Kino şirkətlərinin loqotiplərinin sirri - Araşdırma



 17:15 23.09.2022     978

Koronavirusdan qorunmaq üçün evdə qaldığımız dönəmlərdə çoxumuz “vaxtım yoxdur” sözünü qatlayıb yaddaşımızın bir küncünə qoyduq. İndi əksinə, vaxtı ötürmək üçün əksəriyyət ya kitaba, ya da filmlərə üz tutur. Baxıram, indi çox adam hər gün facebook`da oxuduğu kitab haqqında təəssüratlarını yazır,  yaxud youtube`də  baxdığı filmi analiz edən  video paylaşır. Qərara gəldim ki, bir az da sizə film şirkətlərinin loqolarından danışım. 

Hər dəfə filmə baxanda qarşımıza film şirkətlərinin loqoları çıxır. Yəqin ki, çoxlarımız bu loqolar, onların mənası haqqında heç fikirləşmir də. Əslində isə, onların hər birinin maraqlı tarixçəsi və mənası var. Məsələn, Paramount Pictures`in loqosundakı dağ hansı dağdır? Yaxud, Dream  Works`in loqosundakı oğlan kimdir? Bu haqda fikirləşənlər və öyrənmək istəyənlər, bu video sizin üçündür. 

Dream  Works. 1994-cü ildə 3 məhşur şəxs bir yerə toplandı. Rejissor Steven Spielberg, Jeffrey  Katzenberg və David Geffen. Onları bir yerə toplayan yeni kinostudiya yaratmaq arzusu idi. Təbii ki, yeni yaranan studiyaya yeni loqo da lazım idi. Loqonu hazırlamaq rəssam Robert Hunt`a həvalə edildi.  Steven Spielberg`in istəyilə Hunt şar vasitəsilə aya çıxan, orda oturub balıq tutan kişi təsvir etməliydi. Və bütün bunlar kompyuter qrafikası ilə hazırlanmalıydı. Amma, Hunt öz oğlunu çəkdiyi ikinci versiyanı da hazırladı. Yekun baxışda Spielberg uşaq olan variantı bəyəndi. 

Paramount Pictures 1912-ci ildə yaranıb. Şirkətin loqosunu William Hodkinson hazırlayıb. O, uşaqlığını keçirdiyi Yuta ştatındakı Ben Lomond dağına bənzər dağ çəkib. İlkin  vaxtlarda dağın ətrafında 24 ulduz vardı.  Bu, həmin dövrdə şirkətlə müqavilə bağlayan məhşur ulduzların sayıydı. İndi isə dağın zirvəsindəki ulduzların sayı 22-dir. Bu dəyişikliyin səbəbi bilinmir. Hazırda loqodakı dağ ilkin variantdakından fərqlənir. Bunun da səbəbi yeni loqonun kompyuter qrafikası ilə işlənməsidir. 

Columbia Pictures. Film şirkəti öz loqosunu 1924-cü ildə təqdim edib. İlk loqoda arxasında qara fon olan qadının bir əlində yanan məşəl, o biri əlində ABŞ bayrağı vardı. Columbia Pictures sözləri onun başı üzərində yazılırdı. Təbii ki, loqo bu cür olduqca bəsit görünürdü. Sonradan loqo müəyyən dəyişikliklərə uğradı. Zamanla qadının başındakı yaylıq götürüldü, saçları daha səliqəli oldu, arxa fonda buludlar göründü. “Sony” kompaniyası film şirkətini aldıqdan sonra loqo son variantda təkrar işləndi. İllərdir qarşımıza çıxan son variantda qadının əlində bayraq yoxdu, məşəlin alovu daha gurdu. Yazılar isə qadının arxasında qalır. 

Metro Goldwyn Mayer.  Şirkətin 1924-cü ildə yaranan ilk loqosunun ideya müəllifi Howard Dietz olub. O vaxtlar Kolumbiya Universitetində “The Lions” adlı bir idman klubu vardı. Dietz ideyasını həyata keçirməkdə məhz həmin klubdan ilhamlanıb. İndiyədək MGM-nin loqosunda 5 fərqli aslan  çəkilib: Slats, Jackie, Tanner, George və Leo. Hazırkı loqonun qəhrəmanı Leo`dur. Qeyd edim ki, loqoların çəkilişi zamanı heç bir şir zədə almayıb və əziyyətə məruz qalmayıb. Əgər internetdə qarşınıza əziyyət verilən  şir şəkilləri çıxırsa, əmin olun ki, kimsə fotoşopda gözəl işləməyi bacarır…  

Walt Disney. Dünyanın ən məhşur cizgi filmi studiyasının loqosundakı qəsr çoxlarımızı xəyalən nağıllar diyarına qonaq edib. Şirkətin  ilk loqosunda Almaniyadakı ikinci adı Qu Quşu qəsri  olan Neuschwanstein  qəsri görünürdü. 2006-cı ildən bu yana isə şirkət  loqosunda müəyyən dəyişikliklər etdi. Hazırkı loqoda uşaqların nağıl dünyasını sehrləyən qəsr Parisdəki Cindrella qəsridir... 

Bahadur Seyidov / Demedia.az