Brüssel Moskvanın bu şərti ilə razılaşmayacaq - İqtisadçı



 10:22 06.09.2022     780

"Rusiya "Şimal Axını 1" kəməri vasitəsi ilə Avropaya qaz nəqlini dayandırdı. Rəsmi Moskvanın qaz təchizatının bərpası üçün irəli sürdüyü şərt Qərbin sanksiyaları ləğv etməsidir. Rusiyaya qarşı 8-ci paket sanksiyaların müzakirə edildiyi bir zamanda Brüsselin Moskvanın bu şərti ilə razılaşacağı inandırıcı görsənmir. Bu isə o anlama gəlir ki, artıq Avropanın kiçik şəhərlərində deyil, eləcə də paytaxtlarında da soyuq qışa hazırlıq gedir".

Bu fikirləri Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib. 

İqtisadçı bildirib ki, Avropa İttifaqını gözləyən tutqun payız və buzlu qış fəsilləri qədim qitə üçün həm də iqtisadi təsirlər ilə müşahidə olunur:

"Avro tədavül tarixində dollar nisbətən ən ucuz məzənnə ilə təklif olunur. Avropa İttifaqında inflyasiya dərəcəsi avqust ayında 9.1 faizə yüksəlib. Bir ay öncə ittifaq ölkələrində orta qiymət artımları səviyyəsi 8.9 % idi. Ötən il isə bu rəqəm cəmi 2.2 % idi.

Bununla yanaşı, Avropa İttifaqında iqtisadi artım faizi də azalmaqdadır. 2022-ci il üçün 3.7 faiz artım proqnozlaşdırılan avro zonada ÜDM-in il ərzində 2.8 faiz böyüyəcəyi gözlənilir. Hətta bu göstəricinin də Avropa üçün “sonuncu dayanacaq” olmayacağını düşünənlər az deyil. İttifaq dövlətlərində illik orta iqtisadi artımın daha az olacağı gözlənilir.

Təbii ki, qlobal sanksiyalar artıq Rusiyanın makro-iqtisadi göstəricilərinə təsir göstərməkdədir. Şimal qonşumuzda bu ilin ikinci rübündə ÜDM 4.3 faiz azalıb. Rusiya Mərkəzi Bankının proqnozuna görə, üçüncü rübdə sanksiyalara məruz qalan iqtisadiyyat daha 7 faiz kiçiləcək. Bütövlükdə, 2022-ci ildə Rusiya iqtisadiyyatının 4-6 % intervalında azalacağı gözlənilir.

Göründüyü kimi, hər iki tərəf “va-bank” gedişlərə üstünlük verir. Bu qarşıdurmadan itirən dünya iqtisadiyyatındakı yeni və daha ağır iqtisadi böhran isə artıq qapıları döyür".

Xəyalə Məmmədova / Demedia.az