Azərbaycan və Türkiyəyə qarşı üstüörtülü mesaj: İran nə istəyir?
"Ermənistan sərhədini “qırmızı xətti” elan edən İran Azərbaycana qarşı “sionizm” kartını yenidən dilləndirir. Sentyabrın 21-də Azərbaycan-Ermənistan sərhədini müzakirə edən İran parlamentinin Milli Təhlükəsizlik Komissiyası bəyanatında “sərhədlərin dəyişilməziliyinin yolverilməz olduğunu” bildirdi. Və sərhəddə baş verənləri “beynəlxalq sionizm” və NATO fitnələrinin nəticəsi kimi təqdim etdilər".
Demedia.az xəbər verir ki, bunu politoloq Asif Nərimanlı deyib.
O bildirib ki, bu, Azərbaycan və Türkiyəyə qarşı üstüörtülü mesajdır:
"Burada NATO üzərində xüsusi vurğunun edilməsi də Rusiyanın Cənubi Qafqaz regiondakı siyasətini dəyişdirmək istəyindən qaynaqlanır: Tehran Moskvaya göstərmək istəyir ki, sərhədin dəyişməsini Rusiya ilə müharibə aparan NATO həyata keçirir;
Sentyabrın 22-də İran ordusunun xüsusi paradı zamanı baş qərargah rəisi Məhəmməd Baqeri də eyni motivli açıqlama ilə çıxış etdi.
- “Sərhədin güc və müharibə yolu ilə dəyişdirilməsinə dözməyəcəyik”;
- “Təhlükə hiss etsək, sionist rejimin ünsürləri və onların havadarlarını cəzalandıracağıq”;
M.Baqeri belə iddia edir. Və həm Milli Təhlükəsizlik Komissiyası, həm Baqeri “Azərbaycan və Ermənistanı problemin dialoq yolu ilə həllinə” çağırır – Bakıya heç bir praktiki addım atma deyirlər -, həm də “müdaxilə edəcəkləri” təhdidi ilə çıxış edirlər.
Bölgədəki proseslərə, xüsusilə Rusiya faktoruna görə “dözməyəcəyik” sözünü təkrarlayan İranın ata biləcəyi addımlar məhduddur. Lakin İranın bəyanatlarının blef olmadığı və hansısa “müdaxilə planları”nın hazırlandığı da istisna deyil. Və bu plan daha çox təxribat addımlarından ibarət ola bilər".
Xəyalə Məmmədova / Demedia.az