Böyrəklərinizdə problem varsa bu 4 əlamət meydana çıxır - Araşdırma
Dünyanın bir çox ölkəsində olduğu kimi, vətənimizdə də yetkin insanların çoxu xroniki böyrək problemi ilə həyatına davam edir...Və çoxları bunun heç fərqində də deyil. Xroniki böyrək xəstəliyinin müxtəlif əlamətləri var. Əksər hallarda insanlar bu əlamətləri fərqli səbəblərin nəticələri kimi dəyərləndirirlər. Bununla yanaşı, qeyd etməliyəm ki, xroniki böyrək problemi olanlar xəstəliyin əlamətlərini son dönəmlərdə hiss etməyə başlayırlar. “Son dönəm” dediyimiz isə artıq böyrəklərin düzgün işləməməsi və sidikdə protein miqdarının çoxluğu ilə müşayiət olunur. Məhz buna görə də, xəstələrin yalnız 10%-i xroniki böyrək xəstəliyi olduğunu şüurlu şəkildə dərk edir.
Düzdür, istənilən xəstəlik kimi, xroniki böyrək xəstəliyinin tibbi diaqnozu da çeşidli müayinələr nəticəsində qoyulur. Amma elə əlamətlər var ki, onlar xroniki böyrək xəstəliyinin “xəbərçiləri” sayılır. Yüksək təzyiqdən, şəkərli diabetdən əziyyət çəkirsinizə, yaxud ailənizdə genetik böyrək xəstəlikləri varsa, üstəlik, yaşınız 60-ı keçibsə, hər il mütəmadi olaraq böyrəklərinizi yoxlatmalısınız. Həkimə gedərkən yaşadığınız ən kiçik narahatlığı belə dilə gətirdiyinizdən əmin olun. Unutqansınızsa, hər dəfə yaşadığınız narahatlıqları qeyd dəftərçəsinə yazın və həkimə həmin dəftərçə ilə gedin.
Xroniki böyrək xəstəliyinin 10 işarəti bunlardır:
Özünüzü çox yorğun hiss edirsinizsə, sanki, enerjiniz qəfildən azalıbsa, yaxud diqqətinizi toplamaqda çətinlik çəkirsinizsə, böyrəkdən şübhələnmək haqqınız var. Böyrəklərin iş qabiliyyəti azalanda orqanizmdə kirlilik miqdarı artır, yəni, bədən toksinlərdən yetəri qədər təmizlənə bilmir. Yorğunluğun, qəfildən əl-ayağın tutmamasının, diqqətin dağılmasının əsas səbəblərindən biri də budur. Böyrək xəstəliyinin yaratdığı anemiya da yorğunluğa, halsızlığa gətirib çıxara bilir.
Yuxusuzluq... Böyrəklər öz filtrləmə vəzifəsini lazımi şəkildə yerinə yetirməsə sidiklə xaric olan zərərli maddələr qanda qalır. Bu da yuxusuzluğa səbəb olur. Xroniki böyrək xəstəliyi ilə köklük arasında da bağ var. “Yuxu apnesi” adlanan problem normal insanlara nisbətən xroniki böyrək xəstəliyi olan insanlarda daha çox müşahidə edilir.
Dəridəki quruluq və qaşınmalar... Sağlam böyrəklər orqanizmdə bir çox önəmli işləri yerinə yetirirlər:
-artıq mayeni və lazımsız maddələri xaric edirlər;
-qırmızı qan hüceyrələrinin əmələ gəlməsinə kömək edirlər;
- sümüklərin güclü qalmasını təmin edirlər;
-orqanizmin mineral balansını qoruyurlar;
Əgər böyrəklər qandakı mineral və qida balansını qoruya bilməsə quru və qaşınan dəri problemi ortaya çıxar. Bu da, öz növbəsində, xroniki böyrək xəstəliyinin müşayiətilə yaranan mineral və sümük problemlərinin xəbərçisi sayılır.
Sidiyə tez-tez getmək... Xüsusilə, gecələr tez-tez sidiyə gedirsinizsə bu, böyrək xəstəliyinin bir işarəti ola bilər. Böyrəklərdəki filtrlərin zədələnməsi sidiyə getmək hissini artırır. Bəzən bu hal sidik yolları iltihabından və kişilərdə prostat böyüməsindən qaynaqlana bilər.
Sidikdə qan olması... Sağlam böyrəklər sidik vasitəsilə toksinləri və lazımsız maddələri orqanizmdən xaric edir. Amma qan hüceyrələrini orqanizmdə saxlayır. Böyrəklərdəki filtrlər xəsarət alanda isə qan hüceyrələri sidiyə sızır. Qeyd etməliyəm ki, sidikdə qan görülməsi təkcə xroniki böyrək xəstəliyinin işarəti deyil. Həmçinin, xərçəng xəstəliyi, böyrək daşları, böyrəkdə və ya sidik yollarında olan iltihablanma zamanı da sidikdə qan görülməsi baş verə bilər.
Köpüklənən sidik... Xüsusilə, unitaza dəfələrlə su buraxmağınızı gərəkdirəcək qədər köpüklü sidik tərkibindəki bol miqdarda proteindən xəbər verir. Bu köpükləri yaradan sidiyin tərkibindəki albumindir.
Gözlərin ətrafında şişkinlik... Sidikdəki protein böyrəklərdəki xəstəliyin ilkin işarətlərindəndir. Yəni, böyrək lazımi səviyyədə işləmir ki, protein sidiyə sızır. Gözlərin ətrafındakı şişkinlik böyrəklərin həddən artıq proteini orqanizmdə saxlamaq əvəzinə sidiyə sızdırmasından yaranır.
Topuqların və ayaqların şişməsi... Böyrəklərin iş prosesindəki azalma orqanizmdə natirum yığılmasına səbəb olur. Natrium isə həmişə orqanizmin uc nöqtələrində özünə yer edir. Bundan əlavə, unutmaq lazım deyil ki, əl və ayaq barmaqlarındakı şişkinlik ürək və qan xəstəliklərinin, qaraciyər probleminin, xroniki ayaq-damar xəstəliklərinin də işarəti ola bilər.
Azalan iştah... Yaxşı işləməyən böyrək səbəbilə orqanizmdə toksinlərin miqdarı artır. Bu da azalan iştahın səbəblərindən biri ola bilir.
Əzələlərdəki dözülməz ağrılar... Orqanizmdəki mineral və maye balansının pozulması böyrəklərin düzgün işləməməsinin nəticəsidir. Məsələn; kalsium çatışmamazlığı və nizamlanmayan fosfor əzələlərdəki səbəbsiz ağrıların yaranmasına təsir edir.
İndi isə keçək başqa bir məsələyə... Necə bilmək olar ki, bizi incidən ağrılar nəyin əlamətidir? Yəni, böyrəyimizdəki ağrılar infeksiyadan, xərçəngdən, daşdan, yoxsa nədən qaynaqlanır? Bunun üçün müxtəlif suallara cavab axtarmalı, sonda da cavablardan nəticə çıxarmalıyıq.
Böyrəklərdə infeksiya necə əmələ gəlir? Əgər bakteriyalar böyrəklərə çatırsa, burda iltihablanmaya yol açırlar. Normal şərtlərdə bakteriyalar böyrəyə iltihablanmış sidik yolundan keçirlər. Böyrək infeksiyasının ən geniş yayılmış əlamətləri sırasında:
- ürəkbulanma,
- göynəyən bel nahiyəsi,
-sidik zamanı yanğı hiss etmək,
-sidikdə qan və ya irin,
-pis qoxulu və ya bulanıq sidik,
-sidik zamanı yaranan kəskin ağrılar,
-qusma,
-qasıq bölgəsində qəfil başlayan ağrılar,
-qızdırma və titrətmə yer alır.
Bu simptomlar görülərsə, həkimə müraciət etmək qaçılmazdır.
Böyrək daşı ağrısı necə olur? Zamanla duzlar və minerallar birləşərək böyrəkdə kiçik daşlar yaradır. Uzun müddət ərzində böyrəkdə qalan daşlar bərkiyir və böyüyür. Kiçik daşların çoxu sidiklə atılır. Həmçinin, kiçik daşlar hər hansı bir simptoma səbəb olmur. Böyük daşlar isə narahatlıq yarada bilir. Bəzən daşlar böyrəkdə və ya sidik yolunda pərçimlənir. Böyrəkdə daş olmasının işarətləri arasında:
-sidikdə qan,
-sidik zamanı ağrı,
-qusma,
-ürəkbulanma,
-ürək və qarında kəskin ağrılar öndə gəlir.
Normal şərtlər daxilində kiçik böyrək daşlarının düşməsi bolluca maye qəbuluna bağlıdır. Təbii, reseptsiz ağrıkəsicilər də əl altında olsa yaxşı olar. Çünki sidiklə atılan daşlar kəskin ağrılara səbəb olur.
Böyrəkdə kista olduğunu necə bilmək olar? Xoş xassəli və ya xərçəngli olmayan kistalar normalda içi maye dolu kisələr şəklində olur. Bu kisələr ya bir, ya da hər iki böyrəkdə əmələ gələ bilir. Adətən, xüsusi bir simptomla müşayiət edilmirlər. Böyüyən, partlayan və iltihablanan kistalar qızdırma, nahiyədə həssaslıq, qarının üst və ya yan qisimlərində kəskin ağrılar yarada bilir. Kiçik kistalar, adətən, tibbi müalicəyə ehtiyac duymur. Amma mütləq bir həkim müayinəsi olmalıdır. Əgər həkiminiz lazım bilsə, orqanizminizə uyğun müalicə aparacaq.
Böyrəklərin polikistoz xəstəliyi nədir? Bir, yaxud hər iki böyrəkdə bir neçə kistanın əmələ gəlməsinə səbəb olan genetik vəziyyətdir. Böyrəklərin polikistoz xəstəliyi insanın böyrəklərinin quruluşunu dəyişdirir, böyrək çatışmazlığına gətirib çıxarır. Böyrəklərin polikistoz xəstəliyinin işarətləri arasında:
-böyrək daşları,
-bir, yaxud hər iki böyrəkdə ağrılar,
-sidik yolu infeksiyası,
-sidikdə qan,
-yüksək təzyiq daha çox nəzərə çarpır.
Böyrək xərçənginin əlamətləri nədir? Böyrəklərdəki şişlər ilkin mərhələdə heç bir narahatlıq yaratmır. Amma sonrakı etaplarda xərçəng irəliləyir; bu da böyürdə, kürəkdə, qarında qəfildən azalıb-çoxalan ağrılara səbəb olur. Bu zaman, ən yaxşı çıxış yolu, özünü həkimə çatdırmaqdır.
Böyrəklərdəki xəsarətin əlamətləri nədir? Futbol, boks, atçılıq, basketbol kimi şiddətli idman növləri zamanı alınan travmalar nəticəsində böyrəklərdə çatışmazlıq yarana bilir. Bu halda qarın nahiyəsinin yan tərəflərində, belin alt hissəsində kəskin ağrılar olur. Ağrıların uzunmüddətli, yaxud ani olması xəsarətin həcmi ilə əlaqəlidir.
Nəticə etibarilə, böyrək xəstəliklərinin əlamətləri müxtəlifdir. Amma insan öz orqanizmini yaxşı tanısa, onun qeydinə qalsa bütün əlamətləri təyinatı üzrə dəyərləndirə bilər.
Bahadur Seyidov