Yaponlardan öyrənməyimiz gərəkən 10 dərs - Araşdırma
Yaponlar insani dəyərlərə inanırlar. Və bu gün dünya insanlarının onlardan öyrənməsi lazım olan elə xüsusiyyətləri var ki, bir-bir desəm, hamı yerindən sçrayacaq: “beləyik, onsuz da...” Amma bir az düşündükdən sonra itirdiyimiz dəyərləri özümüz daha yaxşı anlayacağıq...
Beləliklə, yaponlardan nəyi öyrənməliyik:
Təmkinli olmaq. Yaponlarda dərdi olan özünü döyüb bunu hamıya gstərməyə çalışmır. Yəni, şüvənlik eləmir. Onlar dərdlərini bəhanə edib səslərini ucaltmırlar, dərdin özünü ucalırlar. Ki, uca dərdlərin nə möhtəşəm insanlar yaratdıqlarını da hamımız bilirik.
Şərəf. Və onlar bu şərəflərini elə adi həyati hadisələrdə göstərirlər ki, adam məəttəl qalır. Məsələn, növbə mədəniyyəti. Heç kim bir-birinə, yaxud onları növbədə durmağa məcbur edən qanun-qaydalara qarşı pis söz demir, hövsələsizlik edib çığır-bağır salmır. Avropalılar bunu “digərlərinə hörmət” kimi eləsə də, yaponlar “öz şərəfim üçün” deyir. Bəli, yaponlarda ağızdan pis söz çıxarmaq, kobudluq eləmək, birinci növbədə, insanın öz şərəfinə sayğısızlığı sayılır.
İstedad. Misal üçün, yaponlar çox gözəl memarlardır. Hər il ölkədə yüzə yaxın zəlzələ olur, amma nadirən bir bina uçar. Bu da ondan xəbər verir ki, bütün işlərini istedadla görürlər, bir otaqlı mağazalarını belə istedadla tikirlər.
Hər şeyin yerini bilmək... Yaponlar heç vaxt ehtiyac duymadıqları şeyləri almırlar. Və ehtiyacları olan məhsuldan mağazada cəmi 2 ədəd qalıbsa, onun yalnız birini alırlar. Ki, həmin məhsula başqa birinin də ehtiyacı ola bilər. Bax, budur hər şeyin yerini bilmək... Biz bu deyimi yanlış anlayırıq: bir ağsaqqal görəndə yerindən qalxmaq yox, o ağsaqqalın da yaşamını düşünməkdir hər şeyin yerini bilmək.
İntizam. Yaponlar marketdə alış-veriş zamanı öndəki məhsulu götürürlərsə, mütləq arxadakı məhsulu onun yerinə qoyurlar. Yolda siqnal çalmaz, sürət həddini aşmaz, yediklərindən artıq yemək bişirməzlər.
Fədakarlıq. Yaponiyada 50 işçi əllərini sinələrinə qoydu, “insanlıq naminə”-dedi və dəniz suyunu nasoslamaq üçün nüvə reaktorlarının içinə endilər. Bu fədakarlığın qarşısı nəylə ödənə bilər ki?
Həssaslıq. Pandemiya zamanı Yaponiyadakı əksər yeməkxanalar qiymətlərini endirdi. Ölkədə bankomatlar qorunmur, bununla belə, heç kim bankomatı yarmaq fikrinə düşmür. Ən əsası, güclülər zəifləri diqqətdən kənarda qoymur.
Təhsil. Bu ölkədə yaşlılar qədər uşaqlar da nə edəcəklərini bilirlə və edirlər. Çünki onlar elə böyüdülür.
Media. Yaponiyada vaxtı doldurmaq üçün axmaq-axmaq danışan aparıcılar yoxdur. Xəbərçilik sistemi olduqca sadədir: aparıcı çıxır, sadə dillə xəbərləri sıralayır. Vəssalam. Onun öz yanından şərh vermək ixtiyarı yoxdur. Həmçinin, daim gündəmi məşğul etmək üçün boş-boş danışan siyasətçilər yoxdur.
Vicdan. Marketdə işıqlar sönür və bütün alıcılar götürdüklərini rəflərə geri qoyub sakitcə, növbəylə marketi tərk edirlər. Nə şüvənlik, nə də oğurluq baş vermir. Hə, bura Yaponiyadır... Və bu davranışa “vicdanlı olmaq” deyilir.
Gördüyünüz kimi, yaponlardan öyrənəcəyimiz çox şey var. öyrənməksə, heç vaxt gec deyil...
Bahadur Seyidov / Demedia.az