Neftin qiyməti necə dəyişəcək? - Ekspertdən mühüm açıqlama



 14:38 08.09.2022     591

"Dünya bazarlarında enerji daşıyıcılarının qiymətləriylə bağlı qeyri-müəyyənlik davam edir. Söhbət, volatillikdən, yəni aşağı və yuxarı doğru oynamalardan gedir".

Demedia.az xəbər verir ki, bunu İqtisadçı Pərviz Heydərov deyib.

O bildirib ki, bu gün neftin dünya bazar qiymətləri 100 ABŞ dollarından aşağıdır. Əslində, qiymətlər yenə bahadır:

"Belə ki, 1 barelin 90 dollardan yuxarı təklifi ucuz deyil. Lakin heç bir təminat yoxdur ki, qiymət birdən-birə bundan da baha olmasın, başqa sözlə desəm, əvvəl olduğu kimi 100 dolları keçməsin və yaxud da ki, sabah 80 dollardan da aşağı düşməsin. Yəni, enerji bazarında risk səviyyəsi yenə yüksəkdir və hətta birmənalı oaraq qeyd edə bilərəm ki, hələ indiyədək heç bir vaxt olmadığı qədər yüksəkdir.

Qiymətlərin 100 dollardan aşağı düşməsinin səbəbi aydındır: dünya iqtisadiyyatında proseslər müsbət istiqamətdə inkişaf etmir, artım getdikcə daha az səviyyədə proqnozlaşdırılır və sair. Bu da iqtisadi əlaqələrin zəifləməsi, enerjidaşıyıcıları üzrə alış-verişin dalana dirənməsi, inflyasiya və bahaçılıqla əlaqədardır. Səbəb də, aydın məsələdir: Rusiya-Ukrayna müharibəsi.

Lakin qiymətlərin daha çox ucuzlaşacağı hələ ki gözlənilmir. Hətta ehtimal var ki, bu, gələn il də baş verməyəcək. Belə ki, OPEC+ ölkələrinin təşkilatı üzrə texniki komitə 2023-cü ildə defisit də yarana biləcəyini də açıqlayıb. Növbəti ildə bazarlarda guya ki, sutkada 300 min barel neft çatışmazlığı ortaya çıxacaq.

Sual yaranır ki, bəs, sözügedən quruma aid ölkələr hasilatı getdikcə artırmaqla məşğul deyillərmi ?! Bəli... Lakin məsələ bundadır ki, bəzi texnoloji baryerlər bütün imkanlardan istifadəyə imkan yaratmır və bu üzdən, OPEC+ ölkələri hasilat sahəsində hələ heç pandemiyaya qədərki vəziyyəti belə bərpa edə bilməyiblər.

Halbuki, dünyada ümumi neft hasilatının 2/3 hissəsinin yükünü daşıyan, yəni yarıdan çoxunu çıxaran adı çəkilən qurum hər ay sutkada 400 min barel artım həyata keçirir. Xatırladım ki, pandemiya ilə əlaqədar tələbin kəskin aşağı düşməsi nəticəsində 2020-ci ilin mayında sukada 9,7 milyon barel, təxminən 10 % azaldılmaya gedilmişdi, yəni bu haqda ortaq qərar qəbul edilmişdi.

Cari ilin bu ayının sonuna OPEC+ ölkələri üzrə hasilata qoyulan bütün məhdudiyyətlər aradan götürüləcək. Yəni, qurum məhz bu niyyətdədir. Ancaq bununla belə, yenə də qiymət barədə konkret proqnoz irəli sürmək mümkün deyil".

Xəyalə Məmmədova / Demedia.az