Yadplanetlilərin Yer kürəsində olduğunun 9 sübutu - Araşdırma



 17:20 28.09.2022     1164

Yadplanetlilər yalnız konspirasiya nəzəriyyələrinin, ya da “X-files” kimi filmlərin mövzusu deyil. Planetimizi ziyarət etdiklərinin sübutu kimi bir çox gizli işarətlər mövcuddur. Bu gün həmin işarətlərdən 9-u haqqında danışacağam. 

Felix Moncla və Robert Wilson'un yox olması. 

Soyuq Müharibə dönəminin ən qızğın vaxtlarıydı. Nə olduğu bilinməyən böyük ölçülü bir cisim Kanada-ABŞ sərhəddində radara yaxalandı. Bu cisim şimala tərəf gedirdi. Rəsmilər cismin SSRİ-yə aid  hava hücumu silahı olduğunu ehtimal etdilər. Onun nə olduğunu daha dəqiq öyrənmək üçün  Felix Moncla və Robert Wilson F-89 Scorpion tipli təyyarəyə minərək havaya qalxdılar. Həmin gündən bu iki nəfəri bir daha  görən olmadı.  Radar operatorları F-89`un sirli uçan obyektə yaxınlaşdığı və Superior gölü yaxınlığında qəfildən yoxa çıxması barədə raport hazırladılar. Təbii ki, göl yaxınlığında xilasetmə əməliyyatları başlanıldı. Amma, nə təyyarədən, nə də  Felix Moncla və Robert Wilson`dan əsər-əlamət tapılmadı. 

ABŞ-ın Hərbi Hava Qüvvələri hadisəylə bağlı açıqlama verdi. Qeyd olundu ki, təyyarəylə əlaqə qurmaq mümkün olmur. İkinci açıqlamada isə təyyarənin gölə düşdüyü deyilirdi. Amma, yeni açıqlamada göldə, yaxud gölətrafı ərazidə təyyarədən və pilotlardan niyə iz tapılmadığı barədə bir kəlmə də deyilmirdi. Həmin vaxt göl tamamilə buz donmuşdu, heç bir yerdə təyyarənin bata biləcəyi boyda ərazidə buz qırılmamışdı. Bu da açıqlamalarla bağlı suallar yaradırdı. 

Aradan neçə il keçib, amma, hələ də Felix Moncla və Robert Wilson haqqında heç bir məlumat yoxdu. 

Val Johnson'un avtomobili. 

1970-ci illərdə ABŞ-ın Minnesota ştatında tez-tez paranormal hadisələr baş verirdi. Amma, bu hadisələrdən heç biri şerif Val Johnson'un başına gələnlər qədər diqqət çəkmədi. 1979-cu il avqustun 29-da şerif avtomobiliylə qəsəbə ətrafında hərlənərkən qəribə bir şey görür.  Yolun düz ortasında,  yumru bir işıq mənbəyi, sanki, havadan asılmış kimi dururdu. Jonson avtomobilindən çıxıb işığa doğru getdi. Birdən-birə işıq hərəkətə gəlir, avtomobilə doğru şütüyür və onu kiçik bir oyuncaq kimi havaya qaldırıb yolun qırağına atır. Jonson özünə gələndə görür ki, yolun qırağındakı xəndəkdə uzanıb. Kömək üçün ratsiyasını əlinə alanda saatının 14 dəqiqəlik zaman kəsiyində dayandığının fərqinə varır. Sirli işıq mənbəyisə artıq gözə dəymirdi. 

Jonsonun gözünün ətrafında qəribə yanıqlar vardı. Analizlərdən sonra məlum oldu ki, bu yanıqların mənbəyi ultrabənövşəyi işıqdır. Avtomobil isə olduqca pis vəziyyətdəydi və Jonson onu təmir etdirmək barədə heç düşünmədi də. 
Bu hadisə dövri mətbuatda dayanmadan işıqlandırıldı. Dönəmin sensasiyalı xəbərinə çevrildi. Bu gün şerifin avtomobili Minnesota ştatının Warren şəhərində kiçik bir muzeydə saxlanılır. “Fargo” serialının ikinci sezonunda şerif Jonsonun başına gələn hadisəyə əsaslanan görüntülər var. 
Frederick Valentich’in yox olması. 

