Qocalığı ləngidən 7 içki - Maraqlı faktlar
Ölümsüzlük və qocalmamaq… İnsanların əbədi və heç vaxt unudulmayan arzuları… Qəribədir, görəsən, həqiqətənmi heç vaxt qocalmamaq mümkündür? Bilmirəm… Heç kim bilmir. Amma, tibb elmi həmişə axtarışdadır… Hər dəfə də mütəxəssislərdən gümrah və gənclik enerjisi ilə yaşamaq üçün müxtəlif tövsiyələr, məsləhətlər eşidirik.
Bu dəfə alimlər qocalığı ləngidən 7 içkinin siyahısını açıqlayıblar.
Kofe… Yeni günə enerjilə başlamaq üçün kofe içmək müasir insanların gündəlik ritualına çevrilib. Alimlərin araşdırmaları isə kofeinin yaşla əlaqədar olaraq meydana çıxan sinir xəstəlikləri riskini azaltdığını aşkarlayıb. Müəyyən edilib ki, kofein vasitəsilə hüceyrələrdə başlayan qocalıq prosesini ləngitmək mümkündür.
İtburnu çayı. İtburnunun şəfalı xüsusiyyətləri haqqında çox danışmaq olar. Hətta, yaxında bu barədə yeni bir video hazırlamağı da düşünürəm. İndi isə itburnunun niyə məhz bu siyahıda yer aldığını öyrənək. Alimlər vurğulayır ki, itburnunun tərkibindəki C vitamini sümüklərin əriməsinin qarşısını alır. Həmçinin, itburnu çayı yaşla əlaqəli xəstəliklərə qarşı orqanizmi möhkəmlədir və immuniteti artırır.
Yaşıl çay. Artıq elektron mətbuatdan yaşıl çayın ağciyər, süd vəzi və dəri xərçəngilə mübarizədə effektli olmasıyla bağlı məlumatlar oxumuşuq. Onun siyahıda yer almasının səbəbi isə beyin hüceyrələrinin yenilənməsindəki roludur. Araşdırmalar sübut edib ki, gündə iki fincandan çox yaşıl çay içən insanlarda beyin hüceyrələrinin ölümü ləngiyir, üstəlik, onlar yaddaş problemlərilə daha az üzləşirlər.
Kakao… Harvard universitetinin əməkdaşı, alim Norman Gollenberqin fikrincə, kakao ürək-damar xəstəliklərinə yoluxma riskini 80% azaldır. Alimin apardığı araşdırmalar kakaonun yaşlı insanlarda yaddaşı bərpa etdiyini və beyin fəaliyyətini artırdığını müəyyən edib.
Məkkə çayı… Ərəb ölkələrində bu içkiyə “hər dərdin dərmanı” da deyilir. Çayın tərkibində qırmızı fermentlər var və bu fermentlər orqanizmdəki bütün iltihabi proseslərin qarşısını alır. Beləcə, orqanizm çox az hüceyrə itirir və sürətlə qocalmır.
Qırmızı şərab… Tərkibindəki resveratrol fermenti şərabın bu siyahıda yer almasının əsas səbəbidir. Belə ki, bu ferment insanın sinir sistemini sakitləşdirir. İnsan, necə deyərlər, “dərd çəkmir”. Amma, həkimlər qırmızı şərabı da pəhriz proqramına salmağı tövsiyə edir. Onlar düşünür ki, kişilər həftədə iki qədəh, qadınlarsa cəmi bir qədəh qırmızı şərab içə bilər.
Tomat şirəsi… Əsas özəlliyi tərkibində likopin olmasıdır. Bu fermentin xərçənglə mübarizədə orqanizmə kömək etdiyi aşkarlanıb. Alimlərin sözlərinə görə, likopin fermenti orqanizmdə kollagen yaradır. Kollagen isə öz növbəsində dəridəki qırışları aradan qaldırır və dərini təravətləndirir.
Bahadur Seyidov / Demedia.az