Sağlam təbəssümün 10 sirri - ARAŞDIRMA / VIDEO
Əgər sizə desəm ki, dişlərdəki deşilmənin və çürümənin qarşısını almaq üçün ev şəraitində tətbiq edə biləcəyiniz təbii və qənaətcil üsullar var, əminəm, təəccüblənərsiniz... Kokos şirəsindən tutmuş, diş fırçasının seçilməyinə qədər indi sadalayacağım üsullar sizi həm heyrətləndirəcək, həm də gülümsədəcək...
Demedia.az sağlam təbəssümün üçün 10 qızıl qaydanı təqdim edir:
1. Qidalanma vərdişlərinizi dəyişin. Bu vərdişlərin dəyişilməsi və düzgün qidalanma bütün orqanizmdə möcüzələr yaradır. Əgər hədəfiniz sağlam gülüşdürsə, diqqətli olun. Britaniyada nəşr olunan tibb jurnallarının birində uzunmüddətli araşdırmaların nəticələri dərc edilib. Məqalədə deyilir ki, kariesin əmələ gəlməsi düzgün qidalanmadan və qidaların seçilməsindən asılıdır. Birinci növbədə, kalsiumla zəngin qidalar qəbul etməliyik. Sirr deyil ki, kalsium diş və sümüklər üçün əsas “tikinti materialı”dır. Kalsiumla zəngin qidalar sırasına ağartı məhsulları- süd, pendir, qatıq, qaymaq, şor daxildir. Müasir dövrdə bu məhsullardan birini alarkən gərək onun təbii olmasına da diqqət edək. Süni qidalar, yaxud geni dəyişdirilmiş məhsullar bizə lazımi qədər vitamin və mineral vermir. Üstəlik, geni dəyişdirilmiş məhsulların tərkibində bolluca fetin turşusu var ki, bu da kalsiumun həzm zamanı orqanizm tərəfindən mənimsənilməsinə mane olur. Qida vərdişlərindən danışarkən şirin içkiləri də nəzərdən qaçırmayaq. Əgər şəkərli içəcəklər qəbul etmək vərdişiniz varsa, fincanınızı daim südlü içkilərlə dolu saxlayın... Beləcə, əlinizi atanda yalnız südlü içəcəklər içəcəksiniz, dişlərinizi korlayan şirin içkilər yox...
2. Şəkərsiz saqqız çeynəyin. Üzərinizdə saqqız qutusu olmayanda özünüzü narahat hiss edirsiniz? Bu, tanış duyğudur. Bəli, bir çoxlarının inandığı kimi, saqqız dişdə karies əmələ gəlməsinin qarşısını ala bilər. Amma bir şərtlə. O, şəkərsiz olmalıdır. Şəkərsiz saqqızların tərkibində təbii dadlandırıcı olan ksilitol (xylitol) var. Bu maddə ağız boşluğunda bakteriyaların artmasına səbəb olmur. Bundan əlavə, saqqız çeynərkən ağzınız ağız şirəsi ilə dolur ki, bunun da nəticəsində dişlərinizdə qalan yemək artıqları təbii yolla yuyulur.
3. Diş fırçanıza qulluq edin. Həmişə balaca, yaxud orta ölçülü diş fırçası seçin və fırçanın tellərinin diş köklərinə çatmasına diqqət yetirin. Uzun tellər dişlərin köklərinə yaxın yerdə qalan yemək qalıqlarını da təmizləyir. Bundan əlavə, diş fırçalarınız üçün dəbli qapaqlardan istifadə etməyə çalışmayın. Belə qapaqlar bakteriyaların inkişafı üçün ideal yerdir. İşə baxın, indiyədək, mən də elə bilirdim ki, qapaqlar gigiyenikdir... Bir də, hər dəfə dişinizi yuduqdan sonra diş fırçanızı suyla yaxalayın və açıq havada qoyun ki, qurusun. Əgər evinizdə tualet və hamam eynidirsə, diş fırçanızı orda qoymayın. Hər dəfə siz tualetə su buraxanda mikroskopik bakteriyalar otaq boyu yayılır və uçub sizin fırçanıza qona bilərlər. Ooo... dəhşət... Yaxşı olardı ki, diş fırçalarınızı yataq otağınızda saxlayasınız... Diş fırçanızı, ən azı, 3-4 aydan bir dəyişin.