Frederick Valentich təcrübəli pilot idi. Avstraliyanın Bass boğazı üzərində uçurdu. Qəfildən fərqinə varır ki, başı üstündə naməlum cisim uçur. O, ratsiya vasitəsilə Melbourn Hava Uçuş Xidmətləri ilə əlaqə saxlayır. Mərkəzdən bildirirlər ki, həmin bölgədə onun təyyarəsindən başqa heç bir cisim yoxdur. Valentich bildirir ki, naməlum uçan cisim, sanki, onunla oyun oynayır. Pilotun son sözləri bunlardı: “Ətrafımda hərlənir...Bu, bir təyyarə deyil!” O gündən sonra Valentich`i bir daha heç kim görmədi. 

Hələ də bəziləri iddia edir ki, pilot Veneranın parlaq işıqlarını görüb. Bu işıqların hallüsinasiya yaratdığı barədə astroloqların söylədiyi rəvayətlər onların iddialarını dəstəkləyir. Rusların çəkdiyi “Men İn Black” sənədli filmində bu haqda ətraflı məlumat ala bilərsiniz. 

Əsas məsələ isə ondan ibarətdir ki, Frederick Valentich təcrübəli pilot idi və o, dəfələrlə havada işıq seli, yaxud şüaların kəsişməsini görmüşdü. Bəs, necə olur ki, bu cür təcrübəli pilot heç bir iz qoymadan havada yoxa çıxır? 

Sehirli Betz kürəsi. 

Terry Betz tərəfindən tapılan bu kürə elə onun adıyla Betz kürəsi adlanır. İddialara görə, kürə yadplanetlilərə məxsus olan texnologiyalardan biridir. 

Terry və ailəsi yanmış meşədə gəzməyə çıxır.  Qəfildən yanıb kösövə dönən ağacların arasında şəffaf kürə olduğunu görürlər. Kürənin üstündə “V” hərfinə bənzər işarə vardı. Betz ailəsi kürənin kosmosdan gələn peyk parçası olduğunu düşünürlər və onu evlərinə gətirirlər. 

Terry evdə həmişə gitara çalırdı. Bir gün də gitara çalanda kürənin ritmə uyğun tərpəndiyini sezir. Başlayır kürə üzərində təcrübələr aparmağa. Kürə hərəkət edəndə it ulamağa başlayırdı. Bəzən havanın kəskin dəyişən temperaturu zamanı kürə hərəkət edir, yerindən dığırlanıb uzaqlaşır, sonra da kənar müdaxilə olmadan təkrar əvvəlki yerinə dönürdü. 
Get-gedə kürənin şöhrəti yayılmağa başlayır. Bir gün də “New York Times” qəzeti kürə haqqında məqalə yayımlayır. Bundan sonra NASA və ABŞ Dəniz Piyada Korpusu Betz ailəsi ilə əlaqə qurur. Kürə tədqiq edilməsi üçün elmi konfransa gətirilir. O gündən sonra bir daha kürəni “gördüm” deyən olmur. Bir neçə müddət sonra həmin elmi konfransda iştirak edən alimlərdən biri qəribə açıqlama yayır. Onun sözlərinə görə, kürənin mənşəyi bilinmir və daxilində çox təhlükəli maddələr olduğundan açılması məsləhət deyil. Alim xüsusi vurğulayır ki, əgər kürə açılsa, atom bombası kimi effekt verəcək... 

Çindəki yadplanetli boruları. 

Çində bir çox göl yataqlarının altında mağaralar var. Həmin mağaralar borularla əhatələnib. Boruların ölçüsü və qalınlığı müxtəlifdir. Ən maraqlısı isə, bu borular insan işi deyil! 
Araşdırmalara görə, boruların yaşı 150 min ildən çoxdu. Təbii ki, həmin vaxt, metal əridib ondan boru düzəltmək insanlara məlum deyildi. Miladi təqvimin başlanğıcından 148 min il əvvələ aid olan borular hələ sirr olaraq qalır. 

Boruların yerləşdiyi bölgədə insan yaşamına aid izlərin tapılmaması hadisəni daha da qarışıq hala gətirir. Ehtimal edilir ki, borular yadplanetlilər tərəfindən su gətirmək məqsədilə hazırlanıb. 

Antik təyyarə modelləri. 

Təsəvvür edin ki, antik çağlarda şəhərlərə təyyarələr vasitəsilə yadplanetlilər enirdilər... Onda insan sivilizasiyasının tarixi də başqa cür olardı, deyilmi? 

Amma, qədim yazılı mənbələrdə göydən enən təyyarələr, onların endiyi yerlər barədə məlumatlar var. Bir çox xalqların mif və əsatirlərində də təyyarəyəbənzər obyektlərdən söz açılır. 

