Qlobal istiləşmə: Dünyanı nə gözləyir?
Az qala hər gün dünyamızın sonu haqqında fərziyyələr eşidirik, oxuyuruq. Deyilənlərin də hamısı bir-birindən qorxunc səslənir... Bəzən düşünürük ki, “əşşi, fikir verməyək, deyirlər də...”. Bəzənsə bu dünyanın bir parçası kimi oturub fikirləşirik... Dan Braun`un məhşur “Mələklər və iblislər” romanında yazdığı kimi, “planetimiz orqanizmdir, biz də onun hüceyrələri...” Bu böyük orqanizmin gördüyü hər bir zərərdən bizə-onun kiçik hüceyrələrinə də pay düşür axı...
İndiyədək Yer kürəsində qlobal hadisələr az baş verməyib. Təbii ki, hamısının da planetimizə müxtəlif təsiri olub. Planetin asteroid ilə standart toqquşmasından tutmuş, qlobal istiləşməyə qədər hamısı canlı olan dünyamıza zərər vurur. Düzdür, ümidimiz böyükdür, güman edirik ki, yaşadığımız dönəmdə bu cür qlobal hadisələrlə qarşılaşmayacağıq. Amma, planetimizin nə fəlakət, nə də tibbi sığortası mövcud deyil... Elə qlobal fəlakətə çevrilən koronavirus ümidlərimizin boşa çıxmasına bəs etdi. Ona görə də, hər an insanlığın sonunu gətirə bilən hadisələrə hazır olmalıyıq...
Bəs, bizi qarşıda hansı qlobal fəlakətlər gözləyə bilər?
Daşqınlar. Hər il dəniz səviyyəsi sürətlə qalxır. Hesablamalara görə, qütblərdəki buzlar ərisə, bütün planet su altında qalacaq.
Bu prosesin əksi- yəni dəniz səviyyəsinin sürətlə düşməsi isə buz dövrünü yaradacaq.
Planetin asteroidlə toqquşması da qlobal fəlakət sayılır. Məsələn, 3 km və yaxud daha böyük ölçülü asteroid kifayətdir ki, Yer kürəsindəki insanlıq məhv olsun.
Metanhidrat silahı. Bu sözü gündəlik həyatda tez-tez eşitmirik. Amma, bu o demək deyil ki, o, yoxdur. Metan hidratlar dənizin altında yerləşir. Okeanların temperaturu yüksək həddə çatsa, metanlar azad olacaq. Hesablamalara əsasən, 251 milyon il əvvəl bu cür hadisə baş verib və planetin canlı orqanizminin 96%-i məhv olub.
Sualtı vulkanların partlaması. Bu hal tez-tez baş verərsə, okeanlardakı oksigen miqdarı azalar. Bu da suda və suya yaxın ərazilərdə yaşayan canlı orqanizmlərin məhvi deməkdir. Alimlər bu halın 93 milyon il bundan əvvəl baş verdiyini ehtimal edir.
Qamma şüalanmalar. Kainatda baş verən ən böyük elektromaqnit hadisələri sayılan qamma şüalanmalardan, hələ ki, planetimiz zərər çəkməyib. Amma, əgər bu hal baş verərsə, başımızın üstündə nüvə partlamasının effektini görə bilərik...
Siyahımızda yeddinci yeri qlobal istiləşmə tutur. Bu anlam cəmi 2 əsr öncə yaranıb və planetimizdəki temperaturun ildən-ilə artdığını bildirir.
İqlim Dəyişmələri üzrə Dövlətlərarası Ekpertlər Qrupunun (İDDEQ) 2007-ci ildəki məruzəsinə görə iqlim sisteminin istiləşməsi inkar olunmaz faktdır. Bunu hava və okeanların artan temperaturları üzərində müşahidələrdən, qar və buzlaqların əriməsinin artmasından, okeanların orta səviyyəsinin qalxmasından görmək olar. Temperatur dəyişməsinin yüzillik trendi (1906-2005-ci illər) 0,76-ya bərabərdir. Temperaturun artması bütün en dairələrində müşahidə olunur, ancaq, o, yüksək en dairələrində daha böyükdür. Quru regionlar okeana nisbətən daha sürətlə qızır. Dəniz səviyyəsinin qalxması istiləşmə ilə uyğunlaşır. İstilik genişlənməsi və buzlaqların əriməsi nəticəsində 1961-ci ildən dənizin qlobal səviyyəsi ildə 1,8; 1993-cü ildən isə 3,1 mm qalxıb.
