Koronavirus haqqında xurafatlar... - Araşdırma
Çinin Wuhan şəhərində ortaya çıxan və Covid-19 adlandırılan koronavirus artıq dünyanın 118 ölkəsində qeydə alınıb. Hələ ki, rəsmi olaraq vaksini tapılmayıb. Buna baxmayaraq, internetdə “bu xeyirlidi” deyə-deyə hərə bir video çəkib paylaşır, hərə bir məlumat yayır. Hələ koronavirusla mübarizə aparmaq üçün “min dərdin min bir dərmanı” deyib müxtəlif yollara əl atanlar da var.
Hindistanın paytaxtı Nyu-Dehlidə koronavirusla mübarizə məqsədilə dini mərasim keçirilib. Hindistanın baş naziri və ölkənin hakim partiyası olan Bxaratiya Janata partiyasının sədri Narendra Modi koronavirusa qarşı mübarizə aparmaqdan ötrü əhaliyə inək sidiyi içməyi məsləhət görüb. Xatırladım ki, inək Hindistanda müqəddəs heyvan sayılır. Baş nazir bildirib ki, inək sidiyi nəinki koronavirusun, xərçəng kimi müalicəsi olmayan bir çox xəstəliklərin də dərmanıdır.
Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov isə əhalinin üzərlik tüstüsünə verilməsinə dair tədbirlərin keçirilməsini əmr edib. Berdımuhammedov deyib ki, “üzərlik tüstüsü gözə görünməyən virusların insan orqanizminə daxil olmasının qarşısını alan səmərəli vasitədir”. Qeyd edim ki, Berdımuhammedov “Türkmənistanın dərman bitkiləri” adlı kitabın da müəllifidir.
Belə yerdə deyiblər: “Qulaq gündə bir söz eşitməsə, kar olar...” Bu videoda geniş yayılsa da, əslində, koronavirusa heç bir mənfi-müsbət təsiri olmayan xurafatlardan danışacağam.
Sarımsaq. Facebook`da hər 5 paylaşımdan biri belədir: “Sarımsaq yeyin, koronavirusa yoluxmayın”. Ümumdünya Səhiyyə Təşkilatının hesabatında isə deyilir: “Düzdür, sarımsaq mikroblara qarşı istifadə edilir. Amma, onun insan orqanizmini koronavirusdan qoruduğuna dair heç bir elmi sübut yoxdur”. Odur ki, çalışın, sarımsaqdan da qədərincə istifadə edin. Yoxsa, “Morning Post” qəzetinin haqqında yazdığı çinli qadın kimi korona yalan olar, sarımsaq gerçək. Qəzet yazır ki, Çində bir qadın 1,5 kq sarımsağı çiy-çiy yediyinə görə qida borusu zədələnib və xəstəxanaya aparılıb.
“Möcüzəvi minerallar”. Youtuber Jordan Sather iddia edir ki, qısaca olaraq MMS adlandırılan həb koronavirusu “silib süpürür”. Tərkibində xlorin-dioksid adlı ağardıcı maddə olan həbin reklamı hələ koronavirus meydana çıxmazdan əvvəl başlayıb. Bu ilin yanvarında Sather öz “Twitter” hesabında belə yazdı: “Xlorin-dioksid, sadəcə, xərçəng hüceyrələrini öldürmür, həm də koronavirusu orqanizmdən silib süpürür”. Görünür, o, hələ keçən il Amerikan Qida və Dərman İdarəsinin (FDA) MMS həblərinin təhlükəli olduğu barədə məlumat yaydığını unudub. Xatırladım ki, FDA öz məlumatında yazmışdı: “Bu həblərin hansısa bir xəstəliyin müalicəsində faydalı olduğu barədə heç bir tibbi və elmi araşdırma yoxdur”.
Evdə hazırlanan dezinfeksiya maddələri. İnanıram ki, bu günləri də geridə qoyacağıq və nə vaxtsa danışanda “koronadan əvvəl”, yaxud “koronadan sonra” deyə ifadələr işlədəcəyik. Amma, indi, “koronalı günlərdə” bütün dünyada marketlərdə və apteklərdə qələbəlik müşahidə olunur. Bu qələbəliyə nisbətən isə maska, dezinfeksiya vasitələri qıtlığı yaşanır. Buna görə də bir çox insan gigiyenik vasitələri əvəz edən qarışımları evdə hazırlamağa başlayıb. Ancaq, mütəxəssislər bu vasitələrin xeyirdən çox zərər verdiyindən əmindir. London Gigiyenik və Tropik Xəstəliklər Mərkəzinin əməkdaşı professor Sally Bloomfield deyir ki, evdə alokoqol tərkibli vasitələr hazırlamaq dəriyə ciddi zərər vura bilər.
Gümüş içmək. Koloidal və ya başqa bir maye içərisində əridilən gümüş zərrəcikləri ABŞ-da, şoumen Jim Bakker`in verilişində tövsiyə edilib. Verilişin qonaqlarından biri tərkibində gümüş zərrəcikləri olan mayenin 12 saat içində bəzi virusları öldürdüyünü deyib. Amma, etiraf edib ki, bu qarışımı koronavirusa yoluxan heç bir xəstənin üzərində sınamayıb. ABŞ-ın tibbi mütəxəssisləri isə qarışımın sağlamlığa faydalı olduğuna dair əllərində heç bir sübut olmadığını açıqlayıb. Üstəlik, gümüşün dəmir və sinkdən fərqli olaraq, insan orqanizmində heç bir işə yaramadığını, əksinə, böyrəklərə zərər verdiyini, ruhi-psixoloji gərginlik yaratdığını da vurğulayıblar.
