Bu, Azərbaycanın təhlükəsizlik maraqlarına uyğun deyil - Politoloq
"Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə Brüsseldə avqustun 31-dəki görüşündən sonra cəmiyyətinə belə mesajlar verir ki, iki ölkə arasınsa sülhün alternativi yoxdur. Paşinyanın parlamentdəki tərəfdarları da Qarabağın heç zaman “müstəqil” olmayacağını vurğulamağa başlayıblar".
Demedia.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Rusiya prezidenti Vladimir Putin Paşinyanı uzaq Vladivostoka Şərq İqtisadi Forumuna çağırdı. Ermənistanın bu iqtisadi foruma az dəxli var idi, bunu Paşinyanın oradakı çıxışından da anlamaq olardı:
"Putinin Paşinyanı hüzuruna çağırmasının əsəs məqsədi Brüsseldəki görüş barədə ondan hesabat dinləmək idi. Ermənistanın xarici işlər naziri də Brüsseldə sonra Moskvaya rusiyalı həmkarı Sergey Lavrovun hüzuruna çağrılmışdı. Paşinyan İrəvana qayıtdıqdan sonra Putinə Ermənistan-Qərb münasibətləri barədə məlumat verdiyini gizlətməyib. Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev isə Bakıdadır. Rusiya XİN sözçüsü Mariya Zaxarova rusiyalı diplomatın Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması perspektivlərini müzakirə etmək üçün Bakıya getdiyini deyib.
Beləliklə, Kreml əlindən gələni edir ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanacaqsa, bu Rusiya ərazisində baş verməlidir. Kreml sazişin mətninin hazırlanmasında da iştirak etmək istəyir. Halbuki, sülh sazişinin mətninı hazırlayacaq işçi qrup Avropa İttifaqının nəzdində formalaşmalı idi. Kreml buna imkan vermək istəmir. Vladimir Putinin açıqlanmayan mövqeyi bundan ibarətdir ki, Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında iki sənəd məhz Kreml sahibinin vasitəçiliyi ilə imzalanıbsa, yekun sənəd də Rusiya ərazisində imzalanmalıdır. Moskva ilə Brüsselin vasitəçiliyi bir-birini tamamlamaq əvəzinə, birinci ikincini oyundankənar vəziyyətə salmaq istəyir. Bu, Azərbaycanın təhlükəsizlik maraqlarına uyğun deyil".
Xəyalə Məmmədova / Demedia.az