Bəs qlobal istiləşməni yaradan səbəblər hansılardır? Sualın cavabı çoxdur. Lakin biz qısa və konkret olaraq belə deyə bilərik: “İnsanlar tərəfindən atmosferə atılan qazların istixana təsiri yaratması nəticəsində yer səthində yaranan istilik artımına Qlobal İstiləşmə deyilir”.
İqlim Dəyişmələri üzrə Dövlətlərarası Ekpertlər Qrupunun üzvləri də (İDDEQ) atmosferdə karbon və metan qazlarının getdikcə artması nəticəsində istixana effektinin yaranmasını israr edirlər. Qeyd edim ki, İstixana effektinin ideyası ilk dəfə 1827-ci ildə fransalı fizik Josef Furye tərəfindən verilib. Bu ideyaya görə müəyyən qazlarla zəngin atmosferin üst qatı yer səthindən istilik şüalanmasına şəffaf olmur, onları troposferdə saxlayır və nəticədə bu qatın temperaturu qalxır.
Yerin istilik balansına təsir dərəcəsinə görə əsas istilik qazları aşağıdakılardır:
-su buxarı;
-karbon qazı;
-metan;
-ozon;
İqlim Dəyişmələri üzrə Dövlətlərarası Ekpertlər Qrupunun üzvləri (İDDEQ) onu da bildirirlər ki, atmosferdə istixana yaradan qazların, xüsusən, karbon qazının miqdarının artmasının səbəbi insanlardır.
1860-cı ildən bəri aparılan qeydlər onu göstərir ki, qlobal istilik 0.5-0.8 dərəcə arasında artıb. Heç bir tədbir görülməsə, 21-ci əsrin sonunda qlobal istiliyin 2 dərəcə artacağı ehtimal edilir.
Müxtəlif araşdırmaların nəticələrini ümumiləşdirəndə indiyədək bəşəriyyətin yaşadığı ən isti il müəyyən edilib. Qorxmayın, siz bu ili yaşamayacaqsınız. Çünki, artıq yaşamısınız. İndiyədək planetimizin yaşadığı ən isti il kimi tarixə düşən 2007-ci ildir. “NASA”-nın hesablamalarına görə isə, son dönəmin ən isti on ili 2010-2019-cu illər olub.
Araşdırmalar nəticəsində o da məlum olub ki, son 50 ildə qlobal istiləşmə insan həyatına təsir göstərir. 2016-cı ildə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) o vaxtkı baş direktoru Marqaret Çan da iqlim dəyişməsinin insan sağlamlığına mənfi təsirlərini qeyd edib. Həmin ilin ÜST hesablamalarında aşağıdakı həyəcanverici rəqəmlər vardı:
Qlobal istiləşmə bronxial-astma xəstəliyinə səbəb olan bitki tozcuqları kimi havaya təsir edir, antropogen və təbii mənşəli bərk zərrəciklərin havada yayılmasını daha da sürətləndirir. Bu da o deməkdir ki, yaxın 10 ildə astmadan ölənlərin sayı 20% artacaq.
Son 50 ildə insan fəaliyyəti nəticəsində karbon qazının atmosferdəki miqdarı 30%-dən çox artıb. Yəni, isti hava atmosferin aşağı təbəqələrində sıxılıb qalır. Artan temperaturda infeksion xəstəliklərin mutasiyaya uğraması an məsələsidir.
Havanın qısamüddətli intensiv dəyişməsi ürək və nəfəs yolları xəstəliklərini də artırır. Araşdırmalar göstərir ki, 2003-cü ilin yayında Qərbi Avropada havanın qəfil istiləşməsi ürək çatışmazlığından ölənlərin sayının artmasına səbəb olub.
