Transilvaniyanın bermud üçbucağı - Hər kəsin maraqğına səbəb olan sirli meşə



 21:33 27.09.2022     935

Yaşadığımız planet gözəl olduğu qədər də sirlidi. Bu sirrləri tamamilə kəşf eləmək hələ də insanoğluna nəsib olmayıb... Elə ona görə də hər dəfə “Planetimizin gəzməli-görməli yerləri”nin siyahısı hazırlananda ilk sıralarda məhz bu sirrli məkanlar dayanır... Bu gün sizə Rumıniyadakı Hoya-Baçu meşəsi haqqında danışacağam... 

Bu sirli meşə Rumıniyanın Kluj-Napoka şəhəri yaxınlığında yerləşir. Buraya “Transilvaniyanın bermud üçbucağı” da deyilir. Deyilənlərə görə, meşədə insanlar izsiz-soraqsız yoxa çıxır. Yerli əhali arasında danışılır ki,  bəzən meşənin üzəriylə uçan naməlum sirli obyektlər görmək mümkündür. 

Meşəyə yaxın ərazilərdə yaşayan kəndlilər bacardıqca buradan uzaq durmağa, meşəyə girməməyə çalışırlar. Səbəbini isə belə izah edirlər: “Şər qüvvələrin qəzəbinə gəlmək istəmirik...” 

Keçən əsrə qədər Transilvaniyanın ən sirli və turistik məkanı Bran qəsriydi. 14-cü əsrdə tikilən qəsr qraf Drakulanın, yerli adıyla Vlad Çepeşin yaşadığı məkandı. Amma, ötən əsrdə Hoya meşəsi  öz sirri ilə Bran qəsrini geridə qoymağı bacardı...

20-ci əsrin əvvəllərində Hoya meşəsi yerli sakinlərin rahatlıqla ov etdiyi, meyvə-giləmeyvə yığdığı yer idi. Lakin, ildən-ilə meşə insanların gözü önündə dəyişməyə başladı. Tədricən, quşlar və heyvanlar yoxa çıxdı, həmişə təmiz havası ilə seçilən meşədən kəsif qoxular yayıldı. İnsanlar arasında Vlad Çepeşin meşədə görüldüyü haqda pıçıltılar dolaşırdı... 
    Birinci Dünya Müharibəsindən sonra meşə haqqındakı qorxulu əhvalatlar daha da çoxaldı.  Deyilənə görə, meşəyə yaxın kəndlərin birində Baçu adlı bir çoban yaşayırdı... Müharibə illərində Baçu tez-tez meşədən keçərək  böyük heyvan bazarına gəlir, qoyun-quzusundan satırdı. Bir gün yenə 200 baş qoyunuyla birgə səhər tezdən yola düşür.  Həmkəndliləri onun meşəyə girdiyini görür. Amma, Baçu bazara gedib çıxmır. Bundan sonra həmkəndliləri Baçunun axtarışına çıxır. 35 hektarlıq meşəni ələk-vələk eləməkdə Kluj-Napoka şəhərinin əhalisi də kəndlilərə kömək edir. Nə Baçuya, nə də qoyunlarına aid bir iz tapılmır... O vaxtdan meşə Hoya-Baçu adlanır. 

Rumınlar arasında meşənin yırtıcı olması, “insan qanıyla” qidalanması barədə əhvalatlar da geniş yayılıb. Müharibədən sonrakı bir neçə il ərzində onlarla adam meşədə yoxa çıxdı və yerli əhali buradan uzaq durmağa çalışdı. 
1960-cı illərdə  rumın bioloq Aleksandr Sift Hoya-Baçu fenomeni ilə maraqlanan ilk alim kimi tarixə düşür. Qəribədir ki, günlərlə, həftələrlə meşədə gəzən, şəkillər çəkən, araşdırmalar aparan alim heç bir zərər görmür. Əksinə, onun araşdırmaları və çəkdiyi şəkillər meşə haqqında daha maraqlı faktları üzə çıxarır. Sonda isə alim özü də etiraf edir ki, meşənin sirrini açmağı bacarmır. 
Sift`in araşdırmaları zamanı məlum olur ki, meşənin dərinliyində  yaşıllıqlar olan qəribə dairəvi tala var. Həmin talanın şəkillərində dairəvi işıqlar görünür... Alimin yeganə açıqlaması bu işıqların adi gözlə görünməməyidi. 
Hazırda bu sirli meşə Transilvaniyanın “ən sirli məkanları” siyahısında birincidir. Və hər il xeyli turist meşəyə uzaqdan baxmağa, insanların meşə haqqında danışdığı əhvalatları dinləməyə gəlir... 

Təbii ki, planetimizin bu cür sirli, qeyri-adi məkanlarının hər birini görmək üçün nə ömrümüz, nə də pulumuz çatmaz. Amma, alimlər bu fikirdədir ki, səyahət etmək, yeni yerlər görmək insan psixologiyasına olduqca yaxşı təsir edir. Odur ki, səyahət etmək üçün qarşımıza çıxan hər bir şansı dəyərləndirməliyik... 
Ödənişlərinizi “BirKart miles” kartıyla həyata keçirdiyiniz zaman bonus millər qazanmış olursunuz ki, bu milləri sonradan səyahət üçün biletə dəyişə bilərsiniz. Bu milləri dünyanın istənilən nöqtəsinə təyyarə biletiylə dəyişmək mümkündür.  “BirKart miles”-dan ilk istifadə zamanı sizə 1500 mil hədiyyə veriləcək ki, bu da, təxminən, 23 manata bərabərdir. 

Bahadur Seyidov / Demedia.az