Dünyada ən maraqlı evlər - Araşdırmaq
Əksər insanlar sadə və xudmani evdə yaşamağı sevirlər. İstər bina evi, istərsə də həyət evi olsun, dünyanın hər yerində bir-birinə oxşayan evlər tapa bilərsiniz... Amma bəzi insanlar qaydaları pozmaqdan xoşlanır. Onlar qəribə, qeyri-adi evlər tikməkdən zövq alırlar. Qonşuları onlara gülə bilər, hamı lağa qoya bilər, lakin yaradıcı insanlar bunu eyninə almaz. Hər gün qarşısından gülə-gülə keçdikləri evin içini görəndə həsəd çəkən insanlar da az deyil... Bu gün məhz belə evlərdən danışacağam...
Təyyarə ev.
Bryus Kempl bir təyyarədə yaşayır. Yox, elə düşünməyin ki, o bir aktyordur və təyyarədə yaşamaq da məcazi anlamdadır. O, ABŞ-ın Oreqon ştatından olan 69 yaşlı mühəndisdir... Bryus 15 il əvvəl 100 min dollara işlənmiş “Boeing 727” alıb. Sonra da onu xəyalındakı ev üçün hazırlayıb. Təyyarənin içində 1 yataq otağı, qonaq otağı və ofis var. Pilot kabinəsi mətbəx kimi fəaliyyət göstərir. Təyyarənin kiçik tualetinə isə duş montaj edərək özünə hamam da düzəldib. Düzdür, belə bir evdə-təyyarədə yaşamağı çox adam istəməz...Amma Bryus evini çox sevir və özünü evində olduqca rahat hiss etdiyini deyir. Üstəlik, Bryusun tez-tez qonağı olur. Dünyanın hər yerindən insanlar bu qeyri-adi evi görməyə gəlir. Təyyarə evin içinə girmək üçün pilləkənlərdən yuxarı çıxan qonaqlar öz heyranlıqlarını gizləmir və Bryus evini insanlara təqdim etməkdən zövq aldığını söyləyir. Ev sahibi evini təmiz saxlamağa üstünlük verir.
Hobbit kəndi.
Bu qeyri-adi və təbiətlə iç-içə olan ev Uels krallığındadır. Jasmin və Saymon Beyl əl-ələ verərək həqiqi bir Hobbit kəndi yaradıblar. Əslində, onlar sadəcə, təbiətlə iç-içə yaşamaq istəyirdilər və bir neçə ay ərzində evlərini inşa etdilər. Lakin evi sonradan görənlər ona “Hobbit kəndi” adını verdilər. Evin memarı Jasminin atası idi. O, kürəkəni Saymon ilə birgə evin inşasına başlayanda bu layihə ətrafdakı insanların marağına səbəb oldu. Təbii ki, insanlar yaxınlarındakı qeyri-adi evi gülərüzlə qarşıladılar, hətta, tikintidə könüllü olaraq minə yaxın adam işlədi. Beyllərin evi hazır olduqdan sonra çoxları məhz bu cür evi olmasını arzuladı. Beləcə, Hobbit kəndi genişləməyə başladı. Beyllər təkcə yaşıl evlə yaşamaqla qalmadı, özlərinə bostan və bağ da saldılar. Onlar təbiət qoynunda təbii qidalanmağın daha doğru olduğunu düşünürlər.
Görünməz ev. Uşaqkən bir ağac evinizin olmasını xəyal etmisinizmi? Yoxsa, ağac eviniz vardı? Cavabınızı rəyə yaza bilərsiniz. İsveçdəki məhşur bir otelin yaradıcıları da ağac ev fikrindən ilhamlanıblar. Onlar qonaqların özlərini əsl oteldəki kimi rahat hiss edəcəkləri ağac evlər inşa etdilər. Otelin ən qəribə otağı “Güzgü kubu” adlanır. Hər tərəfi güzgü olduğu üçün kənardan baxanlar otağı görmür. Ətrafdakı bütün mənzərə kubun divarlarında əks olunur. Bu görünməz evə çırpılan quşlar haqqında narahatsınızsa, yaxşı xəbərim var. Otağın divarları yalnız quşlar tərəfindən görülən ultra şüalarla işıqlanır. Ağac evə çıxmağın tək yolu asma kəndir körpüdür. “Güzgü kubu”nda iki nəfərlik yataq, kiçik bir hamam otağı var. Otağın daxili divarları ağacdan hazırlanıb. 6 pəncərədən əsrarəngiz təbiət mənzərələri görünür. Otaqda pulsuz internet də var.
Çay evi. Bu evi görəndən sonra böyük şəhərlərin səs-küyündən bezən insanlar gecələr yuxularını qatacaqlar. Bu ev onların yuxusuna girəcək. Çay evi Serbiyadadır. Çayın ortasındakı qayalıqda inşa edilib. İlk baxışda adama elə gəlir ki, qasırğa, ya da daşqın nəticəsində hər yer dağılıb, bircə bu ev salamat qalıb. Çünki, məntiqlə, ağlı başında olan heç kim belə yerdə ev tikməz. Amma bu ev 1968-ci ildə yay tətilinə gələn bir neçə dost tərəfindən inşa edilib. Çayın sürətli axınına baxmayaraq, onlar həmişə evə üzərək gediblər. Əvvəlcə, adada kölgəlik düzəltdilər. Sonra qərar verdilər ki, burda ev də tikmək olar. İnşaat materialları axıntı istiqamətində qayaya tərəf itələndi, bir neçə dost da qayada onları tutdu. Bəzi inşaat materialları isə qayıqla gətirilib. Nəticədə, qayanın üzərində belə qəribə bir ev yarandı. Bir neçə dəfə dağıdıcı daşqına məruz qalan ev hər dəfəsində yenidən təmir olunub. Sahibləri onun məhşurluğundan zövq aldıqlarını da gizlətmirlər. 2012-ci ildə çay evinin bu möhtəşəm fotosunu çəkən İren Becker`ə təşəkkürlər. Bu foto “Nathional Geographie” tərəfindən 2012-ci ilin “avqust ayının ən yaxşı fotosu” seçilib. O vaxtdan bəri bura turistlər üçün daha da populyar hala gəlib.
