Qərb anlamalıdır ki, bölgənin Avropaya inteqrasiyanın tək yolu Türkiyədən keçir - Ekspert



 11:29 19.09.2022     592

"Qərbin son illərdə apardığı siyasət fiaskodur - kovidlə bağlı qərarlar bərbad idi, demokratiya və insan haqlarını ayaqlar altına alan addımlar atıldı, iqtisadiyyat dünya üzrə çökdürüldü, Rusiyanın vaxtında ağzından vurulmaması və masada onunla anlaşma bacarığının olmaması Ukraynaya faciəsinə səbəb oldu, bütün addımları ilə Rusiya və Çini, iki faktiki düşmən və rəqibini, iki avtoritorizm mərkəzini tarixdə görüməyən yaxınlığa sövq etdi, Çinin güclənməsinə, Rusiyanın isə aqressivləşməsinə səbəb oldu".

Demedia.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, indi yenə səhvlər ard-ardına düzülür:

"Macarıstanda seçki yolu ilə xalqın ehtimadını qazanan hökumətə anti-demokratik deyib Orbanı AB-dən çıxmağa sövq edir, bununla da Rusiyanın əlini gücləndirir, Polşanı Almaniyanı cəzalandlrmaq üçün qızışdırıb 1,5 trilyon dollarlıq təzminat istədməklə AB-nin təməllərini dağıdır, Britaniya AB-dən çıxmaqla zatən təməlləri sarsıtmışdı - indi də de-facto və de-jure tam Rusiyadan asılı, KTMT və Gömrük İttifaqının üzvü, 70% iqtisadiyyatının Moskvadan asılı, dəmir yolları, qaz təminatı, elektrik enerji təminatı tam Kremlin əlində olan, ərazisində 2 böyük Rusiya hərbi bazası saxlayan Ermənistanı, güya, Rusiyadan ayırmaq istəyi ilə təbii və iqtisadi müttəfiqi olan Türkiyə və Azərbaycanı incik salır - yəni, son illər Qərbin hər etdiyi məntiqsizlikdır.

Qərbin Ermənistanla bağlı son addımları elə Ermənistan dövləti üçün böyük risk və təhdiddir - əgər Rusiya Ermənistanı öz ərazisinə qatıb muxtar respublika kimi elan etsə nə ABŞ, nə AB bunun qarşısını ala bilməyəcək, bu təhlükəli gedişin qarşısını yenə elə Türkiyə və Azərbaycan ala bilər.

O qədər məntiqsizdirlər ki, hətta coğrafiyanı belə anlaya bilmirlər - yaxşı, tutalım, Ermənistanı Rusiyanın altından çıxartdız, bəs yaxşı Qərbə yolu hardan keçir?! Bölgənin Qərbə yeganə qapısı Türkiyə deyil?! Ermənistan hardan Qərbə girəcək, Qərbdən dəstək alacaq?! İrandan, Tehran vasitəsi ilə?! Bəs İran düşməniniz deyildi, nə dəyişib ki?!

Qərb anlamalıdır ki, bölgənin Avropaya inteqrasiyanın tək yolu Türkiyədən keçir, Türkiyəsiz Rusiya bölgəmizi udub həzm edəcək. Əgər gizli anlaşma ilə bölgəni Rusiyaya vermək istəyirlərsə, bu ayrı məsələ - o zaman Azərbaycan və Türkiyənin sıx ittifaq, hətta konfederasiya qurması qaçılmaz olacaq, əgər hər kəs ayrıca xilas olmaq yolu seçməyə məcburdursa bizim yolumuz bəllidir - Türkiyə ilə çox sıx inteqtasiya, Bakıdan Ankaraya qədər heç bir üçüncü olkənin sərhədçisinin sənədlərimizi yoxlamadığı avtomobil və dəmir yolu - vəssalam...".

Xəyalə Məmmədova / Demedia.az