Canavarı xilas etdi, sonra başına gələnlər... - İNANILMAZ HADİSƏ
Alyaskada yaz səhəriydi. Meşədə gəzməyə çıxan adam bataqlığın yaxınından keçərkən bir canavarın tələyə düşdüyünü görür. Canavara yaxınlaşdıqca heyvan qorxub arxaya çəkilməyə cəhd edir, amma, o, hərəkət etdikcə tələdəki ayağı daha da bərk ağrıyır. Heyvan ağrıdan inildəməyə başlayır. Adam canavara yaxınlaşdıqca bir şeyin də fərqinə vardı: canavar dişiydi, təzəlikcə doğmuşdu, balaları yaxında olmalıydı.
Adam fikirləşir ki, canavarı tələdən xilas etsin. Amma ona yaxınlaşa bilmir. Canavar dişlərini qıcırdadır, aqressiv davranır. Ona görə də adam canavarın balalarını axtarmağa qərar verir. Analarını tələdən xilas edə bilmirdisə, heç olmasa, balaları analarının yanına gətirə bilərdi. Yerdə hələ qar vardı. Bu da onun izləri təqib etməsini asanlaşdırırdı. Yarım kilometrədək izləri təqib edən adam bir ağacla rastlaşır. Ağacın iri koğuşu vardı, amma, bala canavarlar görünmürdü. Adam astadan ulama səsi çıxarır. Belə edir ki, bala canavarlar analarının onları səslədiyini eşidib eşiyə çıxsınlar. Az sonra dörd bala canavar koğuşdan eşiyə çıxır. Uzağı, 4-5 həftəlik idilər.
Adam əlini onlara tərəf uzadır, balalar tərəddüdlə onun barmaqlarını əmməyə başlayırlar. Adam balaları bircə-bircə götürüb çantasına qoyur. Geriyə-ana qurdun yanına qayıdır. Adam yaxınlaşar-yaxınlaşmaz ana qurd balalarının qoxusunu alır, dartınıb ulayır. Adam balaları çantadan çıxarıb yerə buraxan kimi onlar analarının üstünə cumub süd əmməyə başlayırlar.
Dişi qurd ağrı çəkirdi, amma, adam ona yaxınlaşmaq istəyəndə dişlərini qıcırdadır, mırıldayır, sanki, ona “məndən uzaq dur” demək istəyirdi. Adam bilirdi ki, canavar acdı. Dərədəki çaya tərəf enir ki, bəlkə, ana canavar üçün yeməli nəsə tapdı. Çayın kənarında şans üzünə gülür, yerdə yarı parçalanmış bir maral cəsədi vardı. Adam maralın ətindən kəsib ana canavara gətirir. Yaralı ana bu ətdən yedikcə aqressivliyi də azalırdı, üstəlik, südü artır, balalarını doyura bilirdi.
Adam qərar verir ki, gecəni orda-yaralı canavarın yaxınlığında keçirsin. Ağac budaqlarından bir sığınacaq düzəldir, çantasını başının altına qoyub yuxuya gedir. Dan üzü əlinə-üzünə dəyən isti nəfəs onu oyadır. Bala canavarlar idi. Adam ana canavarı tələdən xilas etmək niyyətindəydi. Amma, bilirdi ki, canavar ona güvənməsə, bu, mümkün olmayacaq. Yoxsa, canavar ona zərər vurardı.
Ona görə adam burada-canavar ailəsinin yanında bir neçə gün daha qalmağı düşünür. Hər gün ana canavara yemək tapıb gətirir, addım-addım ona yaxınlaşır. Yaralı da olsa ana canavar ehtiyatlı davranır, adamı yaxınına buraxmaq istəmir. Amma, bala canavarlar artıq adama öyrəşir, onunla oynayırdılar. Nəhayət, meşədə keçirdiyi 5-ci gündə adam ehtiyatla əlini canavarın tələdəki ayağına uzadır. Canavar bu dəfə sakitdi, davranışlarında təhdid hiss olunmurdu. Adam asta-asta canavarın ayağını tələdən xilas edir.
Canavar adama yaxınlaşıb onun əlini yalayır. Adam heyrətə düşür... Balalarını yanına alıb üzü dağlara tərəf yola başlayanda da ana canavar dönüb adama baxır. Sanki, ona: “Bizimlə gəl...”-deyir...
Adam çay boyunca onların arxasınca gedir. Ta ki, ana canavar balaları ilə birgə canavar sürüsünə qatılanda, adam geri dönməyə qərar verir. Bir-iki addım atandan sonra geri dönüb baxanda isə ana və dörd balanın arxasınca baxdığını görür. Sonra yoluna davam edib evinə qayıdır.
Adam bu yaşadığını xatırladıqca özünü təbiətin sehirli nağıllarının birinin içində zənn edir. Amma, o bilmirdi ki, nağıl hələ bitməyib...
Vaxt gəlir, adam ikinci dünya müharibəsinə yollanır. Bir də 4 ildən sonra-1945-ci ilin payızında buraya geri dönür. Meşədə gəzməyə çıxır. Canavarı xatırlayır və onu tələdən xilas etdiyi yerə gedir. Görür ki, canavarı xilas etdiyi tələni ağaca necə asıbsa, eləcə də durur. Bir azca paslanıb. Adam canavar və balalarını son dəfə gördüyü yerə, dağlara üz tutur. Elə ki, həmin yerə çatır, üzünü göyə tutub ulayır. Səsi dağlarda əks-səda verir. Birdən uzaqdan canavar ulartısı eşidilir, sanki, bu ulartı ona cavab kimi səslənir...
Az keçmir ki, adam ona yaxınlaşan bir boz canavar görür. Həyəcanlanır. Canavarla arasında 15-20 metr məsafə qalanda isə adam rahatlayır, çünki, gələn ana canavar idi. Canavar da onu tanıyır, quyruğunu yelləyir, həlim səslə mırıldanır. Bir neçə dəqiqədən sonra isə qurd qaçaraq ordan uzaqlaşır.
Adam bu hekayəti heç vaxt unutmur, hamıya danışır. Və deyir ki, bu, hekayət təbiətlə insan arasında görünməz bağlar olduğunu sübut edir.
Təbiət möcüzələrlə doludur. Baş verən bu cür hadisələr isə möcüzələrin varlığının təsdiqidir. Bəs siz, o adamın yerində olsaydınız, yaralı qurda kömək edərdinizmi?
Bahadur Seyidov / Demedia.az