Dünya mediası Türkiyə haqqında yazır: Ərdoğan ən çox izlənən iki liderdən biridir



 20:17 22.09.2022     626

Son 48 saatda baş verənlər "Financial Times"dan, "Əl-Ərəbiyyə"yə, "Washington Post"dan "New York Times" və "Əl-Cəzirə"yə kimi bir çox media orqanı tərəfindən işıqlandırılıb. BBC isə Türkiyənin köməyi ilə reallaşan gözlənilməz addımın "Niyə indi?" sualını qaldırdığını yazıb.

Demedia.az xəbər verir ki, dünya mediası Türkiyə haqqında yazır, Ərdoğan ən çox izlənən iki liderdən biridir.

Ukrayna ilə Rusiya arasında əsir mübadiləsində oynadığı rol, referendum hərəkətinə reaksiya və prezident Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Millətlər Təşkilatının (BMT) sammitindəki çıxışı - dünya mediası Türkiyə haqqında çoxlu xəbərlər yazır.

Beynəlxalq xəbər agentliyi France-Presse (AFP) Ukraynada Rusiyanın işğalı altında olan 4 bölgədə keçiriləcək referendumlara qarşı bəyanat verən NATO ölkələrinə Türkiyənin də qoşulduğunu yazıb. Agentlik Ankaranın sözügedən referendumları “qanunsuz” adlandırdığını bildirib.

“Financial Times” qəzeti “Türkiyə Rusiyanın Ukraynanı ilhaq etmək cəhdini tənqid edir” başlıqlı xəbərində Ankaranın referendum planına ilk rəsmi reaksiyasını verdiyini yazır. Ankaranın Ukraynanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini vurğuladığını qeyd edən qəzet rəsmi bəyanatdan sitat gətirib:
"Belə qeyri-legitim faktlar beynəlxalq ictimaiyyət tərəfindən tanınmayacaq. Əksinə, bu, diplomatik prosesi canlandırmaq səylərini çətinləşdirəcək və qeyri-sabitliyin dərinləşməsinə gətirib çıxaracaq".

Aysun / Demedia.az