Sentyabr əməliyyatının nəticəsi... - DETALLAR



 18:00 22.09.2022     605

"Laçının mərkəzində Azərbaycan bayrağını qaldıran Əliyev diqqətçəkən məqamlara da toxundu. Bu, həm də bəzi məsələlərin birinci şəxs tərəfindən təsdiqi baxımından önəmlidir.

- Azərbaycan Ermənistan ərazisinə müdaxilə etməyib".

Demedia.az xəbər verir ki, bunu politoloq Asif Nərimanlı deyib.

O bildirib ki, Əliyev elan etdi ki, delimitasiya aparılmadığı müddətdə sərhədin haradan keçdiyini heç kim iddia edə bilməz:

"Bu, həm xaricdən, həm daxildən səslənən “Azərbaycan Ermənistana təcavüz edib” iddiasına cavab olmaqla yanaşı, problemin yeganə həll yolunun delimitasiya prosesinin reallaşması olduğu da deməkdir;

Delimitasiya hansı xəritələrlə aparılacaq?

Əliyev rəsmi Bakının XX əsrin xəritələrinə istinad etdiyini bildirir.

Burada diqqətçən məqam “SSRİ dövrünün” yox, məhz “XX əsrin və ondan əvvəlki dövrün xəritələri” ifaadəsidir: bu o deməkdir ki, Azərbaycan SSRİ qurulmamışdan öncəki dövrün xəritələrini də masada prioritet sənəd olaraq təqdim edir;

Bu gedişin iki mümkün səbəbi var:

1. Hədəfi daha yüksək qoyaraq, ən azı SSRİ dövründə Ermənistana müxtəlif adlar altında verilən ərazilərə nail olmaq: Qazaxın 7 kəndi, Naxçıvanın Kərki kəndi və “otlaq-əkin sahələri” adı ilə ermənilərə “bağışlanan” ərazilərin qaytarılması bu prosesdə həllini tapa bilər;

1. Azərbaycanın tarixi torpaqlara qayıdış ideologiyası danışıqlar masasına çıxarılır;

Sentyabr əməliyyatının nəticəsi

Əliyevin çıxışı əməliyyatda üç nəticə əldə edildiyini rəsmi şəkildə təsdiqləyir.

Birincisi, Azərbaycan ordusu öz torpağında mövqelər tutub: bu, həm də əməliyyatdan sonra ordumuzun geri çəkildiyinə dair iddialara cavabdır;

İkincisi, əldə edilən mövqelər bütün sərhəd boyunca həm hərbi üstünlük, həm də vizual nəzarət imkanı verir: Azərbaycan əsgəri ermənilərin mümkün təxribatlarını, ümumiyyətlə sərhəd boyunca istənilən addımını izləyə biləcək;

Üçüncüsü, bu mövqelər Ermənistanın mühüm kommunikasiya xətlərinə nəzarət imkanı da yaradır;

Ermənistanın 10 noyabr razılaşmasının icrasından yayındığını deyən Prezident iki prioritet istiqaməti də elan etdi:

- Erməni qoşunlar Qarabağdan tam çıxarılmayıb;

- Zəngəzur dəhlizinin açılması ilə bağlı heç bir praktiki iş aparılmır;

Mümkündür ki, Azərbaycan bu iki məsələnin icrası istiqamətində praktiki addımlar atsın.

Əliyevin fikirləri Ermənistan üçün “yol xəritəsi” də hesab edilə bilər: 10 noyabr razılaşması icra edilməli – erməni qoşunlar Qarabağdan tamamilə çıxarılmalı, Zəngəzur dəhlizində işlər başlanmalıdır; Sərhədin delimitasiyası XX əsrin xəritələrinə uyğun aparılmalıdır; Bakının təqdim etdiyi 5 prinsip əsasında sülh sazişinin imzalanmasının alternativi yoxdur".

Xəyalə Məmmədova / Demedia.az