Barmaqlardakı göbələklərdən xilas olmağın yolları - Araşdırma



 14:57 11.09.2022     1067

Onixomikoz dırnağın göbələk xəstəliyinə tutulmasıdır. İnfeksiya yoluxmuş insanla birbaşa təmas vasitəsilə yayılır. Yaxud onun toxunduğu səthlərdən-məişət əşyalarından, gigiyenik əşyalarından, paltar və ya ayaqqabısından istifadə edəndə yoluxma halı baş verir. Əksər hallarda xəstəliyin yayılma arealı ailə mühitini ehtiva edir. Yoluxmanın qarşısını almaq üçün hamam və tualet kimi ortaq istifadə edilən məkanlarda sanitar-gigiyenik qaydalara ciddi şəkildə əməl etmək lazımdır. 
Xəstəliyin digər-daha geniş yayılma arealı isə ümumi istifadəli üzgüçülük hovuzları, idman zallarının duş kabinələri, hamam-tualetləridir.  Hətta yaxşı yuyulmayan restoran qabları və ya ümumi yeməkxanaların aylarla dəyişdirilməyən masa örtüləri, təmizlənməyən stul söykənəcəkləri də dırnaqlarda və barmaqlardakı göbələklərin yayılmasına təkan verə bilər. 
Bununla belə, qeyd eləmək vacibdir ki, göbələk hər adamda xəstəlik səviyyəsinə qədər irəliləmir. Bunun da ən ümdə səbəbi güclü immunitetdir. 

Bəs, yoluxma necə baş verir? Xəstə insanların  dərisindən, dırnağından qopan hissəciklər göbələklərin özünü və sporlarını saxlayır. Məhz belə gizlənən sporlar sonradan digər insanların dərilərinə hopur, xəstəliyi yaradır.  
    Onixomikozun inkişafı üçün lazımi şərait yarandıqda xəstəliyin həcmi genişləyir və irəliləmə sürəti artır.  Məsələn; 
qan dövranının pozulması;
dırnaq özəklərinin mineral çatışmazlığı; 
 şəkərli diabet zamanı; 
narahat, ölçüsü uyğun olmayan ayaqqabıların geyinilməsi; 
məişətdə, yaxud idman hərəkətləri zamanı  dırnaqların qırılması və ilkin təmizləmə, tibbi müdaxilə olunmaması;
Gördüyünüz kimi, dırnaqda yaranan, barmaqlara yayılan göbələk xəstəliyi də orqanizmdəki hər hansı problemdən yararlanaraq “yaşayır”.  

Onixomikozun simptomları bunlardır: 
    -daimi qaşınma, xüsusilə də, barmaqlar arasında;
    -xoşagəlməz iy;
    -dırnağın rənginin dəyişməsi;
    -dırnağın deformasiyası; 
    -dırnaqda xırda çatların  yaranması və ya dırnaqların qırılması; 
    -dırnaq ətrafında suluqların əmələ gəlməsi; 

Onixomikozdan, ümumiyyətlə, dırnaq-barmaq göbələyindən xilas olmaq metodları da fərqlidir. İndi isə bunlara baxaq: 

Gənəgərçək yağı. Bildiyimiz kimi, gənəgərçək yağı tibbdə universal vasitə sayılır. Göbələk infeksiyaları ilə mübarizə aparan gənəgərçək yağının tərkibində linoleik və risin turşuları var. Bunlar ikisi də soyuqdəymə  və mikrob əleyhinə vasitədirlər. Dırnaq-barmaq göbələklərindən xilas olmaq üçün gənəgərçək yağının istifadəsi də müxtəlifdir. 
Resept I: 1 xörək qaşığı gənəgərçək yağını 1 xörək qaşığı soda ilə qarışdırın. Qarışımı zədələnmiş nahiyələrə çəkin. 20 dəqiqədən sonra ilıq suyla həmin nahiyəni yuyun və həmən qurulayın. 
Resept II: Gənəçərgək yağı limonla birgə istifadə edildikdə dərini qidalandırır və gücləndirir. Həmçinin, göbələk xəstəliklərinə qarşı mübarizə aparması üçün dəriyə kömək edir. 10 ml gənəgərçək yağına 1 damla ilanq-ilanq yağı, iki damla qızılgül yağı və 1 kapsul vitamin E əlavə edin. Hamısını qarışdırın. Sonra qarışımın üzərinə bir neçə damla limon suyu sıxın. Hər bir zədəli dırnağa yavaş-yavaş çəkin. 20 dəqiqə sonra yuyun və həmən qurulayın. 
Resept III: Gənəgərçək yağı ilə kompres eləmək epidermisin bərpasına kömək edir. Pambıq dəsmal və içi pambıq, üzü polietilen olan əlcək götürün. Gənəgərçək yağını azca isidin, zədələnmiş nahiyələrə çəkin. Əlcəyi geyinin, üstündən  pambıq dəsmalla sarıyın. 20 dəqiqə bu şəkildə saxlayın. Sonra açın və ilıq su ilə yuyub qurulayın. 
Resept IV: Gənəgərçək yağıyla vanna eləmək dırnaqların bərpasına və uzanmasına kömək edir. 5-10 ml gənəgərçək yağını şüşə qabda isti suyun içinə salın. Orda bədən temperaturunda olanadək isidin. Sonra isə barmaqlarınızı yağın içinə salın. 20 dəqiqə saxlayın. Proseduru həftədə 3-4 dəfə eləyin. Müalicə kursu ay yarım davam etməlidir. 
    Dəridə şiddətli qurumalar və çatlamalar olanda gənəgərçək yağına zeytun yağı da qatmaq olar.  Bir şərtlə ki, yağlar eyni miqdarda olsun. Qarışıma bir neçə damla çay ağacı yağı da əlavə edə bilərsiniz. Alınan məhlul toxumaların bərpasını və inkişafını sürətləndirəcək. Barmağınızın uclarını bu məhlulda 15-20 dəqiqə saxlayın. Sonra ilıq suyla yuyun. Proseduru 3-4 gündən bir eləmək lazımdır. Bir həftədən sonra müsbət yöndə irəliləməni özünüz görəcəksiniz. 

Sarıkök. Ətri və dadı ilə mətbəximizdə önəmli yerə sahib olan ədviyyatın faydaları haqqında çox danışmışıq. Bu gün isə sarıkökün dırnaq-barmaq göbələyi zamanı da əlçatan vasitə olduğundan xəbər tutacaqsınız. 
Resept I: 20 ml gənəgərçək yağına 20 qr üyüdülmüş sarıkök qatın. Qarışımı yarım saat otaq temperaturunda saxlayın. Sonra ağzını bərk bağlayın və soyuducuya qoyun. Proseduru həyata keçirməzdən qabaq zədələnmiş nahiyələri sodalı suyla, yaxud 72%-li sabunla yumaq tövsiyə edilir. Quruladıqdan sonra hansı hissələr ki, artıq müalicə oluna bilməyəcəklər, o yerləri ehtiyatla kəsin. Gənəgərçək-sarıkök qarışımını zədəli nahiyələrə çəkin və üzərini sellofanla bağlayın. 2 saat bu halda qalmalıdır.  Kompresi açdıqdan sonra nahiyəni ilıq suyla yuyun və qabaran ölü toxumaları kəsin. Həftədə 3 dəfə proseduru həyata keçirin. Gənəgərçək-sarıkök qarışımı xəstəliyin sağlam toxumalara keçməsinin qarşısını alır, qaşınmanı, gicişməni aradan qaldırır, dərini lazımi elementlərlə təchiz edir və infeksiyanı məhv edir. 
Resept II: 50 ml kokos yağını şüşə qabda isti suya salın və  yağ durulaşana  qədər qarışdırın. Qaynamaq həddinə çatdırmaq olmaz. 30 qr üyüdülmüş sarıkökü kokos yağına  əlavə edin və yaxşıca qarışdırın. Bir az gözləyin, sonra qarışımın qabını sudan çıxarın və soyudun. Qarışımı şüşə qaba doldurun, ağzını bərk bağlayın, soyuducuya qoyun. Əvvəlcə, dırnaqları yuyun və təmizləyin. Bu zaman sodalı suyu seçmək daha yaxşı olar. Məhlulu soyuducudan çıxarın, yüngül masaj hərkətləri ilə zədələnmiş nahiyəyə çəkin. Məhluldan  yaraların ətrafına da yaxın ki, infeksiya yayılmasın. 30-40 dəq saxlayın, sonra kağız dəmalla silin və soyuq suyla yaxalayın. İnfeksiya sona çatanadək proseduru hər gün təkrar edin. Qeyd edim ki, kokos yağı infeksiyanı məhv eləməklə yanaşı, dərini və dırnaqları gücləndirir, nəmləndirir, qoruyur. 

Sarımsaq. Təbii antibakterial olan sarımsaq, həmçinin, göbələk əleyhinə vasitə də sayılır. Onun köməkliyiylə göbələk xəstəliyindən qısa zamanda yaxa qurtarmaq mümkündür.  Bunun üçün sarımsaq lasyonu hazırlamaq lazımdır. Bir neçə diş sarımsağı təmizləyin, şirəsini çıxarın. Şirəni eyni miqdarda təmiz spirtlə qarışdırın. Sonra isə bir az təmiz su əlavə edin. Lasyonla zədəli nahiyələri təmizləyin, kompres qoyun və bütün gecə saxlayın. İnfeksiya bitənədək proseduru davam etdirin. 
Dəmrovotu. Göbələk infeksiyaları zamanı dəmrovotu təpitmə formasında istifadə edilir. Dəmrovotunun təzə sıxılmış şirəsini pambıq tamponuna damızdırın və tamponu zədələnmiş nahiyəyə qoyub üstündən sarıyın. 5-6 saat sonra açın.  Təpitməni sağlam dırnaq çıxanadək hər gün davam etdirmək lazımdır. 
Yod. Yod  göbələk üçün qida mənbəyi olan zülal birləşmələrini parçalayır.  Antimikrob və antiseptik xüsusiyyətlərinə görə, yod xəstəliyin daha geniş nahiyəyə yayılmasının və yenidən yoluxmanın qarşısını alır. 
Resept I: Zədələnmiş nahiyəni  yuyun. 5%-dən çox olmayan yod məhlulunu zədələnmiş hissəyə damızdırın. Proseduru gün ərzində 1 dəfə edin. 
Resept II: Hər gün  bir neçə damcı yod qatılmış ilıq suyla zədələnmiş  nahiyəni yuyun. Qabarmış hissələri qayçı ilə kəsin, ölmüş hüceyrələri hidrogen peroksid ilə təmizləyin.
Resept III: Ən effektiv müalicə üsullarından biri yodla sirkənin qarışımıdır.  Bərabər miqdarda su ilə sirkəni qarışdırın. 2-3 damla yod əlavə edin. Zədələnmiş dırnaq və barmaqları alınan qarışımla vanna edin. 
Propolis. Bu arıçılıq məhsulu xalq təbabətində, xüsusilə, göbələyin müalicəsində geniş istifadə edilir. Mülaicəvi qarışımı əldə eləmək üçün yarım litr  keyfiyyətli araq və 30 qr propolisi yaxşıca qarışdırın. Qarışımı şüşə qaba qoyub ağzını bağlayın. 2 həftə sərin yerdə saxlayın. Sonra məhlulla tamponları isladın və zədəli nahiyələrə qoyun. Tamponun üstündən sarıyın. 12 saat sonra  sarığı açın və nahiyəni ilıq suyla yuyun. 
Nanə. Göbələklərlə mübarizədə nanə də effektivdir. Buna səbəb bitkinin tərkibindəki yüksək konsentrasiyalı efir yağlarıdır. Kompres hazırlamaqdan ötrü təmiz nanə yarpaqları toplayın, bu yarpaqları xörək duzuyla ovxalayın. Qarışımı zədəli nahiyələrə çəkin. Üstündən sarıyın. Sarığı açanda nahiyəni ilıq suyla yuyun və həmən qurulayın. 
Dəniz duzu. Dəniz duzu ilə vanna eləmək göbələklərin müdafiə membranını dağıdır və onların məhvinə səbəb olur. Hər gün bu vannadan istifadə etmək, nəinki, xəstəliyin irəliləməyinin qarşısını alır, hətta sağalmasına və zədələnmiş nahiyələrin bərpasına kömək edir. Proses epidermisin müdafiə sisteminin güclənməsinin paralelində göbələyin müdafiə sisteminin zəifləməsi şəklində baş verir.
Soyuq kofe. Yaxşı dəmlənmiş kofeni fincana tökün və otaq temperaturunda soyumasını gözləyin. Soyuq kofe göbələk hüceyrələrinin bölünməsini ləngidir, yəni, çoxalmasının qarşısını alır. Bu isə infeksiya ocaqlarının sayının azalmasına, ölçülərinin kiçilməsinə səbəb olur. Zədələnmiş hissəyə soyuq kofeni yaxın, dibində qalan kofe çöküntüsünü duru yağla, yaxud duru kremlə qarışdırın, yaralara sürtün. 30 dəqiqə sonra nahiyəni ilıq suyla yuyun və həmən qurulayın. 

Bahadur Seyidov