Biləndə ŞOK olacaqsız - Ağcaqanad olmasaydı nələr olardı? -VİDEO



 22:30 27.07.2024     463

Biləndə şok olacaqsız - Ağcaqanad olmasaydı nələr olardı? Havalar istiləşdi, yay gəldi... Yəni, ağcaqanad mövsümünü açıq elan etdik. Havalar soyuyanadək hamımızın ortaq şikayətimiz bir istilər, bir də ağcaqanadlar olacaq. Taksilərdə o məhşur “Ağcaqanad” mahnısını eşidəcəyik, apteklərdən ağcaqanad əleyhinə kremlər, marketlərdən “pif-paf” alacağıq... Ən əsası, hər dəfə ağcaqanad vızıltısı eşidəndə ürəkdən, bütün səmimiyyətimizlə “kökünüz kəsilsin” deyəcəyik, ağcaqanadsız dünya arzulayacağıq. Bəs, belə bir dünya mümkün ola bilərmi? Ümumiyyətlə, ağcaqanadlar olmasa, dünyamızda nələr olar? Bugünkü videoda suallarımıza cavab axtaracağam. Bizə görə, “dişləməkdən başqa bir fəaliyyəti olmayan” ağcaqanadlar flavivirus, Dengue qızdırması, Chikungunya virusu, Qərbi Nil virusu kimi xəstəliklərin yayıcısıdır. Hesablamalara görə, hər il dünyada 247 milyon insan məhz ağcaqanadlar vasitəsilə bu cür xəstəliklərə yoluxur. Buna görə də, ağcaqanadlar hər il dünya miqyasında çox böyük sağlamlıq və maliyyə problemlərinin səbəbinə çevrilirlər. Bəs, ağcaqanadlar olmasaydı, nə olardı? Onların yeri görünərdimi? Təbiət bu sualları ekologiya mütəxəssislərinin önünə dəfələrlə çıxardı. Hər dəfəsində də elm adamları heyrətamiz cavablarla qarşılaşdı. Planetimizdə elmə məlum olan 3500 ağcaqanad növü var. Bunlar, demək olar ki, bütün qitələrdə və istənilən təbii şəraitdə yaşayırlar. Hər bir növün də ekosistemdə önəmli yeri mövcuddur. Amma bu, o anlama gəlmir ki, ağcaqanadlar olmasa, onlarçün “darıxan” çox olacaq. Məsələn, yarasalar əksər hallarda güvə ilə qidalanırlar. Ağcaqanadlar onların qidalarının cəmi 2%-ni təşkil edir. Yəni, ağcaqanadlar olmasa, onları yeyən digər canlılar ac qalmayacaq. Sadəcə, ekosistem daxildən, az-az dəyişəcəkdir ki, bunun da nəticəsini indidən söyləmək bir az çətindir. Digər tərəfdən, alimlər ağcaqanadların yox olmasının Arktik tundrada ciddi dəyişikliyə səbəb olacağı qənaətindədirlər. Məsələn, ağcaqanadların Şimal maralı sürüsündəki hər heyvandan gün ərzində, ortalama, 300 ml qan sorduğu, maralların sırf ağcaqanadlardan qaçmaq üçün köç yollarını dəyişdikləri məlumdur. Ağcaqanadlar olmasa, onlar hazırkı yolları ilə getməyəcəklər. Bu da o deməkdir ki, onlar indiki qədər şibyə yeməyəcəklər, yolüstü canavarlara yem olub, onları doyurmayacaqlar, yolları hansı səmtə düşsə, oranı tapdaq-tapdaq edəcəklər... Bu da, Arktik tundrada ekoloji sistemin əməlli-başlı dəyişməsinə gətirib çıxaracaq, təbii ki, təsirləri dünyanın başqa yerlərində də hiss ediləcək. Ağcaqanad qurdcuqlarının tamamən yoxa çıxması isə yüzlərlə balıq növünün sağ qalmasını sual altında qoyur. Bu, kənardan sadə görünsə də, qeyd edim ki, qidalanma davranışı kimi xüsusiyyətlər balıqların var olmasında önəmlidir. Məsələn, ağcaqanad ovçusu sayılan mığmığabalıq (gambusiaaffinis) düyü tarlalarında və üzgüçülük hovuzlarında həşəratların çoxalmasına nəzarət etmək üçün saxlanılır. Ağcaqanad qurdcuqları, həmçinin, sulu ekosistemlərdə önəmli biokütlə əmələ gətirirlər. Yəni, su ekosistemləri üçün həyati əhəmiyyətə malikdirlər. Təsirlərinin nə dərəcədə az, yaxud çox olmaları isə məhz həmin su hövzəsindən asılıdır. Ağcaqanad qurdcuqları Şimali Amerikanın şərq sahillərində yaşamın varlığına olduqca böyük təsir göstərir. Burda yaşayan böcəklər və balıqlar protozoylarla yanaşı ağcaqanad qurdcuqları ilə də qidalanırlar. Qarşılıqlı olaraq, ağcaqanad qurdcuqları suda boğulan müxtəlif böcəklərlə və bakteriyalarla qidalanır, bitkilər üçün azot gübrəsi yaradır. Belə halda, ağcaqanadların yox olması bitkilərin böyüməsinə də mənfi təsir göstərər... Ağcaqanadlar olmasa, minlərlə bitki növü tozlayıcılarını itirərlər. Məsələn, “ceratopogonidae” adlanan, nəm milçəkləri də dediyimiz ağcaqanad növü kakao bitkisinin əsas tozlayıcısıdır. Əgər bu növ yox olsa, bizə şokoladsız bir dünya qalacaq... Təsəvvür etmək belə çətindir, elə deyilmi?! Nəhayət, ağcaqanadlar digər orqanizmlərin edə bilməyəcəyi bir çox “iş” görürlər. Patogen mikrobların yayılması üçün ideal “səyahətçilər”, qanımızı soran ziyanvericilər olmaqla yanaşı, zəhlətökən və arzuolunmaz da hesab olunurlar. Xüsusilə, “anopheles” (anofel) adlanan növü insanlar üçün daha çox təhlükəlidir. Bu növün yoluxucu xəstəlikləri daşımaqda “çempion” olduqları, ağcaqanad əleyhinə dərmanlara daha çox dözdükləri də məlumdur. Bu növün yox olması, insanlar üçün daha gözəl olar... Bunu da alimlər deyir. Qayıdaq əsas sualımıza: “Ağcaqanadlar olmasaydı, nə olardı?” Videodan da gördüyünüz kimi, cavabımız iki istiqamətlidir: 1) balıqlarsız və şokoladsız bir dünya istəmirik, qoy yaşasınlar. 2) qanımızın sorulmasını və xəstəliyə yoluxmaq istəmirik, “kökləri kəsilsin”. Hansı cavabı seçəcəyimiz yenə hazırkı vəziyyətimizdən asılıdır.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz.