Sərhəddə baş verənlər Kremlin növbəti şousudur - - DETALLAR
"Dünən gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətməsi və sonrasında yaşanan toqquşmaların məsuliyyətini rəsmi İrəvan daşıyır. Baş verən təxribatlar həm də böyük güclərin Cənubi Qafqazda toqquşan maraqlarının real göstəricisidir".
Demedia.az xəbər verir ki, bunu politoloq Turan Rzayev deyib.
O bildirib ki, ümumiyyətlə Ermənistanın sülh prosesindən uzaqlaşmaq istədiyini düşünmürəm:
"Məsələ ondadır ki, iki ölkə arasında baş verən 44 günlük müharibədən iki ilə yaxın bir vaxt keçib. Geridə qoyduğumuz bu iki il ərzində Moskvanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin 2020-ci ilin 10 noyabrında və 2021-ci ilin 11 yanvarında imzaladıqları iki ortaq sənəd var.
Bundan başqa Brüsselin vasitəçiliyi ilə liderlərin 4 görüşü keçirilib. Onu da qeyd edim ki, bu görüşlər kifayət qədər məhsuldar keçib və 27 illik ”danışıqlar” prosesində əldə edilə bilməyən nəticələr əldə edilib.
Ermənistanın Baş naziri Nikol Paşinyan başa düşür ki, Azərbaycanla sülhün imzalanmasından başqa yol yoxdur. Bu baş vermədikcə nə Ermənistan Qərbə inteqrasiya edə biləcək, nə Türkiyə ilə münasibətlər normallaşacaq, nə də Kremlin təsirindən Ermənistan çıxa biləcək.
Lakin bununla belə sərhədlərin müəyyənləşməsi və kommunikasiya xətlərinin açılması prosesinin ləngidiyini, həmçinin Ermənistan ordusunun Kəlbəcər və Laçın istiqamətində vaxtaşırı atəşkəsin pozduğunun da şahidi oluruq.
Məhz buna görə hesab edirəm ki, həm baş verən son təxribatlar, həm də sülh prosesinin uzanması təkcə Ermənistanla bağlı deyil.
Real yanaşsaq, Ermənistanın forpost, pion statusundakı ölkə olduğu hər kəsə bəllidir. Bu ölkənin özünəməxsus xarici siyasəti regional və geosiyasi maraqları yoxdur. Tarix boyu böyük güclərin əlaltısı olan, onların siyasi maraqları üçün pionluq edən bir ölkədən belə potensial gözləmək doğru deyil. Paşinyanın Ermənistan hakimiyyətinə gəlməsi rəsmi İrəvanın Qərbə inteqrasiya etmək istəməsi belə öz növbəsində Qərbin hazırladığı planın bir parçasıdır. Buna görə də mövcud gərginliyin pərdə arxasında böyük güclərin, daha doğrusu
Rusiyanın olduğunu düşünürəm:
Birincisi, Rusiya Ermənistan-Azərbaycan arasında mövcud gərginliyin bitməsini istəmir. Çünki gərginliyin bitməsi və sülhün əldə edilməsi Kremlində Cənubi Qafqazdakı təsirinin bitməsi deməkdir.
Bununla belə Rusiya Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsi istiqamətində atılan addımları dəstəkləyirmiş kimi eyforiya da yaradır. Bu da təbiidir. Çünki Kreml anlayır ki, Ermənistan ilə Azərbaycan arasında sülhə mane olmaq hər iki ölkənin büsbütün Qərbə yönəlməsi ilə nəticələnə bilər.
Tez-tez işlətdiyim bir ifadə var: “Qərarlar Brüsseldə verilir, icrasını isə Kreml həyata keçirir”.
Brüssel görüşlərində sülh istiqamətində real addımlar atılır. 27 illik “danışıqlarla” müqayisədə Brüssel danışıqları daha konstruktivdir. Kreml qısa zamanda tərəflərin Brüsseldə sülh istiqamətində bu qədər irəliləyiş etməsini həzm edə bilmir. Buna görə də vaxtaşırı gərginlik yaradır.
İkincisi, Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən gərginliyin ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi Filip Riker regiona səfəri çərçivəsində baş verməsi diqqət çəkir.
Rikerin səfəri çərçivəsində gərginliyin artması toqquşmaların baş verməsi ilə Rusiya ABŞ və regionda marağı olan digər güclərə açıqca mesaj verir. Yəni "regionda sülhə də, müharibəyə də qərarı mən verirəm". Kremlin Ermənistandakı təsirinin hərbi siyasi varlığını nəzərə alsaq, bunda təəccüblü heç nə yoxdur.
Üçüncüsü, hazırda Cənubi Qafqazda gərginliyin artması Kremlə Ukrayna müharibəsi baxımından da maraqlıdır. Son günlər Ukrayna ordusunun ardıcıl qələbələr qazandığını və Qərbin Ukraynaya dəstəyinin artığını nəzərə alsaq Rusiya dünya ictimaiyyətinin diqqətini bu regiondan yönəltməyə çalışır.
Nəticə etibarilə baş verən hadisələrin məsuliyyətini rəsmi olaraq Ermənistan daşısa da Ermənistanı belə genişmiqyaslı təxribata sövq edən Rusiyadır. Təsadüfi deyil ki, Rusiya
Xarici İşlər Nazirliyi yaydığı məlumatda bunları qeyd edib:
“Biz tərəfləri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarına uyğun olaraq vəziyyətin daha da gərginləşməsindən çəkinməyə, təmkinli olmağa və atəşkəs rejiminə ciddi riayət etməyə çağırırıq. Biz Ermənistan və Azərbaycan arasındakı bütün mübahisəli məsələlərin müstəsna olaraq siyasi və diplomatik yollarla, sərhəd məsələlərinə gəldikdə isə ikitərəfli komissiyanın delimitasiyası üzrə işi çərçivəsində həll edilməli olduğu fikrini irəli sürməyə davam edirik”, - deyə qeyd olunub.
Nazirlik Rusiyanın vasitəçiliyi nəticəsində sentyabrın 13-ü 9:00-dan etibarən atəşkəslə bağlı əldə olunan razılaşmanın tam həcmdə həyata keçiriləcəyinə inandığını da bildirib.
Kremlin bu açıqlaması həm də bu mənaya gəlir ki, "mən olmasam Ermənistan və Azərbaycan daha genişmiqyaslı müharibə edər".
Xəyalə Məmmədova / Demedia.az