4. Dişinizə qulluq edin. Beynəlxalq Stomatoloqlar Assosiasiyasının məlumatına görə, yetkinlik yaşına çatanların 42%-i ağzını təmizləmək üçün yalnız diş fırçası istifadə edir. Amma ağız boşluğunu təmizləmək üçün təkcə diş fırçası yetərli deyil. Əgər siz dişinizin erkən məhvinin qarşısını almaq istəyirsinizsə, səhər yuxudan oyanarkən və axşam yatmazdan qabaq 3 pilləli qulluq mərhələsini keçin. Bilirəm, uzun günün sonunda yorulursunuz, yatmaq istəyirsiniz, ancaq bu, bəraət qazanmaq üçün səbəb deyil... Gündə, ən azı, iki dəfə, özü də 2 dəqiqədən artıq müddətdə dişinizi fırçalayın. Dişlərinizin bütün daxili və xarici səthlərində fırçanızı gəzdirin. Xüsusən də, diş aralarına və boşluqlara fikir verin. Əvvəlcə yuxarı dişlərinizi, sonra da aşağı dişlərinizi fırçalayın. Dilinizi təmizləməyi də unutmayın. Onun üzərində çoxlu bakteriya olur ki, bu da ağız qoxusunun əsas yaranma səbəbkarıdır. Ağız boşluğunun tam təmizliyi üçün fırça təkbaşına yetərli deyil; fərq etmir, fırçanız müasir olsun, özü hərəkət etsin, lap mahnı oxusun, yaxud rəqs etsin... Diş aralarındakı yemək qalıqlarının təmizlənməsi üçün diş ipindən istifadə mütləqdir. Sonda isə ağız yaxalayıcısı ilə ağzınızı yaxalayın. İstənilən ağız yaxalayıcısı antibakterialdır və ağzınızın ən gizli yerlərində olan bakteriyaları qəşəngcənə silib-süpürür...
5. Mütəmadi şəkildə stomatoloq yanına gedin. Bilirəm, çoxlarınız stomatoloqun adını eşidəndə belə dəhşətə düşürsünüz. Amma cəsarətinizi toplamaq vaxtıdır. Bəli, mütəmadi təmizlik üçün stomatoloqun kabinetində özünüzə vaxt almalısınız... Xoşunuza gəlməsə də, bu gedişlər sizi gələcək ağrı və narahatlıqlardan xilas edəcək. Siz nə qədər təmizləsəniz də, dişlərinizin arasında, damaqla diş arasındakı gözəgörünməz boşluqda mütləq qida artıqları qalır. Bu qalıqları yalnız stomatoloqun professional əlləri təmizləyə bilir. Üstəlik, stomatoloq dişlərin üzərinə yığılan ərpləri və diş daşlarını da təmizləyir.
6. Rasionunuza vitaminlər əlavə edin. Az əvvəl dediyim kimi, ağız şirəsi təbii ağız yaxalayıcısıdır. Ağız şirəsinin daha çox olması üçün də orqanizmin vitaminlərə ehtiyacı var. Ona görə də rasionunuza vitamin deposu sayılan meyvə və tərəvəzlər, taxıl məhsulları əlavə edin. Alma, banan, Brüssel kələmi, paxlalılar ağız şirəsi üçün lazım olan vitamin siyahısının başında gəlir. B vitamini və dəmirlə zəngin olan taxıl məhsulları və maqneziumla zəngin qoz isə kalsiumun orqanizm tərəfindən mənimsənilməsinə kömək edir. Beləcə, dişlər möhkəmlənir. D vitamini üçün də dəniz məhsulları yeməyə üstünlük verin.
