"Nazirliyin yanındakı şura "Rəfiqələr kafesi"ni xatırladır" - Ekspertdən sərt sözlər
“Cəmiyyət təhsil ilə dəyişir. Amma görünən odur ki, bizdə təhsilin vəzifə hissəsində olanlar cəmiyyətin dəyişməsindən daha çox özlərinin maddi imkanının müsbət dəyişməsi ilə yadda qalır. Bilmirəm bilirsiniz, ya yox, Elm və Təhsil Nazirliyi yanında İctimai Şura var. Əslində var, və ya yox, bu sualdır”.
Demedia.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib.
Ekspert qeyd edib ki, bu şuraya çox maraqlı təyinatlar olmuşdu:
“Bəli, məhz təyinatlar, seçkiləri "Parin İz Baku" keven tamaşası kimi idi. Bu ayrı bir mövzu. Çünki mən, türklər demiş, bu "fokus"dan sonra şapka çıxarıb şou xarakterli fəaliyyətlərinə görə təşəkkür etmişdim. Deyim ki, şura 9 üzvdən ibarətdir. Yeni heyyətin təyin olunmasından 11 aya yaxın vaxt keçib. Bu müddətdə təhsil nəsə qazanmasa da, yaxşı qrant layihələri, yaxşı tapşırıqlardan pul qazananlar olub. Məsələ burasındadır ki, uzun müddətdir ki, bu şuranın 9 üzvündən 4-ü daimi olaraq iclaslara dəvət edilmir, ümumiyyətlə iclaslarda iştirak etmir. 9 üzvdən 4-nün iştirak etmədiyi şura necə legitim hesab edilə bilər? İndi şura vaxtı ilə "Elmlər"də bir kafe var idi, "Rəfiqələr kafesi", onu xatırladır. Yəni özləri yığışıb özləri müzakirə edib, qərarlar alırlar.
Bir üzv - katib də Təhsil Nazirliyinə tabe məktəbdə çalışdığı üçün maraqlar toqquşmasının predmetidir. Görünən odur ki, Təhsil nazirliyi yanında İctimai Şurada hal-hazırda sağlam mühit yoxdur. Təhsil sistemində baş verən hadisələrə biganə qalırlar, yalnız ümumi yazırlar yazırlar. Daha çox təhsil nazirliyini müdafiə edən mövqeyi nümayiş etdirirlər. Ölkə başçısının ictimai şuralardan, ictimai iştirakçılıqdan gözlədiyi heç bir gözlənti Təhsil Nazirliyi yanında İctimai Şura tərəfindən həyata keçirilmir. Düşünürəm ki, bu qədər bəsit, yalnız öz maraqlarına xidmət edən ictimai şura vaxtından əvvəl buraxılmalıdır”.
Xəyalə Məmmədova / Demedia.az