Qlobal istiləşmənin mənfi təsirləri təkcə xəstəliklərin artması ilə yekunlaşmır. Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarında müharibələrdən də bəhs edilir.
Qlobal istiləşmə nəticəsində dəniz səviyyəsinin ilbəil artdığını videonun əvvəlində qeyd etdim. Bu da o deməkdir ki, yaxın zamanda sahilboyu ərazilərdən üzü dağlara doğru, materik və qitələrin mərkəzinə doğru geniş miqyaslı köçlər başlaya bilər. Nəzərə alsaq ki, hazırda dünya əhalisinin 60%-indən çoxu sahil xəttinin 60 km məsafə dairəsində yaşayır, bu köçün miqyasını təsəvvür edə bilərik. Daşqınların su vasitəsilə keçən xəstəliklərə səbəb olması bir yana, ərazi üstündə müharibələrin baş verməsi milyonlarla insanın ömrünə son qoyar...
Qlobal istiləşmənin gətirdiyi bir fəlakət də yağışların yağmamasıdır. Yağıntıların miqdarının azalması planetimizdə şirin su ehtiyatlarının tükənməsinə gətirib çıxarır. Hazırda dünyada hər on nəfərdəm dördü təmiz, içməli su çatışmazlığından əziyyət çəkir. Çirkli su istifadə etməyə məcbur qalan insanların kütləvi şəkildə diareya (ishal), eləcə də korluğa səbəb olan traxoma (göz infeksiyası) xəstəliklərinə yoluxması da birbaşa qlobal istiləşmənin yaratdığı fəsadlardandır.
Qlobal istiləşmə dünyamızı ərzaq qıtlığına doğru da sürükləyir. Hesablamalara görə, 2050-ci ilədək aclıqdan ölənlərin sayı 2 dəfə artacaq.
Bütün bunları eşidəndən sonra, yəqin ki, çoxlarınız düşünür: bəs, mütəxəssislər niyə həyəcan təbili çalmır? Başı çıxanlar niyə nəsə etmir? Birincisi, bu qorxuducu rəqəmlərin hamısı uzun illər aparılan araşdırmaların nəticəsində meydana çıxıb. İkincisi, başı çıxanlar dediklərimiz, yəni alimlər artıq iki dəfə ümumdünya xəbərdarlığı yayımlayıb.
“Dünya alimlərinin insanlığa olan birinci xəbərdarlığı” başlıqlı məqalə 1992-ci ildə dərc olunub və 1700 mütəxəssis tərəfindən imzalanıb. İkinci məqalə isə bundan 25 il sonra-2017-ci ildə dərc edilib. “Dünya alimlərinin insanlığa olan ikinci xəbərdarlığı” adlı məqaləni bu dəfə 184 ölkədən olan 15 000 alim imzalayıb. Onlar hamısı bu fikirdədir ki, “iqlim dəyişikliyi, meşələrin kəsilməsi, suyun çirklənməsi, bir çox heyvan və bitki növünün yox olması, insan sayının durmadan artması Yer kürəsinə öz mənfi təsirlərini göstərməkdədir”.
Məqalənin müəlliflərindən biri Oreqon Universitetinin professoru William Ripple`dır (Vilyam Ripl). Məqalənin hazırlanmasında isə dövlət agentliklərinin, qeyri-kommersiya təşkilatlarının, individual tədqiqatların materiallarından istifadə edilib. Əldə edilən faktlar sübut edir ki, qlobal istiləşmə planetimizi məhvə doğru sürətlə sürükləyir.
“İnsanların çoxu bizi “oxumaqdan başı xarab olan eynəklilər” kimi qəbul edir. Amma, onlar unudur ki, ikinci xəbərdarlığı imzalayan insanlar boş yerə həyəcan siqnalı vermirlər. Planetimizi məhvə apardığımızı etiraf etməklə biz bu faciədən necə qurtula biləcəyimizi axtarmağa çalışırıq. Ümid edirik ki, planetimizin sakinləri bizi ciddiyə alacaq və məqaləmiz qlobal ekologiya, iqlim barəsində irimiqyaslı cəmiyyət müzakirələrinə səbəb olacaq”. Bunlar professor William Ripple`ın sözləridir.
