Cənubi Qafqazda yeni eskalasiya anonsu: Paşinyanın istəyi... - Politoloq



 11:48 08.09.2022     624

"Paşinyan Şərq İqtisadi Forumunda çıxışında Cənubi Qafqazda yeni eskalasiyanın anonsunu verdi. İddia edir ki, “dünyanın diqqəti Ukrayna müharibəsində olduğu və Rusiyanın bura fokuslandığı vaxt regionumuzda sabitlik pozula bilər”, ardınca 44 günlük müharibəni “Azərbaycanın dünyanın diqqəti pandemiyaya yönəlməsindən istifadəsi” kimi qələmə verib. Bölgədəki hazırki vəziyyəti “2020-ci ildəki vəziyyətlə” eyniləşdirib".

Demedia.az xəbər verir ki, bunu politoloq Asif Nərimanlı deyib.

O bildirib ki, Nikol bununla diqqəti yeni toqquşmaların ola biləcəyinə yönəldir və ilk baxışdan belə görünür ki, Rusiyanı “Azərbaycanın qarşısını almağa” çağırır:

"Hərçənd, mövcud danışıqlar fonunda yeni eskalasiya razılaşmaların uzanması, masadakı gündəliyin müəyyən qədər də olsa arxa plana keçməsi üçün İrəvana daha çox sərf edir. Bu baxımdan, erməni baş nazirin “eskalasiya xəbərdarlığı” daha çox alibi qazanmaq məqsədi kimi görünür: Ermənistan sərhəd boyunca təxribatları artan xətt üzrə inkişaf etdirə və mümkün eskalasiyada “Azərbaycan diqqətin Ukraynaya yönəlməsindən istifadə edir” gündəmini yarada bilər;

Paşinyanın kommunikasiya xətlərinin açılması məsələsində “ölkələrin suverenliyi” prinsipini təkrarlaması, bununla Zəngəzur dəhlizinin “yol məntiqi” ilə icrası mövqeyini yenidən dilə gətirməsi də bu kontekstdə diqqət çəkir. İrəvan anlayır ki, razılaşmaların icrasının uzanması, xüsusilə rusların marağında olan kommunikasiyanın açılmaması məsələlərin “hərbi yolla həllini” aktuallaşdıracaq, lakin Bakının prosesi yetişdirmədən mümkün hərbi varianta getməyəcəyi, “qazana bilməyəcəyi döyüşə girməyəcəyi” bəllidir. İndi – masada danışıqların getdiyi vaxt eskalasiyanın baş verməsi isə Ermənistana sərf edə bilər".

Xəyalə Məmmədova / Demedia.az