Vardanyanın əsl məqsədi Ermənistanın lideri olmaqdır - Politoloq



 13:02 06.09.2022     643

“Rusiyadan Xankəndiyə köçən Ruben Vardanyanın əsl məqsədi Ermənistanın lideri olmaqdır”.

Demedia.az xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Ekspert Ermənistan Baş naziri Nikol Paşinyanın Vardanyanla hakimiyyət uğrunda mübarizə aparmalı olacağını iddia edib: “Vardanyan adlı erməni əsilli rusiyalı milyarderin Xankəndiyə gəlməsi və Rusiya vətəndaşlığından imtina etməsi son günlərin müzakirə edilən mövzularındandır.

Sentyabrın 1-dən Ermənistan mediasının monitorinqi onu göstərir ki, hazırda həm hökumət, həm müxalifət, həm də Arutyunyan onun gəlişi və verdiyi bəyanatları şərh etmir. Ermənistanın iqtidar və müxalifət mediası da məsələni geniş şəkildə işıqlandırmayaraq Vardanyanın gəlişinin əsas məqsədini başa üşmək istəyir.

Bəs Vardanyan niyə birbaşa Ermənistana deyil, Xankəndiyə gəlib?

O, yaxşı başa düşür ki, Ermənistanın baş naziri olmaq üçün birbaşa İrəvana gəlsəydi, bu, cəmiyyətin nəzərində reklam kimi görünəcəkdi. İndiki halda isə söhbət “milyarder Vardanyanın işini-gücünü ataraq Xankəndiyə köçməsi” xalq arasında ən yaxşı piardır. Qarabağla bağlılığı olmayan, İrəvanda doğulub orada orta məktəbə gedən, dəfələrlə Türkiyəyə səfər edən Vardanyanın özünü “vətənpərvər” kimi piar etməsinin əsl səbəbi hakimiyyətlə bağlı hədəfidir.

Hesab edirəm ki, Ruben Vardanyanın əsl məqsədi Ermənistanın lideri olmaqdır. Maraqlı nüans ortaya çıxır. Vaxtilə qərbpərəst Saakaşvili də oxşar ssenari ilə gürcü əsilli rusiyalı milyarder İvanişvili tərəfindən hakimiyyətdən uzaqlaşdırılmışdı. Bu dəfə isə qonşu Ermənistanda Saakaşvilidən az qərbpərəst olmayan, rusofob Paşinyan gözlənilmədən xaricdən gələn milyarder Vardanyanla hakimiyyət uğrunda mübarizə aparmalı olacaq”.

Zaur Məmmədov bildirib ki, Paşinyan ailəsi tərəfindən idarə olunun informasiya resursları Vardanyanın gəlişinə ümumilikdə susmaqla, cəmi iki dəfə tənqidlə cavab veriblər:

“Bəs revanşistlərin Vardanyanla hansı əlaqəsi var? İşxan Saqatelyan və digər nisbətən gəncləri çıxmaqla, qocaman siyasətbazların Rubenlə uzunmüddətli biznes əlaqələri olub. Köçəryan indiki halda yaxşı başa düşür ki, Ermənistanda Paşinyanı seçki yolu ilə kürsüdən endirəcək lider yoxdur. Baxmayaraq ki, Köçəryanın ətrafındakı media da Vardanyanla bağlı ironiyalı yazılar dərc edirlər

Digər yandan, Vardanyanın Ermənistana gəlməsinin Ukraynadakı müharibə ilə minimum əlaqəsi var. Hələ 2021-ci ilin yayında Vardanyan Ermənistana gələrək siyasətlə məşğul olmaq istədiyini bəyan etmişdi.

Xatırladım ki, son 5 ildə İtaliya, İspaniya, Almaniya tərəfindən Vardanyanın kompaniyalarına qarşı yoxlanmalara başlanılıb. Hətta 2019-cu ildə Avropa Parlamentinin 22 deputatı açıq məktubla Avropa Komissiyasının o vaxtkı rəhbərinə müraciət də etmişdilər. Onun şirkəti 80 dən artıq şirkətin milyardlarla dollarının ofşorlara transfer edilməsində, “çirkli pullar”ın yuyulmasında günahlandırılır”.

Xəyalə Məmmədova / Demedia.az