Sonsuzluq qadından asılıdır? Video/



 10:44 03.07.2025     829

Sonsuzluq – bir cütlüyün müntəzəm və qorunmasız cinsi əlaqəyə baxmayaraq, 1 il ərzində hamiləlik əldə edə bilməməsi halıdır.

Əgər qadının yaşı 35-dən yuxarıdırsa, bu müddət 6 ay hesab olunur. Sonsuzluq həm qadınla, həm də kişi ilə bağlı ola bilər. Araşdırmalara görə, sonsuzluq hallarında təxminən 40% səbəblər qadınla, 40% kişi ilə, 20%-ə yaxın hallarda isə həm kişi, həm də qadınla bağlı olur və ya ümumiyyətlə səbəb tapılmır.Qadınlarda sonsuzluğa səbəb kimi yumurtlamanın pozulması (məsələn, polikistik yumurtalıq sindromu), uşaqlıq borularının tıxanması, hormon çatışmazlıqları və ya endometrioz kimi xəstəliklər göstərilə bilər. Kişilərdə isə sperm sayının və hərəkətliliyinin azalması, varikosel, hormonal pozğunluqlar və bəzi genetik səbəblər ön plandadır.Sonsuzluğun səbəbini öyrənmək üçün qadınlarda hormon analizləri, ultrasəs müayinəsi, uşaqlıq və boruların rentgeni (HSG), kişilərdə isə əsasən spermoqramma müayinəsi aparılır. Lazım gələrsə, əlavə testlər də istənilə bilər. Müalicə səbəbdən asılı olaraq fərqli olur: bəzi hallarda sadəcə həyat tərzi dəyişiklikləri və dərmanlarla müalicə mümkündür, digər hallarda isə süni mayalanma (IUI) və ya boru mayalanması (IVF) kimi üsullara ehtiyac olur.Vacib olan odur ki, sonsuzluq yalnız qadına aid bir problem deyil. Bu, hər iki tərəfi eyni dərəcədə maraqlandıran bir məsələdir və düzgün yanaşma – hər iki tərəfin birgə müayinə və müalicə prosesində iştirakı ilə mümkündür. Gecikmədən mütəxəssisə müraciət etmək isə uğurlu nəticə əldə etmənin əsas şərtidir.

Ginekoloq Leyla Məmmədli mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Ginekoloq Leyla Məmmədli "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. 

Əzizzadə Məleykə / Demedia.az