Azərbaycan-Ermənistan sərhədi şərtidir... - Politoloq detalları açıqladı



 12:37 20.09.2022     603

“Azərbaycan Ermənistan ərazisinə təcavüz edib” iddiasının Paşinyandan sonra bəzi azərbaycanlıların da tirajlaması məsələnin mahiyyətinin nədən ibarət olduğunu aktuallaşdırır.

Demedia.az xəbər verir ki, bunu politoloq Asif Nərimanlı deyib.

O bildirib ki, irəli sürülən “arqument”lərdən biri belədir ki, hər iki ölkənin hazırki ərazisi və sərhədləri BMT-yə daxil olanda tanınıb. Son döyüşlərin getdiyi ərazilər də Ermənistana məxsusdur:

"Bəs, əslində necədir?

Birincisi, Azərbaycan və Ermənistan 1992-ci ildə BMT-yə daxil olanda Qarabağda müharibə gedirdi və iki ölkə arasındakı sərhəd müəyyən edilməmişdi: Paşinyan iddia edir ki, MDB-yə üzv olanda tərəflər qarşılıqlı şəkildə ərazi bütövlüyünü tanıyıb, halbuki, Azərbaycan 1991-ci ildə MDB-yə daxil olmağa razılaşsa da, parlament bunu 1993-cü ildə ratifikasiya edib;

İkincisi, iki ölkə arasında sərhədin delimitasiya edilməməsi həmin ərazilərin kimə məxsus olduğunu da şübhələndirir: Fransanın istəyi ilə BMT Təhlükəsizlik Şurasında keçirilən iclasda üzv ölkələrin yekdil mövqeyi sərhədin delimitasiya olunması haqda oldu; “Azərbaycanı Ermənistana hücum etməkdə” ittiham edən Qərb də reallığı qəbul edir;

Üçüncüsü, Naxçıvanın Kərki, o cümlədən, Qazaxın 7 kəndi erməni işğalı altında qalmağa davam edir: Paşinyanın özü belə bu kəndlərin hüquqi statusunun mübahisəli olduğunu bəyan edib, o zaman, hansı sərhəddən, yaxud "Ermənistan ərazisindən" bəhs edilə bilər?!

Dördüncüsü, SSRİ dövründə otlaq və əkin sahəsi adı altında Ermənistana verilən ərazilərimizin taleyi hələ də sual altındadır: bu, sərhədin hansı ilin xəritəsinə uyğun müəyyən edilməsi prosesində müəyyənləşəcək;

Beşincisi, 30 illik işğal dövründə Ermənistan dövlət sərhədini irəli çəkmişdi: müharibədən sonra bir neçə istiqamətdə bu sərhəd bərpa olunub, lakin proses başa çatmayıb;

Faktiki olaraq, Azərbaycan-Ermənistan sərhədi şərtidir və delimitasiya-demarkasiya olmadığı müddətdə bu ərazilərin kimə məxsus olduğu da sual altındadır.

Bu gün bir-birinə qarşı ərazi iddiası olmayan, lakin sərhədlə bağlı problemlər yaşayan onlarla ölkəni nümunə göstərmək olar.

- Azərbaycan və Gürcüstan arasında münaqişə yoxdur, ərazi bütövlüyü qarşılıqlı olaraq tanınır, lakin Keşikçi dağı məbədi ilə bağlı məsələ hələ də açıq qalıb: iki ölkə sərhədin bu istiqamətində delimitasiyanı həyata keçirdikdən sonra parlamentlər ratifikasiya etməli, daha sonra BMT-yə təqdim edilməlidir;

- Ermənistan və Gürcüstan arasında da sərhədin müəyyən hissələrinin delimitasiyası problemi qalır;

- Hazırda toqquşmaların yaşandığı Qırğızıstan və Tacikistanın da əsas problemi sərhədin müəyyən edilməməsidir: bu ölkələr də Azərbaycan və Ermənistan kimi SSRİ dağılanda BMT-yə üzv olublar, hər iki ölkə MDB-yə birgə daxil olublar;

Azərbaycan Ermənistana hücum etəyib, döyüşlər kimə məxsus olduğu hələ rəsmi şəkildə müəyyən edilməyən ərazilərdə baş verib. Və çox təəssüf ki, bu məsələni izah etmək məcburiyyətini yaradan azərbaycanlılar var".

Xəyalə Məmmədova / Demedia.az