Axmaq lotoreya qalibləri - ARAŞDIRMA
“Ağıl olanda pul, pul olanda da ağıl olmur”- deyirlər. Doğrusunu, yanlışını bilmirəm, amma həqiqətən, “ondakı pul məndə olsa, belə edərdim, elə edərdim”-dediyimiz zamanlar da çox olub. Ağılla pulun tərs mütənasib olduğu ən gözəl örnəklərdən biri lotoreyadır. Məhz lotoreya sayəsində böyük pulları havaya sovurmağın yollarını öyrənə bilərik... Yox, zarafat edirəm. İndi haqqında danışacağım adamları tanıyın, amma qətiyyən etdiklərini etməyə çalışmayın...
- Evelyn Adams. Lotoreyadan qazandığınız pulu hər şeyə xərcləmək olar. Amma qumar oynamaq... Bax, bu qəribədir. Evelyn Adams ərzaq mağazasında satıcı idi. O, lotoreyada iki dəfə- 1985 və 1986-cı ildə qalib gəlib. Ümumilikdə, uduşunun məbləği 5,4 milyon dolları keçirdi. Üstəlik, bu məbləği udmaq üçün o, hər həftə lotoreya biletlərinə 100 dollar xərcləmişdi. İlk uduşlu bilet əlinə 4 həftədən sonra gəlmişdi. Evelynin, sadəcə, bəxti gətirmişdi. Qərb ölkələrində lotoreya uduşu zamanı sizə iki seçim verilir: ya uduşun yarısını birdəfəlik götürmək, ya da məbləği illərə bölüb almaq. Evelyn uduşunu ildə 218 min dollar olmaqla götürməyə razılaşmışdı. Amma bu ağıllı qərara baxmayaraq, o, sonradan axmaqlığıyla məhşurlaşdı. Qohumlarına və dostlarına pul paylamağa başladı. Uğursuz sərmayələrdə böyük məbləğdə pullar itirdi. Bir gün də şansına güvənib Las-Vegasdakı kazinolara üz tutdu. Burda o, lotoreyada qazandıqlarını son qəpiyinədək uduzdu. Vegasda deyildiyi kimi, “kazino həmişə qalib gəlir”.
- Janet Li. Bu qadının həyatı 52 yaşında köklü şəkildə dəyişdi. 1993-cü ildə Janet lotoreyada 18 milyon dollar uddu. İşlədiyi parik mağazasından işdən çıxdı, Saint-Luis`də milyon dollarlıq ev alaraq ora köçdü. Ardınca xeyriyyə cəmiyyətlərinə pul paylamağa başladı. Özünü siyasətə atdı; siyasətçiləri, müxtəlif siyasi partiyaları dəstəklədiyini hər addımda büruzə verməyə çalışdı. Hətta, xeyriyyə ziyafətlərindən birində Bill Klintonla eyni stol arxasında oturdu. Əslən Cənubi Koreyadan olan Janet də uduşunu illərə böldürmüşdü. Hər il 620 min dollar alırdı. Amma... Hər il, ən azı, 1 milyon dollar xərcləyirdi. Pulu bitdikdə bahalı həyatdan əl çəkmək yerinə milyonlarla hesablanan kreditlər götürdü. İcarə ilə sürdüyü bahalı maşınların da borcu günbəgün yığılırdı. Bundan əlavə, Janetin bir xüsusiyyəti də zinət əşyalarına olan vurğunluq idi. Belə zəngin həyat tərzinə alışan Janet, nəhayət, 8 il sonra: 2001-ci ildə özünün bankrot olduğunu elan etdi. Həmin vaxt banklara 2,5 milyon dollar borcu vardı.