Damdakı ev. Xəyallarınızdakı evi bir dağın zirvəsində inşa etmək istəyirsiniz? Amma bunun üçün imkanınız yoxdu? Çıxış yolu var. Şan Lin adlı bir çinli öz xəyallarını gerçəkləşdirmək üçün qəribə bir yol tapdı. Evini Pekindəki bir göydələnin damında inşa etdi. Lin əvvəlcə, bir dam satın aldı. 6 il boyunca dama tonlarla daş və çınqıl daşıdı. Sonunda binanın damında kiçik dağ yaratdı. Sonra da evini inşa etdi. Lakin Lin böyük bir səhvə yol verib-inşaat üçün rəsmi icazə almayıb. Bina sakinlərinin səs-küydən şikayətlənməsi, üstəlik, binanın divarlarında çat əmələ gəlməsi inşaat prosesini dayandırdı. Bundan əlavə, yağış yağanda bina sakinlərinin evlərinə su damması da problemlər sırasındaydı. Nəticədə, Linə evini uçurması əmr edildi.
Yeraltı evləri. Avstraliya əhalisinin çoxu sahil zonalarında və ağaclara yaxın yerlərdə yaşayır. Amma səhrada yaşayan insanlar da var. Təbii ki, səhra deyəndə yandırıcı istilər də nəzərdə tutulur. Hələ qum fırtınaları... Bəs, bu şərtlər altında necə yaşamaq olar? Opal mədəni yaxınlığındakı kiçik qəsəbənin sakinlərinin bu suala cavabı var. Onlar 1 əsrdən çoxdur ki, yeraltı evlərdə yaşayırlar. Bu evlərdə kondisioner istifadə etmədən 220 temperaturda yaşamaq olur. Məsələn, dağın ətəyində qazılaraq inşa edilən bu evdə 3 yataq otağı, bir zal, mətbəx və hamam otağı var. Evin qiyməti də normal evlərin qiymətindən fərqlənmir. Yeraltı qəsəbənin turistlərin marağına səbəb olmasını görən səlahiyyətlilər, burda yeraltı otel də tikiblər.
Su üstündəki ev. Bu kanadalı cütlük O`Henrinin məhşur hekayəsinin qəhrəmanlarına bənzəyir: “İncəsənəti sevənlər”... Onlar ikisi də sənətkardı. İncəsənətlə məşğul olmaq üçün lazım olan mənzərəli evi almağa heç vaxt pullarının olmayacağını anlayanda, bu evi özləri tikməyə qərar veriblər. Nəticədə, ətrafında kiçik bağçası olan bu ada ev yarandı. Ketrin King və Ueyn Adams cütlüyünün “üzən ev”i “Azadlıq adası” deyə də adlandırılır. Burdan ən yaxın şəhərə qayıqla getmək üçün 45 dəqiqə vaxt lazımdır. Ueyn inşa prosesində heç bir elektrikli alət istifadə etməyib. Sadəcə, çəkic, mişar kimi sadə əl alətləri ilə özünə ev tikib və bunu qürurla danışmaqdan doymur. 1990-cı illərdə başlayan inşaat prosesi hələ davam edir və hazırda ada bir-birinə bağlı 12 üzən platformadan ibarətdir. “Üzən ev”də fərqli rənglərdə boyanan otaqlarla yanaşı, kiçik bostan, istixana, sənət qalereyası, rəqs meydançası, iki emalatxana var. Kiçik mayak isə hamam otağı rolundadır. Adanın su ehtiyacı yay vaxtı sahildəki şəalələr, qışda isə qar və yağış suları tərəfindən ödənir... Elektriki günəş panellərindən alan cütlük xoşbəxt olduqlarını deməkdən yorulmurlar...
Qayıq evlər. İngiltərənin cənubundəki qərbi Sussexdə bir kənd var. Bu kəndin evləri qayıq-evlərdir. Qayıq-evlərin köhnə qayıqlardan, avtobus, yaxud təyyarə hissələrindən inşa edilməsi isə bu kəndə bənzərsiz bir hava qatır. Burdakı bir qayıq-ev o birinə heç bənzəmir. Makkenzi sakinlərdən biridir. O, köhnə mikrodalğalı sobanı poçt qutusu kimi istifadə edir. Qılıncla musiqi ifa edə bilir. İnsanların çoxuna qəribə təsir bağışlasa da, o, həyat tərzindən məmnundur. Evinin içində təyyarə burnu da var. Makkenzi buraya 30 il əvvəl köçüb. Evsiz və işsiz idi, küçələrdə yaşayırdı. Bir gün insanlardan qayıq-evlər barəsində eşidir və çox həyəcanlanır. O da özünə qayıq-ev hazırlamağa qərar verir. İndi, Makkenzi xəyal etdiyi hər şeyə sahibdir.
Bahadur Seyidov / Demedia.az