Ayaqlarımız niyə üşüyür? - Araşdırma



 20:44 08.09.2022     1633

Hər bir insanın orqanizmi soyuğa fərqli reaksiya verir. Bəzi insanlar başqaları ilə müqayisədə daha çox üşüyür. Bu  hal soyuq intoleransı ifadəsi ilə izah edilir. Bəzi insanların, sözün həqiqi mənasında, ayaqları buz kimidir. Soyuq bir mühitə düşdükdə qan damarları ayaqlarda daralır. Beləcə, bu nahiyələrə lazım olan qədər qan çatmır. Ayaq üşümələri, əksər hallarda, keçici və zərərsizdir. Amma bəzən daha ciddi xəstəliklərin ilkin əlaməti sayıla bilər.

            Qadınlarda ayaq üşüməsi kişilərə nisbətən daha çox baş verir. Bunun səbəblərindən biri odur ki, qadınlarda istirahət zamanı metabolizma səviyyəsi aşağı düşür. Təbii olaraq, qadınlar kişilər qədər enerjili deyil. Bundan əlavə, qadınların soyuğa qarşı toleransı kişilərə baxanda, çox zəifdir.

            Bəzi insanlar heç bir xüsusi səbəb olmadan əl və ayaqlarında üşümə hiss edə bilər. Amma ayaq üşüməsi mütəmadi olursa və bu sizi narahat edirsə, hətta barmaqlarınızın rəngi dəyişirsə, demək, ciddi bir səbəb var.

            Ayaqlarınız sanki, buz bağlanmış kimi, daim üşüyürsə, uyuşma və gicişmə baş verirsə, bu, sağlamlığınızdakı hər hansı problemin işarəti sayıla bilər.

            Əl və ayaqlarınızda gücsüzlük və ağrı, soyuğa qarşı həssaslıq, ayaqlarınızın rənginin dəyişməsi, dırnaqların deformasiyası, ləng sağalan yaralar, ayaqlarınızda keyimə, həmişə üşüyən ayaqlar... Bunlardan hansısa biri sizdə varsa, mütləq həkimə müraciət edin.

            Bəs, ayaq üşüməsinin səbəbləri nədir?

-dəmir çatışmazlığı.

-metabolizmanın sürətli olmaması.

-tiroid vəzinin düzgün işləməməsi.

-beyindəki hər hansı xəsarət.

            Ayaq üşüməsinə faydalı olan nədir?

  1. Yaşıl çay. Yaşıl çay qanda şəkəri nizamlayır, beləcə, ayaqların üşüməsi azalır. Orqanizmin temperaturunu nizama salmaq üçün gün ərzində, ən azı, 2 stəkan yaşıl çay içmək məsləhətdir. Dadı xoşunuza gəlməsə, çaya bal da əlavə edə bilərsiniz.
  2. Epsom duzu. Tərkibindəki maqneizum-sulfat sayəsində, xaricdən orqanizmin temperaturunu artırır.  Ayaqlarında üşümə olanlar bir vedrəyə isti su töksünlər. 2 xörək qaşığı epsom duzunu suya əlavə etsinlər. Yarım saat ərzində ayaqlarını bu suyun içində masaj etsinlər.
  3. Sarımsaq. Qida rasionunda sarımsağa bol yer ayırın ki, ayaqlarınızdakı üşümədən qurtula biləsiniz.
  4. Su. Orqanizmin nizamlı işləməsi  üçün hər gün, ən azı, 2.5 litr su içməlisiniz.
  5. Zəncəfil. Mütəmadi olaraq, zəmcəfil qəbul etsəniz, ayaqlarınızdakı üşümə azalacaq.
  6. Acı bibər. Acı bibər qan dövranını sürətləndirir. Ayaqlardakı üşümənin azalmasında effektivdir.
  7. Balıq. Həftədə, heç olmasa, 2 dəfə balıq yeyin. Ayaqlarınıza faydalıdır.
  8. İsti su. Problemin sürətli həlli isti sudur. Hər gün 10-15 dəqiqə isti suya qoyulan ayaqlar üşüməz.

Ayaqların üşüməsinin səbəblərini çox yerdə tapmaq olar. Məsələn;

-Orqanizmin ehtiyacını ödəməyən istilik. Mövsümə uyğun geyinməsəniz, ən birinci üşüyən orqan ayaqlarınız olacaq.

-Qan dövranının  yavaş olması. Lazımi miqdarda qan çatmayan ayaqlarınızın soyuq olması təbiidir. Bu zaman səbəbi ürək və qan-damar sistemində axtarmalı, həkim məsləhətilə problemi aradan qaldırmalısınız.

-Anemiya. Qırmızı qan hüceyrələrinin sayı azaldıqda, ayaqların üşüməsi simptom sayılır.

-Diabet. Zədələnən sinirlər ayaqların üşüməsinə səbəb ola bilir. Ayaqlarda gicişmə və uyuşma da bəzən diabetdən qaynaqlanır.

-Hipotiroidizm. Bu halda tiroid vəzi düzgün işləmir. Bu da metabolizmada qəfil dəyişikliklərə səbəb olur. Ürək döyüntüsünü və orqanizmin temperaturunu nəzarətdə saxlayan metabolizma özü dəyişikliyə uğrayırsa, təsir dairəsində hər şey kəllə-mayallaq işləməyə başlayır.

-B12 vitamini çatışmazlığı. B12, adətən, heyvan mənşəli qidalarda olur. Yetərli qidalanmadığınız zaman B12 çatışmazlığı yaranır. 

-Damar xəstəlikləri və ya kirəclənmə səbəbilə damarların daralması.

-Damar sərtliyi.

-İrəliləyən yaş və ailədaxili narahatlıqlar da əl və ayaqlarda üşümələrə gətirib çıxara bilir.

-İstifadə etdiyiniz bəzi dərmanlar da ayaqlarda üşüməyə səbəb olur.

-Xroniki həzmsizlik. Bəli, həzm prosesi ilə ayaqların üşüməsi arasında əlaqə vardır. Həzm zamanı lazım olan maddələr gedib ayağa çatmayanda, ayaqlar üşüyərək buna, belə demək olarsa, reaksiya verir.

            Ayaqlarınız üşüyən anda qalın geyinərək isitməyə çalışın. Qida rasionunuza bolluca meyvə və tərəvəz daxil edin. Paxlalı və dənli bitkilərdən hazırlanmış yeməklər yeyin. İsti havalarda ayaqlayın torpaqda gəzin. Stressdən uzaq durun. Ayaqlarınızı tez-tez masaj edin. Siqaret çəkirsinizsə, tərgidin. Nikotin qanın ayaqlarınıza və əllərinizə çatmasına əngəl olur.

Bahadur Seyidov