- Denis Rossi. (Denise Rossi). 1996-cı ildə Kaliforniya lotoreyasının qalibi oldu. Amma o, bu qalibiyyətini ərindən gizlətdi, pulu tək götürmək istədi. Elə bu gizli planın bir hissəsi kimi də boşanmaq üçün ərizə verdi. Boşanma prosesindəki səbirsizliyi və tələskənliyi Denis`i, necə deyərlər, tələyə saldı. Əri onun lotoreyada qalib olduğunu, məhz buna görə də boşanmaq istədiyini öyrəndi. Bu dəfə Denis`in əri iddiaçı kimi məhkəməyə çıxdı. O, arvadının pulları ondan gizlətdiyini, beləcə, onun bir ər kimi hüquqlarının pozulduğunu deyirdi. Məhkəmə zalında o da məlum oldu ki, pullar haqqında heç Denis`in vəkili də məlumatlı deyil. Hakim və jüri heyəti prosesi dərindən incələdikdən sonra maraqlı bir qərar verdilər: 1,3 milyon dolların hamısı Denis`in ərinə çatdı.
- Americo Lopes. 2009-cu ildə Nyu-Cersidə maraqlı hadisə baş verdi. Tikinti şirkətinin işçiləri Americo Lopesi lotoreya bileti almağa göndərirlər. Bir müddət sonra Lopes öyrənir ki, onun və iş yoldaşlarının şansı gətirib. Amma o, bu xəbəri iş yoldaşlarından gizlətməyə qərar verir. Uduşun məbləğini- 38,5 milyon dolları 5 yerə bölmək yerinə, tək özünə götürmək istəyir. Lotoreya şitkətinə biletin tək sahibinin özü olduğunu bəyan edir. Bunu öyrənən iş yoldaşları Americo`nu məhkəməyə verirlər. Nəticədə, məhkəmə qərar verir ki, Americo hər bir adama 2 milyon dollar ödəməlidir. Beləcə, vergiləri ödədikdən sonra Americo Lopesin əlində 14 milyon dollar qaldı.
- Bad Post. ( William “Bud” Post). 1998-ci ildə Bad Post üzüyünü 40 dollara girov qoyaraq lotoreya bileti alır. Bu, ən gözəl sərmayə olur. Post 16,2 milyon dollar udur. Amma onun həyatındakı bütün bədbəxtliklər bundan sonra başlayır. Bad`ın sevgilisi onu məhkəməyə verərək 5,4 milyon dolları alır. İddiası da belə olur: “Bileti mən alıb Bad`a vermişəm”. Bu da bəs etmirmiş kimi, Bad`ın qardaşı da pulları ələ keçirmək niyyətinə düşür. O, hətta, Bad`ı öldürmək üçün killer də tutur. Xoşbəxtlikdən, Bad sui-qəsddən son anda qurtulur. Ölümdən qurtulduğuna hədsiz sevinən Bad sərvətini sağa-sola xərcləməyə başlayır. Bahalı evlər, maşınlar, şəxsi təyyarə, yaxta... Amma bütün bunlar Bad`ın axırına sürətlə çıxmazdı, əgər o, öz axmaq vərdişindən əl çəksəydi. Hə, Bad`ın bir axmaq vərdişi vardı. O, qapısına gələnlərə qırma tüfəngi ilə atəş açırdı. Onlar da Bad`ı məhkəməyə verir, təzminat alırdılar. Bunun da üstünə altı arvada ödənilən alimenti gələndə Bad`ın necə sürətlə səfalətə sürükləndiyini anlamaq çətin deyil. Beləcə, Bad, qocalığında talonla yaşamağa başladı və hökumətə 1 milyon dollar borcu vardı.
