Azərbaycan, yoxsa Rus bölməsi? - Misir Mərdanov
Jurnalist Bahadur Seyidov və yazıçı Cəlil Cavanşir "Qara-Qırmızı" adlı yeni verilişini izləyicilərə təqdim edir. Verilişin budəfəki qonağı AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Azərbaycanın sabiq Təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov oldu. Verilişidə bir-çox təhsil problemlərinə işıq tutmağa çalışmışıq. Misir Mərdanov 1946-cı il oktyabrın 3-də Ermənistanın Göyərçin kəndində ziyalı ailəsində anadan olmuşdur. Yeddiillik təhsilini Salah kənd məktəbində, on illik təhsilini isə 1964-cü ilin martına qədər qonşu Polad kənd orta məktəbində almışdır. 1964-cü ilin martında Bakı şəhərinə gəlib eksternat qaydası ilə indiki Səbail rayon 49 nömrəli orta məktəbini bitirmişdir. Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsinə qəbul olunmuş, 1969-cu ildə həmin fakültəni fərqlənmə diploma ilə bitirmiş və təyinatla Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda əmək fəaliyyətinə başlamışdır. Həmin ilin noyabrında Azərbaycan Dövlət Universitetinə yəni aspiranturasına qəbul edilmişdir. 1973-cü ildən ADUnun Həndəsə kafedrasında assistant kimi fəaliyyətə başlamışdır. 1973-cü ilin mayında Mexanika-riyaziyyat fakültəsinin müdafiə şurasında "İnteqro-diferensial tənliklər sistemi üçün optimal idarəetmə nəzəriyyəsinin bəzi məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, 1973-cü il 28 sentyabr SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülmüş, 1973–1980-ci illərdə mexanika-riyaziyyat fakültəsinin Həndəsə kafedrasında assistent, baş müəllim kimi analitik həndəsə və diferensial həndəsə fənlərindən məşğələ dərsləri aparmış, mühazirə oxumuş və eyni zamanda Diferensial tənliklər kafedrasında ixtisas kursundan mühazirələr aparmışdır. 1978–1989-cu illərdə Mexanika-riyaziyyat fakültəsinin dekan müavini, 1980–1989-cu illərdə Diferensial tənliklər kafedrasının dosenti kimi "Optimal idarəetmənin riyazi üsulları və variasiya hesabının əsasları" fənnindən mühazirə oxumuş və ixtisas kursları aparmışdır. 1981-ci il 25 noyabr SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adını almışdır. 1989-cu iliyun ayının 6-da Ukrayna Elmlər Akademiyası Riyaziyyat İnstitutunun ixtisaslaşdırılmış Dissertasiya Şurasında "Gecikmələri və məhdudiyyətləri olan optimal proseslərin tədqiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib, 1989-cu il 3 noyabr SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya komissiyasının qərarı ilə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 1997–2001-ci illərdə Bakı Dövlət Universitetində Riyaziyyat üzrə ixtisaslaşdırılmış Dissertasiya Şurasının sədri olmuşdur. 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasına riyaziyyat üzrə müxbir üzv seçilmişdir. Həmçinin klassik variasiya məsələlərində güclü ekstremum üçün yeni zəruri (birinci və ikinci tərtib) və kafi şərtlər almışdır. Bu zəruri şərtləri mümkün funksiyaya yeni tip variasiya verərək, kafi şərtləri isə funksionalın invariant qalmasının yeni variantını tətbiq edərək isbat etmişdir. MisirMərdanov "Azərbaycan təhsil tarixi" fundamental dördcildliyin, "1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar" adlı fundamental çoxcildliyin, təhsillə bağlı 10 kitabın və 120 məqalənin müəllifidir. Misir Mərdanov riyaziyyata aid beş monoqrafiyanın, 150 məqalənin (onlardan 40-ı Clarivateanalyticsin siyahısında olan jurnallarda çap olunub), orta məktəblər üçün 20 dərslik və dərs vəsaitinin, ölkənin görkəmli şəxsiyyətləri ilə bağlı 64 məqalənin müəllifidir.