İkinci xəbərdarlıqda 1992-ci ildən 2017-ci ilədək dünyamızın başına gələn dəhşətli faktlar açıqlanıb. Məlum olub ki:
- Dünya əhalisinin payına düşən içməli su ehtiyatı 26% azalıb;
- Balıqçı donanmasının səylərinə baxmayaraq, təbii mühitdə balıq ovu göstəriciləri aşağı düşüb; çünki, okeanlarda balıqların sayı azalıb;
- Okeanda olan ölü zonaların faiz göstəricisi 75-ə çatıb;
- 120 milyon hektar meşə ərazisi kəsilib;
- Karbon qazının atmosferə ifraz olunması və illik temperatur yüksəlişi böyüməkdə davam edir;
- Yer kürəsinin əhalisi 35% çoxalıb;
- Məməlilərin, sürünən heyvanların, amfibiyaların, quşların və balıqların ümumilikdə say göstəricisi 29% azalıb;
Proffesor William Ripple və onun həmkarları “Dünya Alimlərinin İttifaqı” adlı müstəqil təşkilat da yaradıblar. Təşkilatın əsas məqsədi dünyamızın xilasına çalışmaqdır...
Leeds, Edinburgh və College (Kollec) London Universitetlərinin əməkdaşları isə 1994-2017-ci illər arasında qlobal istiləşmənin buzlaqlara və dağlardakı buz qatlarına təsirini araşdırıblar. Onların raport tipli məqalələri “Cryosphere Discussions” ( Kriyosfer müzakirələr) bülletenində yayımlanıb. Buzlaqların “sarsıdıcı sürətlə əriməsini” vurğulayan elm adamları ehtimal edir ki, yaşadığımız yüzilliyin sonunda dəniz səviyyəsi 1 metrədək yüksələcək.
Leeds Universitetinin “Qütbləri Müşahidə və Modelləmə Mərkəzi”nin müdiri, professor Andy Shepherd “The Guardian” qəzetinə verdiyi müsahibədə deyib: “Dəniz səviyyəsinin hər bir santimetrlik yüksəlməsi 1 milyona yaxın insanın yaşadığı yerdən köçməsi deməkdir”.
Qütblərdəki buzların sürətlə əriməsi planetimizin günəş şüalarını kosmosa əks etdirmək qabiliyyətini azaldacaq. Bu da sonunda uzunmüddətli soyuq dönəmini yarada bilər. Elm adamlarının gəldikləri nəticələr BMT-nin Hökumətlərarası İqlim Dəyişikliyi Panelində (İPCC) hazırlanan fəlakət ssenarilərinə uyğundur. Yəni, bir sözlə, qlobal istiləşmə insanlığı fəlakətin, daha doğrusu, fəlakətlərin astanasına doğru itələyir...
ABŞ-dakı Ohayo Universitetinin alimləri isə Qrenlandiyanın əriyən buzuna diqqət çəkməyə çalışır. Onlar bildirir ki, Qrenlandiyanın buz təbəqəsi tamamən yox olmağa doğru gedir... Qrenlandiyanın buz təbəqəsinin tamamən əriməsi isə 3000-ci ildə dənizlərin 7 metrədək yüksəlməsinə səbəb ola bilər.
Qlobal istiləşmənin ərzaq qıtlığı yaradacağı barədə də həyəcan təbilləri çalınmaqdadır. Son illərdə ABŞ-da müşahidə edilən rekord quraqlıq və artan temperatur əkinçiliyə qənim kəsilib. Hətta, mikro iqlim müxtəlifliyinə ev sahibliyi edən, tərəvəz və meyvələrin əsrarəngiz vətəni sayılan Kaliforniyada belə vəziyyət ürəkaçan deyil. Hesablamalara əsasən, yaxın 20 ildə Kaliforniyadakı 76 mindən çox əkin sahəsinin yerini boz çöllük və ya səhralar tuta bilər.