- Aleks Toth. Onun həyatı “lotoreya faciəsi” adlanırdı. Lotoreyada 13 milyon dollar udduğunu biləndə, Aleks`in cəmi 25 dolları vardı. Və Aleks`in əvvəlki evliliklərindən olan 6 uşağı da onunla yaşayırdı. Lotoreyada udduqdan sonra Aleks və arvadı Rhoda Toth üç ay Las-Vegasda gecəsi min dollara olan oteldə yaşamaq qərarına gəlirlər. Onlar bahalı mağazalarda alış-veriş edirdilər, kazinoda pul uduzurdular, məhşur restoranlarda yeyirdilər, bütün mümkün olan şoulara gedirdilər. Sonunda, Vegasdakı həyat onları bezdirdi. Toth ailəsi Floridada böyük treyler-ev aldılar. Faciənin ilk şəkli burda başladı. Rhoda ögey oğlunu ailənin itini öldürməkdə və avtomobili yandırmaqda ittiham etdi. Ər-arvad uşaqları evdən qovdular və bahalı həyatlarına davam etdilər... Amma qısa müddət sonra onlar bankrot oldular. Bundan əlavə, onlar vergi fırıldağında da günahlandırıldılar. Sən demə, Toth`lar az məbləğ ödəmək üçün vergi sənədlərində kiçik düzəlişlər edirmişlər. Növbəti aylarda da Toth`ların çöküşü davam etdi. Aleks`i bir neçə dəfə narkotik satdığına və çekləri saxtalaşdırdığına görə həbs etdilər. Sonunda Toth`lar o qədər çətin vəziyyətə düşdülər ki, ittiham edərək evdən qovduqları oğullarının yanına köçməyə məcbur oldular. Taleyin ironiyası onda idi ki, Aleks öləndə cibində 25 dollar da yox idi.
- Amanda Kleyton. (Amanda Clayton. ) 2011-ci ildə lotoreyada 1 milyon dollar uddu. Digər qaliblərə baxanda elə də böyük məbləğ deyil. Amma əliuşaqlı, tək, dövlətdən yardımla dolanan ana üçün milyon dollar az pul deyildi. Di gəl, qanuna görə, 1 milyon dolları olan insanlar dövlətin yardımından istifadə edə bilməzlər. Amanda yardımdan imtina etməmək qərarına gəldi və hər ay dövlətdən 200 dollar almağa davam etdi. Bir gün onun bu əməli ifşa edildi. Jurnalistlər ondan soruşduqda ki, milyon dolların yanında 200 dollar nəyə lazımdır? O, cavab verdi: “Axı, mən hələ işsizəm, 200 dolları almağa haqqım var”. Amma, qonşular onun dövləti aldatmağına göz yummadılar və etirazlara davam etdilər. Sonda dövləti aldatdığına görə, Amanda həbs edildi. Lotoreyada 1 milyon dollar udduğunun bir ili tamam olanda Amanda artıq doza narkotikdən öldü.. Ağılsızlıq və hərislik birlikdə çox qorxuludur.
- David Li Edvards. Əgər lotoreyada qalib gəlmisinizsə, hamı öz şəxsi marağına xərcləyərdi. Amma David Li Edvardsın nümunəsində daha fərqli mənzərə var: orta əsrlər qılınclarına olan marağı onu məhv etdi. 2001-ci ildə Kentukki sakini, ömrünün üçdə birini türmədə keçirən David lotoreyada 27 milyon dollar uddu. İlk səhvi onda oldu ki, həmən pulun böyük hssəsini götürdü. Bu zaman uduş məbləği azalır, pulun xərclənmə sürəti isə artır. David tez iki ev aldı: birini 1,6 milyon dollara, birini 600 min dollara. Ardınca, “Lamborghini”lər, şəxsi təyyarə, şəxsi qolf meydançası, qolf üçün “Hammer” aldı. Milyonlar xərcləyərək yığdığı qədim silah nümunələrinin sayı isə 200-dən artıq idi. Narkotik aludəçiliyi də bir tərəfdən Davidi səfilliyə sürükləyirdi. Beləcə, uduşdan 5 il sonra David bankrot oldu və qarajda yaşamağa başladı. Öləndə isə gözəl həyat vəd etdiyi qızına bir qəpik də miras qoymadı...
