Təcili yardım maşınlarına hansı ölkədə necə reaksiya verirlər? - ARAŞDIRMA
Heç kimə sirr deyil ki, həkim peşəsi dünyanın ən mürəkkəb, vacib və ehtiyac duyulan peşələrindən biridir. İkinci yaşını qeyd etməyə hazırlaşan pandemiya dövründə bir daha şahidi olduq ki, tibb işçilərinin əməyi danılmazdır. Onların bir hissəsi xəstəxana divarları daxilində bizim sağlamlığımızın keşiyində durur. Bir qismi isə böyük şəhərlərin küçələriylə köməyimizə çatmağa tələsirlər. Bu tələskənlikdə onlar həm də yoldakı tıxaclar, yol hərəkətindəki çətinliklərlə mübarizə aparmalıdırlar. Bəs insanlar tələsən ambulans görəndə necə reaksiya verirlər?
1. ABŞ. 2004-cü ilin məlumatına görə, ABŞ-da hər 1000 nəfərə 747 avtomobil düşür. Ölkənin böyüklüyünü nəzərə aldıqda, elə də dəhşətli mənzərə deyil. Amma avtomobil çoxluğu iri şəhərlərdə ciddi problem yaradır. Bu problemdən ambulanslara da pay düşür desək, yanılmarıq. Baxın, ambulans sirenası səslənir, polis yol açmağa çalışır, amma piyadalar azca ləngiyib onu buraxmaq istəmirlər. Yaxud, heç bir sürücü Nyu-York küçəsində tələsən ambulansa yol vermək istəmir. Yalnız bir yerdə avtomobillər kənara çəkilərək yol verirlər. Bu da nümunəvi bir sürücünün öndə göstərdiyi performansdır. Bizə ümid etmək qalır ki, bu ambulansların hər biri vaxtında xəstəni xəstəxanaya çatdıra bildilər...
2. Yaponiya. Deyirlər ki, yaponlar nəzakətə böyük önəm verirlər. Bunu şəxsən görməmişəm, Yaponiyada olmamışam. Amma videoya baxanda bu sözün doğruluğunu görmək olur. Çox dar yolda belə sürücülər maksimum dərəcədə ambulansa yol açırlar.
3. Hindistan. Digər sıx məhşurlaşan ölkələr kimi Hindistanda da yol tıxacları böyük problemlərdəndir. Təəssüf ki, hələ də hökumət bununla mübarizə yolunu tapa bilmir. Bu sıxlıqdan, nəinki, sürücülər, xəstələrin yardımına tələsən həkimlər də əziyyət çəkirlər. Əlacsız qalan ambulans piyada səkisi ilə də olsa xəstəxanaya, yaxud xəstənin yanına çatmağa çalışır.
4. Fransa. Fransada tıxacda ilişib qalan avtomobillərin problemi çox sadə və effektiv yolla həll edilir. Demirəm ki, fransızlar ambulansa yol verməzlər. Amma onlar işi şansa buraxmırlar, gördüyünüz kimi, ambulansları polis motosikletləri müşaiyət edir. Bu üsul sürücülərə daha effektiv təsir edir.
5. Polşa. Bu video Polşada çəkilib. Burada da ambulans sürücüləri tıxacdan əziyyət çəkirlər. Sadəcə, hərdən ambulansın qarşısını balaca maşın yox, böyük və içi sərnişin dolu tramvay kəsəndə vəziyyət daha da bərbad olur...
6. Rusiya. Nə vaxt söz Rusiyadan düşsə, insanların ağlına nəsə ağlasığmaz, ya da çox pis avtomobil qəzası gəlir. Bu videoda Sankt-Peterburq şəhərinin sürücüləri ambulansa yol verməyə çalışırlar. Hərçənd, internetdə tez-tez yol üstündə ambulans sürücülərini döyən ruslarla bağlı videolar da görürük...
7. Çin. Yaponiyadan fərqli olaraq, Çində niyəsə təcili yardıma yol verməyə heç kim tələsmir. Səbəbini nədə axtarmaq lazımdır bilmirəm, amma ehtimal edirəm ki, səbəb sürücülərin kənara çəkilmək üçün zolaq tapmamağıdır....
8. Kanada. Əgər siz nə zamansa yollarda niyə bu qədər yolkənarı zolaq salındığını düşünürsünüzsə, bu da sualın cavabı. Məsələn, yol kənarındakı zolaq sayəsində ikizolaqlı yol üçzolaqlıya dönür, ambulansın rahat hərəkətinə imkan yaradılır. Və heç kim şikayət etmir ki, ambulans onları yolunu dəyişməyə vadar etdi.
9. Avstraliya. Burada vəziyyət fərqlidir. Sirenasının səsi uzaqdan eşidilsə də, ambulans adi nəqliyyat vasitəsi kimi hərəkət etmək məcburiyyətində qalır.
10. Birləşmiş Ərəb Əmirliyi (BƏƏ). Bu tək zolaqlı yolda ambulansa necə yol vermək olar? Sürücü maksimal dərəcədə kənara çıxmağa, ambulansa yol verməyə çalışsa belə, bu, mümkün deyil. Məncə, bu manevrləri etməkçün anbulansa adi sürücü yox, “Formula-1”də təcrübə qazanan sürücülər lazımdır.
11. Almaniya. Ambulansa ən ideal münasibəti Almaniyada görə bilərik. Sirenanın səsi gələn kimi avtomobillər yol kənarına çəkilərək ambulansa xüsusi dəhliz yaradırlar. Bir də qeyd edirəm ki, sirena səsi eşidən kimi sürücülər belə edir. Heç gözləmirlər ki, ambulans onların maşınlarına yaxınlaşsın... Ona görə də yollardakı vəziyyətdən asılı olmayaraq, ambulanslar bir neçə dəqiqə ərzində xəstəni xəstəxanaya çatdıra bilirlər.
Bahadur Seyidov / Demedia.az