Lawrence Berkeley (Berkeley Lab) Milli Laboratoriyasının apardığı araşdırmaya görə, istiləşmə bu sürətlə irəliləsə, 2045-2049-cu illər arasında brokoli kimi soyuq sevən məhsullar dünyadan tükənəcək. Qovun və pomidor kimi isti sevən tərəvəzlərin isə yetişmə müddəti dəyişəcək.
Qlobal istiləşmə ilə bağlı aparılan maraqlı araşdırmalardan biri də inəklərlə bağlıdır. “Balance and Management”in 2017-ci il sentyabr buraxılışında dərc olunan məlumata görə, inəklərin çıxardığı metan qazı da atmosferdə temperaturun yüksəlməsinə təsir göstərir.
2017-ci ildə qlobal istiləşmənin daha bir ekosistemi məhvə apardığı da aşkarlandı. Avstraliyalı alimlər sahil boyu 2600 km boyunca uzanan mərcan rifinin istiləşmənin qurbanına çevrildiyindən narahat olduqlarını dilə gətirdilər. Onlar dünyamızın 6000-ə qədər mərcan növünün kökünün kəsilməsi təhlükəsi ilə üz-üzə qaldığını vurğuladılar və bunu bütün dünyaya çatdırmağa tələsdilər. Yüksək temperaturda mərcanların dərisinin rənginin dəyişdiyini, bunun da zamanla mərcanları məhvə apardığını deyən professor Morqan Pratçett “Böyük rif səddi”nin fəaliyyətində də zəifləmə olduğunu bildirib. Onun fikrincə, sağalmaz xəstəliklərə tutulan mərcanların qlobal istiləşmə nəticəsində deqradasiyaya uğraması bütün dünya sularında flora və faunaya ciddi təhlükə törədir.
Qlobal istiləşmənin yaratdığı fəlakətlərin qarşısının alınması, ümumiyyətlə, dünyamızın qorunması üçün alimlər bizi-bütün insanları həmrəyliyə çağırır, çıxış yolları axtarırlar. Hətta, dəfələrlə planetimizi xilas etmək üçün təkliflər planı da hazırlanıb. Məsələn, ictimai nəqliyyat vasitələrindən təhlükəsiz istifadə, şəxsi avtomobillərə alternativ olan velosipedlə və ya piyada hərəkət etmək karbon qazlarının azalmasına səbəb ola bilər.
Təəssüf ki, alimlərin dediyi kimi həmrəylik göstərib planetimizin xilasına çalışmırıq... Hamımız bahalı maşın, hündür evlər, dadlı yeməklər arxasınca qaçırıq. Amma, unuduruq ki, ha qaçsaq da, ha yüyürsək də qlobal istiləşmənin sürətinə çata bilməyəcəyik... O, həmişə bizdən-bəşəriyyətdən bir addım öndədir...
Qlobal istiləşməyə diqqət çəkmək üçün ən yaxşı yol problemin hamının anlayacağı dildə anladılmasıdır. Tullantılardan incəsənət yaradanlar, dünyanın sonu barədə yazılan kitablar, çəkilən rəsmlər buna misal ola bilər. Robert Emmeriksin “Birisi gün” adlı qəza filmi isə 2005-ci ildə iqlim problemini kütləvi düşüncənin probleminə çevirməyi bacardı. Məlumatsız adama ilk dəfə olaraq aydın və başa düşülən şəkildə Qolfstrim cərəyanının Şimal yarımkürəsinin iqliminin formalaşmasında həlledici rolunu izah etdilər. Hollivud sənətkarlığı ilə iqlim trendinin təsvirini verdilər. Göstərdilər ki, qütb buzlarının əriməsi Qolfstrimin istiqamətinin dəyişməsinə səbəb olacaq...Bu da şimal yarımkürəsində soyuqlaşmaya gətirib çıxaracaq...
