Tullantılardan yemək hazırlanan restoran  - İNANILMAZ



 14:25 22.09.2022     928

   Finlandiyanın paytaxtı Helsinkidə vaxtı keçmiş məhsullardan yeməklər hazırlayan restoran fəaliyyət göstərir. Restorana bu vaxtı keçmiş məhsulları Finlandiyadakı ərzaq marketləri  pulsuz olaraq verir. 

 Şəhərin mərkəzində yerləşən qeyri-adi restoranın adı “Loop”dur. Bura tullantılardan yemək hazırlayan restoran kimi artıq dünyada məhşurlaşıb. Tullantı dedikdə, vaxtı keçmiş məhsullar, xarab olmağa başlamış meyvə-tərəvəzlər, məsələn, qaralmış bananlar, əzilmiş almalar, doğrandıqdan sonra üzərində kiçik ət qalan sümüklər və s. nəzərdə tutulur. 
    Layihənin müəllifi Juanna Kochvakkanın sözlərinə görə, hər il ölkədə  vaxtı keçmiş və xarab olmağa başlayan  65 min ton ərzaq məhsulu atılır. Bu da ölkə əhalisinin sayına görə adambaşına 12-14 kq ərzaq deməkdir. 
    Problem ondadır ki, zibilliyə atılan zaman bu məhsullar hələ də istifadəyə qismən yararlı olur. Juannanın fikrincə, bu, israfçılıqdır. 
    Finlandiya supermarketlərinin sözçüləri qeyd edirlər ki, bu məsələ onlara da sərfəlidir. Çünki, onlar vitrinlərdə qalıb xarab olan və vaxtı bitdiyinə görə alınmayan məhsulları topdan təhvil verməyə ünvan tapıblar. Bununla onlar tullantıların seçilməsi və daşınmasına sərf edilən vaxtdan və çəkilən xərcdən azad olurlar. 
    “Loop” restoranında bu məhsullardan professional aşpazlar yemək hazırlayır.  Bununla yanaşı,  restoranda əhalinin aztəminatlı hissəsi, məsələn, gənclər, işsizlər və miqrantlar işləyir. 
    Qeyd edim ki, layihə Avropa Birliyinin dəstəyi və yardım quruluşlarının köməyilə həyata keçirilib. Onlar layihəyə 30 min avrodan artıq  maddi yardım göstəriblər.  
    Bu cür tullantılardan yemək hazırlayan  ilk iki restoran Hollandiyanın paytaxtı Amsterdamda və Danimarkanın paytaxtı Kopenhagendə açılıb. “Loop”  bu siyahıda üçüncüdür və özündən əvvəlkilərin davamçısı sayılır. 

Bahadur Seyidov / Demedia.az