin “Təbiət tarixi” əsərində cökə çiçəyinin romalıların həyatındakı rolu barədə daha ətraflı məlumat əldə etmək mümkündür. Həmçinin, romalılar inanırdılar ki, cökə çiçəyi insanı şər ruhlardan və bədxahlardan qorumaq qüdrətinə malikdir. Evlərdə və məbədlərdə cökə ağacından hazırlanan əşyalar, cökə çiçəyi ilə bəzədilmiş xüsusi heykəlciklər olardı ki, bunlar qoruyucu vasitə idi. Endryu Delbi`nin “Təhlükəli dadlar: ədviyyatların tarixi” adlı kitabında cökə çiçəyinə olan bu inamdan bəhs edilib. Orta əsrlər Avropasında cökə çiçəyi cökə ağacı kimi mistik və ruhani rituallarda istifadə edilirdi. “Kunniqham`ın sehirli bitkilər ensiklopediyası”nda yazılıb: “Mənfi enerjini təmizləmək və daxili sakitliyi təmin etmək məqsədilə cökə çiçəyi yandırılırdı”. Avropa Orta əsrlərdə cəngavərləri ilə öyünürdü. Cökə çiçəyi cəngavərlərin həyatında öz yerini tutmuşdu. Bir-birinə güc göstərməkdən çəkinməyən cəngavərlər sülh danışıqları haqqında düşünərkən mütləq yaxınlıqda cökə ağacı axtarırdılar. Onların fikrincə, ən dürüst sülh danışığı məhz bu saf, dumduru enerjiyə malik ağacın altında aparılmalıydı. Skandinaviya xalqlarının inanc sistemində cökə çiçəyi sevgi və gözəllik tanrıçası Freyja ilə əlaqələndirilir. “Edda mənzuməsi”ndə (“Poetic Edda”) qeyd edilir ki, cökə çiçəyi sevgidən danışır. Şimal xalqları cökə ağacının qoruyucu olmasına da inanırdı. Evlərin ətrafında, məbədlərin həyətində cökə əkilməsinin kökündə məhz bu inam dayanır. Naycel Pennik “Bütpərəstlərin kitabı: illik festivallar, mərasimlər, müqəddəs günlər” adlı kitabında cökə ağacının və cökə çiçəyinin sadə həyatdakı mifoloji təzahüründən bəhs edib.