Əgər yadplanetlilər Yer kürəsinə eniblərsə, təbii ki, onların burda olduqlarına dair izlər var. İndi də bunlara baxaq. Xristofor Kolumb Amerikaya ayaq basmazdan öncə orada Quimbaya mədəniyyəti mövcud idi. Sonradan həmin ərazilərdə arxeoloqlar araşdırmalar apardılar. Tapılan qızıl heykəllər bu gün yaşayan və elmə məlum olan heç bir canlıya aid deyildi. Lakin, bir müddət sonra heykəlləri canlılarla deyil, nəsnələrlə eyniləşdirməyə başlayanda məlum oldu ki, onlar müasir təyyarələrin modelləridi. Qanadları, quyruğu və gövdəsi olan təyyarə heykəlləri aerodinamik cəhətdən qüsursuzdu. Heykəllərin prototipini hazırlayan alman mütəxəssislər uçan nəsnələrə malik bir xalqın varlığı haqqında tarixi məlumat olmamasına izah tapa bilmədilər. 

Başqa bir təyyarə modeli də antik Misir`ə aiddi. Həmin modellərin qanadları aeroplana bənzər bir quşu, quyruğu da balanslaşdırıcını xatırladır. Həm Quimbaya`ya, həm də Misir`ə aid olan modellərin yaşı 2 min il əvvələdək uzanır. Dünyanın fərqli yerlərində yaşayan və bir-birindən xəbərləri olmayan iki xalqın eyni modeli eyni vaxtda hazırlaması, sizcə, təsadüfdürmü? 

Antik aliminium. 

Aliminium hazırda önəmli bir metaldı.  Nəqliyyat vasitələrindən tutmuş içki qablaşdırmasına qədər, pəncərə qəfəslərindən küçə lampalarına qədər; bir sözlə, həyatımızın hər köşəsində aliminium var. Bəs, sizcə, aliminium müasir metaldımı? Rumıniyada tapılan və 250 min ildən artıq yaşı olan aliminiumu hesaba qatmasaq, bəli. 
Bu antik aliminiumun müxtəlif maddələr istifadə edilərək istehsal olunduğu müəyyənləşdirilib. Həmin nümunə tapılana qədər aliminiumun təbii mineral olduğu hesab edilirdi. 

250 min il öncə və mexanizmlər? 

Dünyanın fərqli yerlərində yaşayan insanlar antik təyyarə modelləriylə yanaşı astronavt heykəlləri də hazırlayıb. Bunlardan ən diqqət çəkəni Yaponiyadakı Dogu heykəlləri və İraqda tapılan Ubaid kərtənkələsidir. 
Dogu heykəllərinin miladdan öncə 14-cü minillik və 300-cü illər arasında var olmuş Jömon mədəniyyətinə aid olduğu ehtimal edilir. Bəziləri heykəllərin insanları və heyvanları simvolizə etdiyini düşünür. Lakin, əksəriyyət o fikirdədir ki, yadplanetliləri xatırladan heykəllərin nə məqsədlə hazırlandığı məlum deyil. 

Orta Şərqdə Ubaidlilər tərəfindən hazırlanan kərtənkələyəbənzər heykəllər də maraqlıdır. Heykəllərin bədəni insan bədəni, başı kərtənkələ başıdır. Bir heykəldə isə ananın öz balasını əmizdirdiyi görülür. Bu heykəllərin də nə məqsədlə hazırlandığı naməlumdur. 

Tablolardakı antik UFO rəsmləri. 

Müasir dövrümüzdə televiziya verilişlərində, filmlərdə, yaxud cizgi romanlarda UFO görmək heç kimi təəccübləndirmir. Xüsusilə, 1947-ci ildə Roswell hadisəsi yaşandıqdan sonra  UFO-larla bağlı söyləntilər və nəzəriyyələr artdı. Amerikan yerlilərinin mağara rəsmlərində yadplanetlilərə bənzər fiqurlar çəkilib. Oxşar çizimlərə Afrika, Avstraliya və Tanzaniyadakı, hətta, dünyanın hər yerindəki mağaralarda rast gəlmək olur. 

İtalyan rəssam Ventura Salimbeni`nin “Şərab və çörək ayininə mədhiyyə” adlı əsərində də buludun üzərindəki cismin nə olduğu bilinmir. 

Bahadur Seyidov / Demedia.az