Hər 15 dəqiqədən bir su içmək. Facebook`da yayılan ən geniş yayılan “tövsiyələrdən” biri də hər 15 dəqiqədə su içməkdir. İddia edilir ki, su ağızda olan bütün mikrobları yuyub aparır. London Gigiyenik və Tropik Xəstəliklər Mərkəzinin əməkdaşı professor Sally Bloomfield bu iddianın da əsassız olduğunu qeyd edib. Onun sözlərinə görə, hava yoluyla yayılan və tənəffüs yollarından, xüsusilə, ağız və burundan orqanizmə daxil olan viruslarla mübarizədə su gücsüzdür. Həmçinin, professor Bloomfield əlavə edib ki, ümumiyyətlə, su içmək insan üçün faydalıdır. Koronavirusa dəxli olmasa da...
İsti şorba yemək və dondurmadan uzaq durmaq. Korona ilə mübarizə üçün “isti su için”, “isti duş alın”, hətta, “saç fenindən istifadə edin” kimi üsulları tövsiyə edənlər sosial mediyada minlərlədir. Bir çox ölkədə paylaşılan və BMT-nin Uşaqlara Yardım Fondu (UNİCEF) tərəfindən məsləhət görüldüyü iddia edilən bir məlumatda isə deyilir: “Tez-tez isti su için, təmiz havaya çıxın, dondurma yeməkdən çəkinin”. UNİCEF-in əməkdaşı Charlotte Gornitzka yayılan məlumatın yalan olduğunu, üzvü olduğu təşkilatın heç bir bəyanat yaymadığını bildirib. Professor Bloomfield də Gornitzka ilə eyni fikirdə olduğunu deyib. Onun sözlərinə görə, “virus orqanizmə daxil olduqdan sonra isti yerdə yatmağın, yaxud qaynar şorba içməyin ziyanı olmasa da, virusla mübarizədə xeyri də yoxdur”. Professor məsləhət görür ki, yeganə çıxış yolu orqanizmin virusla savaşmasını çətinləşdirməmək üçün əlavə üsullardan bacardıqca uzaq durmaqdır. Çünki, insan orqanizminin özündən böyük və etibarlı müdafiəçisi yoxdur.
Sosial mediyada alkoqollu içkilərin koronavirusdan qorunmağa və onun məhvinə kömək etməsilə bağlı şaiyələr dolaşır. Nəticədə isə, bir çox insanlar mütəmadi olaraq alkoqol qəbul etməyə çalışır ki, virusa yoluxmasınlar. Amma, panika dövründə satışa çıxarılan saxta içkilər can almaqda koronadan qabağa düşüb. İran Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, artıq İranda 138 nəfər saxta içkidən dünyasını dəyişib. Onlar koronavirusla mübarizə aparmaq üçün üz tutduqları alkoqollu içkilərin saxta olduğunu bilməyiblər. Sadəcə, “küyə düşüblər”. Çalışın, küyə düşməyin və koronavirusdan qorunmaq üçün Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl edin.
Əllərinizi mütəmadi olaraq alkoqol tərkibli vasitələrlə təmizləyin. Xəstə insanlarla əl təmasından çəkinin.
Daimi toxunduğunuz səthləri tez-tez təmizləyin. Məsələn, mətbəx stolu, yaxud iş masası kimi yerlər...
KOVİD-19 haqqında ətraflı məlumat almağa çalışın. Əmin olun ki, aldığınız məlumatların mənbəyi etibarlıdır. Unutmayın, koronavirus bütün hallarda ölümcül deyil. Gigiyenik qaydalara və düzgün qidalanmaya əməl etməklə, virusla mübarizə aparmaq mümkündür.
Temperaturunuz, yaxud quru öskürəyiniz varsa, yol çıxmaqdan, səyahət etməkdən çəkinin. Mütləq həkimə müraciət edin və olduğunuz yerlər barədə ətraflı məlumat verin.
Öskürəndə, yaxud asqıranda burnunuzu dəsmalla silin. Sonra da həmin dəsmalı ağzı bağlı zibil yeşiyinə tullayın və dərhal əlinizi yumağa çalışın.
Yaşınız 60-ı keçibsə, üstəlik, ürək-damar problemləri, tənəffüs yolları xəstəliklərindən hər hansı biri, yaxud, diabetiniz varsa, həkimə müraciət edin. İctimai yerlərdən uzaq durun, daha az insanla təmasda olmağa çalışın.
Özünüzü yaxşı hiss etmirsinizsə, evdə qalın, həkimə zəng vurub vəziyyətinizi ətraflı izah edin. Lazım gəldikdə, bir otağa çəkilib özünüzü ailə üzvlərinizdən təcrid edin. Yalnız həkim məsləhətiylə hərəkət etməyə üstünlük verin.
Özünüzü xəstə hiss edirsinizsə, ailə üzvləri ilə eyni masaya əyləşməyin. Hətta, boşqab və çəngəlinizi belə ayırın. Tualetdən, yaxud hamamdan istifadə etdikdən sonra toxunduğunuz səthləri alkoqol tərkibli vasitələrlə dezinfeksiya edin.
Nəfəs almaqda çətinlik çəkirsinizsə, həmin dəqiqə həkimə zəng vurun və tibbi heyətin gəlib sizi xəstəxanaya aparmasını səbrlə gözləyin.
Xüsusilə, yoluxma hallarının qeydə alındığı ölkədə, şəhərdə yaşayırsınızsa, narahat olmağınız normaldır. Məlumatlanın və yaşadığınız cəmiyyətdə necə davranacağınız barədə mütəxəssislərin məsləhətlərinə diqqət edin. Öyrəndiyiniz məlumatları iş yoldaşlarınıza və yaxud qohumlarınıza aram-aram, sadə dillə başa salın.
Bahadur Seyidov Demedia.az