7. Sarımsaqlı diş məcunu hazırlayın. Sirr deyil ki, sarımsaq antibakterial və antibiotik xüsusiyyəti ilə məhşurdur. Bəs niyə sarımsaqlı diş məcunundan istifadə etmirik?! Mağazalarda və apteklərdə tapmırsınızsa, evdə hazırlayın. Sarımsaqlı diş məcunu doğru şəkildə istifadə ediləndə damaqlardakı yaraların və ağrıların azalmasına kömək edir. Beləliklə, 3-4 diş sarımsaq götürün. Qəşəng əzin və ¼ çay qaşığı duz əlavə edib qarışdırın. 10 dəqiqə sonra qarışımdan götürüb ağrıyan dişin, yaxud damağın üstünə qoyun. Təxminən, 10-15 dəqiqə gözləyin, sonra ağzınızı yaxalayıcı ilə yaxalayın. Gündə iki dəfə təkrarlanan prosedurun nəticələrini qısa zamanda görəcəksiniz: dişlərdəki karies azalacaq, damaqlardakı şişkinlik və qızartı yoxa çıxacaq... Bundan əlavə, sarımsaq yağıyla ağızı yaxalamaq, lap elə, bolluca sarımsaq yemək də ağız boşluğunun sağlamlığına yaxşı təsir edir.
8. Kokos yağından istifadə edin. Dişlərinizi təbii yolla kariesdən qorumaq üçün kokos yağından istifadə edin. Bu yağ mikrobları özünə cəlb edir. Ona görə də dişlərinizi qoruyur. Prosesə Uzaq Şərqdə “kokos magiyası” deyilir. 1 xörək qaşığı kokos yağını ağzınıza alın, 20 dəq gözləyin. Bu, o qədər sadə və effektiv üsuldur ki, gündəlik diş fırçası və diş ipi ilə dişlərinizi təmizlədikdən sonra edə bilərsiniz.
9. Duzlu sudan istifadə edin. Bəli, bu “hiyləgər üsul” təkcə dəniz sahilində yaşayanlar üçün deyil. Siz də özünüzün duzlu suyunuzu hazırlaya bilərsiniz. Onun antibakterial, antiseptik və soyuqdəymə əleyhinə olan xüsusiyyətləri ağzınızdakı bütün ağrıları azaldacaq, infeksiyaların qarşısını alacaq. Yarım çay qaşığı duz götürün, 1 stəkan ilıq suya qatın, 2 dəqiqə müddətində ağzınızı yaxalayın. Hər 3-4 saatdan bir təkrarlanan prosesin nəticəsi, uzağı, bir həftəyə özünü göstərəcək-dişlərinizdəki karies azalacaq...
10. Özünüzə diş məcunu yaradın. Əmin olacaqsınız ki, öz məcununuz tam təbiidir və orqanizmə zərərli deyil. Mağazalarda tapa biləcəyiniz bir neçə məmulatla yaradacığınız təbii məcunun istifadə müddəti qısa olsa da, sağlamlığınıza xidmət edəcək. 4 xörək qaşığı kalsium tozu, 1 çay qaşığı stevia tozu, 1 çay qaşığı dəniz duzu, 2 çay qaşığı yemək sodası, qaşığın ¼-i qədər kokos yağı götürün, bunları qarışdırın. Alınan qarışım təbii diş məcunudur. Unutmayın, bu diş məcununu 30 gündən artıq istifadə etmək olmaz. Çünki, tərkibində futor yoxdur və tərkibindəki hissəciklər iridir.
Günə gözəl təbəssümlə başlamaq heç vaxt gec deyil. Hər gün özüylə yeni arzular, yeni qayğılar gətirir. Və hər yeni gün ərzində sağlamlığınız naminə atılan yeni bir addıma da yer var.
Bahadur Seyidov / Demedia.az