Əsəb sistemi üçün çox vacib MADDƏ
Qlükoza-əsəb sistemi üçün çox vacib maddədir. Beyin hüceyrələrinin əsas yanacaq xammalıdır.
Bədənin digər hüceyrələrindən fərqli olaraq, sinir hüceyrələri yalnız qlükoza ilə qidalanır. Qanda qlükozanın miqdarı aşağı düşdükdə sinir hüceyrələrində kəskin aclıq prosesi yaranır. Bu zaman hüceyrələr şişməyə və quruluşlarını dəyişməyə başlayırlar. Nəticədə, insanda əsəbilik müşahidə edilir.
Qlükozanın əhəmiyyətini nəzərə alan orqanizm öz-özünü təmin etmək üçün daim ehtiyat saxlamağa çalışır; qaraciyərdə qlikogen adlı maddə depolayır.
Bayaq qeyd etdiyim kimi, qlükozanın azlığı insanda müxtəlif sinir sistemi xəstəliklərinin, psixoloji pozğunluqların yaranmasına gətirib çıxarır. Tibbdə bu hallar hipoqlikemiya termini ilə adlandırılır. Əlamətləri çox tərləmə, kəskin zəiflik, gözlərin qaralması və kölgəli görmə, qəfil əhvalın dəyişməsi, qorxu, ürəkdöyünmənin sürətlənməsi və güclü aclıq hissidir.
Qanda şəkərin miqdarını stabil saxlamaq üçün kompleks mürəkkəb karbohidratlı qidalar qəbul etmək lazımdır. Bunlara tərəvəzlər, meyvələr, təzə sıxılmış şirələr daxildir. Mürəkkəb karbohidratlar bağırsağa düşən kimi daha sadə karbohidratlara çevrilir. Bu da orqanizmə sinir sistemini daim qlükoza ilə təmin etmək imkanı verir.
Məlumdur ki, müxtəlif sinir xəstəlikləri olan insanlar, adətən, səhər saat 4-5 radələrində güclü baş ağrıları ilə oyanırlar və depressiv əhval-ruhiyyədə olurlar. Buna səbəb qanda şəkərin miqdarının azlığıdır.
Əvvəllər inanılırdı ki, insan yatarkən orqanizm fəaliyyətini dayandırır. Amma, tibb elmi bunun əksini sübut etdi. Məlum oldu ki, biz yuxuda olarkən də orqanizm fəaliyyətdə olur və sinir sistemi qlükoza istifadə etməyə davam edir. Ona görə də, gecə boyu qlükozanın miqdarının aşağı düşməsi 4-5 radələrində ağrılarla oyanmağa səbəb olur.
Bir-iki saat sonra isə hər şey yoxa çıxır; insanın əhvalı yaxşılaşır və ağrılar keçib gedir. Bunun da səbəbi var. Saat 7-8 radələrində orqanizm səhər hormonları ifraz etməyə başlayır. Bu hormonlardan biri digər adı epinefrin olan adrenalindir . O, orqanizmdə ehtiyatda yığılan qlikogenin qlükozaya çevrilməsinə səbəb olur. Nəticədə, qanda şəkərin miqdarı artır, sinir qidalanır, insanın əhvalı yaxşılaşır. Proses nahara yaxın yenidən təkrarlanır... Bu cür hallardan qaçmaq üçün yemək rasionunuza az bişmiş tərəvəzlər, göyərtilər, təzə meyvələr daxil etsəniz, yaxşı olar.
Orqanizmdə elmə məlum olan 22 amin turşusu var. Onlardan 16-ı qlükogenez nəticəsində qlükozaya çevrilə bilir.
Qlükogenez prosesi çox ləng baş verir. Məqsəd də orqanizmi daim qlükoza ilə təmin etməkdir. Qlükogenez prosesi üçün lazım olan köməkçi askorbin turşusu, digər adıyla C vitaminidir. Yəni, gün ərzində portağal şirəsi və ya limon suyundan istifadə etməyiniz məsləhətdir. Masanızda alma olması isə mütləqdir.
Qlükoza çatışmazlığı nəticəsində psixi problemlər yaşayan insanlar emal edilmiş şirniyyatlardan ( tort, keks), çox yağlı və qızardılmış yeməklərdən uzaq durmalıdır. İstənilən fast-food və konservlər, kartofdan hazırlanan tez-bazar yeməklər rasiondan çıxarılmalıdır. Çünki, bu məhsullarda karbohidratlar sadə formadadır. Anidən qana sovrulurlar və qanda şəkərin miqdarının qəfil qalxmasına səbəb olurlar. Qısa müddət üçün orqanizmə faydalı olsalar da, ardınca orqanizm qlükogenez prosesi üçün xammal qıtlığı yaşayır. Beləcə, qanda şəkərin miqdarı qəfil qalxdığı kimi, anidən də aşağı düşür.
Bu cür qlükoza dalğalanması sinir sistemini zədələyə bilir. Qanda şəkərin miqdarı düşən kimi yaranan depressiv əhval-ruhiyyə insanları, xüsusilə qadınları şirniyyat yeməyə “məcbur edir”. Qlükogenez prosesi olmadan, birbaşa qana sovrulan şəkərin miqdarı qalxdıqca mədəaltı vəz insulin ifraz etməyə başlayır. Məqsəd də odur ki, qanda şəkərin miqdarı stabilləşsin. Dalğalanan qlükoza miqdarına görə intensiv olaraq insulin ifraz edən mədəaltı vəzin sonunda funksiyası pozula bilir. Hətta, bir müddət sonra, mədəaltı vəz insulin ifrazını tamamilə dayandırır.
Ona görə də, orqanizmdə qlikogenin depolanması və qlükogenez prosesi ilə asta-asta qlükozaya çevrilməsi üçün qida rasionumuza və həyat tərzimizə daim nəzarət etməliyik.
Unutmamalıyıq ki, qlükoza beyin hüceyrələrinin əsas yanacağıdır. Yanacaq çatışmazlığı isə hərəkətsizlik, ətalət üçün ən başlıca səbəbdir. Yaddaş pozğunluğu, diqqət dağınıqlığı, aqressiya, daim depressiv əhval-ruhiyyə o deməkdir ki, orqanizminiz qlükoza aclığı yaşayır.
Əgər bu hallar sizdə varsa, həkimə müraciət edin və beyin hüceyrələrinizin qlükoza ilə təmin olunduğundan əmin olun.
Bahadur Seyidov / Demedia.az