“Oskar” mükafatlı aktyor, məhşur Leonardo Di Kaprio da iqlim problemlərinə diqqət çəkənlər arasındadır. Təbiətə olan sevgisini və heyranlığını həmişə dilə gətirən Di Kaprio National Geographic ilə müştərək “Tufandan öncə” (“Before The Flood”) adlı sənədli filmlər çəkir. Youtube`də yayımlanan sənədli filmlərdə sənayeləşmənin və müasir həyatın dünyamıza verdiyi zərərlərdən danışır. Barak Obama, Elon Musk kimi məhşurlarla qlobal istiləşməni müzakirə edən aktyorun bu addımı da təqdirəlayiqdir...
Bu gün qlobal istiləşməyə qarşı əsas beynəlxalq razılaşma Kioto protokolu sayılır. 1997-ci ildə razılaşdırılan, 2005-ci ildə qüvvəyə minən protokol BMT-nin İqlim Dəyişmələri Çərçivə Konvensiyasına əlavədir. Protokola 160 ölkə daxildir. Protokolun icrasının birinci mərhələsi 2012-ci ildə başa çatıb. Yeni razılıq haqqında danışıqlar 2007-ci ildə Bali (İndoneziya) adasında başlayıb, 2009-cu ildə Kopenhagendə və 2010-cu ildə isə Durbanda (Cənubi Afrika) davam etdirilib.
Protokolun ideyası 1997-ci ildə iqlimin qlobal istiləşməsinə həsr olunmuş forumda yaranıb. Dövlətlərin bir yerə toplanan nümayəndələri 1990-cı ilə nisbətən 2012-ci ildə atmosferə atılacaq qazlar haqqında kvotanı bölüşdürməyə cəhd göstərdilər. Kvota haqqında mübahisələr Forumu uğursuzluğa düçar edirdi. Vəziyyəti xilas etmək üçün ABŞ-ın o zamankı vitse-prezidenti Albert Qor təcili foruma gəldi və katalizator rolunu oynayaraq, dövlətlərin ekspertlərini dilə tutdu, protokol imzalandı. Ancaq sonradan Bill Klintonun aparatı bu protokolu ratifikasiya üçün heç Konqresə də göndərmədi. Corc Buş administrasiyası isə bir qədər də irəli getdi. Elan etdi ki, Kioto protokolu ABŞ-ın milli maraqlarına ziddir və Amerika Kioto protokolundan çıxır. Xatırladım ki, dünya sənaye istehsalının və onun nəticəsi kimi də CO2-nin (karbon-dioksid) 37%-i ABŞ-ın payına düşür. Kioto protokolunun növbəti fiaskosu Kopenhagen sammitində baş verdi. Kvotanın verilməsi üçün müxtəlif variantlar və qruplar təklif olundu. Lakin, ölkələr karbon qazının azaldılması haqqında razılığa gələ bilmədilər. Çin və Hindistan kimi sənaye nəhəngləri də öhdəçilik götürmədilər. Bu təşəbbüsdə ancaq Avropa İttifaqı öhdəçilik götürdü və bu gün də onu icra edir.
Qeyd edək ki, Kioto protokolu çox mürəkkəb sənəddir, bura sənaye istehsalından başqa “insan hüquqları”, “demokratiyanın inkişafı və dərinləşdirilməsi”, “beynəlxalq terrorizm” kimi qlobal istiləşməyə birbaşa dəxli olmayan şərtlər dəsti daxil edilib. Bu da bir çox dövlətlərin ona ehtiyatla yanaşmasına gətirib çıxarır.
Dünya tarixinə baxsaq görərik ki, insan öz-özünün düşmənidir... Planetimizin məhvini də öz əllərimizlə hazırlayırıq... Təəssüf hissi bizə heç bir kömək etmir... Təəssüfümüzü, peşmanlığımızı bir kənara qoyub “ziyanın yarısından geri qayıtmağa” çalışmalıyıq... Dünyamızı xilas edək...Özümüzü xilas edək...
Bahadur Seyidov / Demedia.az