- Martin Tod. 2000-ci ildə əslən ingilis olan Martin lotoreya bileti aldı. Amma hara qoyduğunu unutdu. Bir neçə ay sonra, təsadüfən, lotoreya verilişinə baxdıqda öyrənir ki, uduşlu biletin sahibi axtarılır. Martin zamanı heablayanda söhbətin onun biletindən getdiyini anlayır. Di gəl, nə qədər axtarsa da, biletini tapmır. O, bileti aldığı mağazanı da, saatı da, neçəyə aldığını da xatırlayırdı, amma bileti hara qoyduğunu bilmirdi. Əlacı kəsilən Martin lotoreya şirkəti ilə əlaqə yaratdı və onlara bileti itirdiyini söylədi. Şirkətdən isə 30 gün ərzində biletin itməyi ilə bağlı məlumat verilmədiyi üçün artıq heç bir kömək edilməyəcəyini bildirdilər. Əliboş qalan Martin məhkəməyə baş vurdu. Uzun illər davam edən məhkəmə çəkişmələri nəticəsində Martin ailəsini və əsəblərini itirdi.
- Maykl Keroll. (Michael Caroll). İngiltərəli 19 yaşlı Maykl zibildaşıyan işləyirdi. 2002-ci ildə bilet alır və 15,18 milyon dollar udur. Tezliklə, zibil maşınını bahalı maşınlarla əvəz edir. Özünə malikanə alır. Amma Mayklın bir pis vərdişi vardı. O, uşaqlıqdan hər şeyi dağıtmağa və kiməsə zərər verməyə çalışırdı. Hələ uşaqkən yoldan keçənlərə daş atırdı və digər axmaqlıqlar edirdi. Özünün dağıtma həvəsini təmin etmək üçün malikanəsinin həyətində meydança düzəldir və burada bahalı maşınları dağıdır. Axırda, malikanənin özünü də dağıdır. Üstəlik, bir gün ərzində 3000 dollarlıq narkotik qəbul edən Maykl tezliklə insanların şikayət obyektinə çevrildi. Hətta, yerli polisdə “Maykl Korell`in qonşuları” adlı qaynar xətt də yaradıldı. Dağıtmaq həvəsinin ucbatından qısa müddətdə kasıblayan Maykl yenidən zibildaşıyan maşına qayıdır...
- Endryu Cekson (Andrew Jackson Whittaker Jr.) Uittacker –Qərbi Virciniya sakini olan Endryu 2002-ci ildə 314,9 mln dollar uddu. Amma onun qəribə xasiyyəti vardı, üstündə iri məbləğdə pul hərləyirdi. Bu şakərini bilənlər bir gün onun maşında saxladığı 545 min dollarını oğurladılar. Ard-arda evindən, maşınından edilən oğurluqlar da onu bu şakərindən əl çəkməyə vadar etmədi. Pulunun əksər hissəsini də kazinoda uduzduqdan sonra Endryu müflisləşdi. Üstəlik, kazinoya 1,5 milyon dollar borclu qaldı. Dörd ilə bütün udduğunu əldən çıxaran Endryu hələ də kazinoya olan borcunu ödəməyib...
- Kalli Rocers. (Callie Rogers). 2003-cü ildə 16 yaşlı Kalli 3 milyon dollar udur. Və söz verir ki, bu pulu ağılla xərcləyəcək. Amma növbəti ilərdə o, 4 ev, bir neçə avtomobil alır. Dalbadal plastik əməliyyat keçirir. O, hətta, özünün bütün boyfriendlərinə də bahalı avtomobillər hədiyyə edirdi. Narkotikə qurşandıqdan sonra geri dönüşü olmayan yola çıxır. Bir gün başı ayılıb geri dönəndə isə, artıq heç nəyi qalmamışdı. O, dolanışıq üçün xadimə işləyir. Və deyir: “Mənə lazım olan hər şeyim var”.
Bahadur Seyidov