"Ermənistan hakimiyyəti iki böyük gücün arasında qalıb" - Politoloq
"Ermənistan hakimiyyəti iki böyük gücün – Rusiya və ABŞ arasında qalıb. Bunu Ermənistan rəsmilərinin səfər trayektoriyasından da müəyyənləşdirmək olar. Deməli, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Moskvaya gedib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarını hüzuruna çağırıb. Görünür, Lavrov Mirzoyandan liderlərin Brüssel görüşünün detallı hesabatını istəyəcək".
Demedia.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Ermənistanın müdafiə naziri Suren Papkiyan isə bugün əks istiqamətə - ABŞ-a gedib, ou da Pentaqona çağırıblar:
"Görünür amerikalılar da İrəvanın Rusiya ilə hərbi əməkdaşlığın səviyyəsini öyrənmək istəyirlər. Üstəgəl Qarabağ separatçılarının “xarici işlər naziri” David Babayanı da Konqresdə gözləyirlər. İki gün sonra isə baş nazir Nikol Paşinyan Kreml sahibi Vladimir Putinin hüzurunda olacaq. Paşinyan Putinlə birgə iqtisadi forumda iştirak edəcək.
Beləliklə, İrəvan həm Moskvaya, həm də onun qatı düşməni Vaşinqtona hesabat verir. Aydındır ki, Paşinyan və hökuməti Rusiyanın ağalığından imtina edə bilmirlər, asılıdırlar, ancaq Vaşinqtonun da şirnikləndirici təkliflərindən vaz keçmirlər. Vaşinqton Ermənistanın Rusiyadan tam imtina edə bilməyəcəyini anlayışla qarşılayır, Kremlin isə bu məsələdə mövqeyi qətidir: “Mənim yanımda olmalısan”.
Xəyalə Məmmədova / Demedia.az