Varlı olmağın 3 sirri - Araşdırma



 20:19 28.09.2022     1032

Bir zamanlar dünyanın ən varlı və gözəl şəhəri olan Babildə Arkad adlı bir adam yaşayırdı. Babilin ən varlı və comərd adamı olaraq məhşur idi.  Bir gün Arkadın uşaqlıq dostları ona qonaq gəlir. Söhbət əsnasında ondan soruşurlar:

-Arkad, sən çox şanslı bir adamsan.  Biz yoxsulluqla savaşarkən sən bu gözəl şəhərin ən varlı adamı oldun.  Bir vaxtlar eyni şəraitdə yaşayırdıq. Eyni cür də böyüdük. Eyni məktəbə getdik, eyni oyunları oynadıq.  Əməksevərlilikdə, zəhmətkeşlikdə də bizdən üstün deyildin.  Bəs necə oldu ki, Tanrı  təkcə sənə uğur və var-dövlət bəxş etdi?
    Arkad təvazökarlıqla gülümsəyib  cavab verdi:
-Çox sadə... Siz zəngin olmağın və pul qazanmağın  qaydalarını heç vaxt öyrənmədiniz. Bu qaydalara əməl etmədiniz.
    Dostları ondan bu cür cavab aldıqdan sonra daha bir sual verdilər:
-Bizə varlı olmaq üçün nə məsləhət görürsən? 
    Arkad varlı olmağın ilk qaydasını izah etməyə başladı:
-Hər ay cibinizə girən 10 qızıl puldan birini  götürüb kənara qoyun.  Elə bilməyin ki, sizə boş məsləhət verirəm.  Dediklərimə diqqətlə qulaq asın və ciddiyyətlə əməl edin. Həyatın həqiqətləri çox zaman olduqca sadədir.  Müəyyən vaxtdan sonra kiçik də olsa əlinizdə sərmayə olacaq.   Kiçik olmağına baxmayaraq, bu sərmayə sizdə özünüzə qarşı inam yaradacaq.   Öz əməyi ilə varlı olan insanların hər biri  həmişə bu cür kiçik sərmayə yığmağa başlayır.  Yığdıqları pul böyük işlərin təməl daşları olur. 
    Arkadın dostları ona  təşəkkür edib evlərinə getdilər. Bəziləri Arkadın tövsiyəsini ciddiyə alıb dərin-dərin düşüncələrə daldılar. Bəziləri isə varlı və xoşniyyətli Arkadın arxasınca danışıb, onu lağa qoydular.  
    Bu qayda, həqiqətən də, çox önəmlidir.  Deyək ki, ayda 2000 manat maaş alırsınız.  Bunun 500 manatını ev kirayəsinə verirsiniz.  100 manatını avtomobilinizin sığortasına,  300 manatı benzinə,  500 manatı da aylıq ərzağa xərcləyirsiniz.  100 manatı su, işıq, qaz  puluna, 300 manatı kreditə, 200 manatını da aradabir ailənizlə getdiyiniz  restoranlara, yaxud, oğlunuzun idman məktəbinə ödəyirsiniz.  Qısası, bir ay boyunca işləyib əvəzində aldığınız pulu başqalarına paylayırsınız.  Yəni, başqalarının varlanmağına və özü üçün sərmayə yığmağına kömək edirsiniz. 

Aylıq maaşınız 20 min manat, 200 min manat olsa da, heç nə dəyişməyəcək. Bu, bir  vərdişdir.  Başqalarından öncə öz gələcəyinizə olan borcu ödəməzsəniz, heç vaxt varlı ola bilməyəcəksiniz. Ona görə pul yığmağı da vərdişlərinizə daxil etməlisiniz.  Çalışın, aylıq maaşınızın, heç olmasa 10%-ini kənara qoyun.  
    Yəqin, indi ürəyinizdə deyirsiniz:
-Qardaş, danışdıqların gözəldi,  amma mən nəinki pul yığmaq,  bu aydan o aya güclə çıxıram.  
    Bunun cavabını Babilin ən  varlı adamı Arkad varlı olmağın ikinci qaydasında izah edir. 
    Arkadın dostlarıyla ikinci görüşü ayın sonunda oldu.  Bu dəfə o dostlarına dedi:
-Ayın sonu çatıb. Cibində  pulu qalmayanlar əlini qaldırsın. 
    12 dostunun hamısı əlini qaldırdı. Arkad çox təəccübləndi və dedi: 
-Hamınızın fərqli işiniz və aylıq gəliriniz var.  Hamınızın həyat tərzi və vərdişləri fərqlidir. Bəziləriniz subaysınız, bəziləriniz də ailə-uşaq sahibisiniz.  Qazanclarınız və xərcləriniz də tamamilə fərqlidir.  Eyni olan tək şey ay sonunda heç birinizin cibində pul olmamasıdır.  İndi sizə varlı olmağın ikinci qaydasını deyəcəyəm. Əgər diqqət etməsəniz, xərcləriniz də həmişə gəlirinizlə bərabər artacaqdır. Hər insanın ehtiyaclarını ödəməsi labüddür.  Lakin, həyatda insanların çoxu ehtiyac və istək arasındakı fərqi öyrənə bilmir.   Bu cahillikləri onların varlanmağına mane olur.   Adətən, insanın istəkləri çox olur.  Bir istəyinə çatan kimi, ürəyində  daha üç istək  yaranır.  Əgər gələcəkdə varlı olmaq istəyirsinizsə,  vərdişlərinizi və xərclərinizi  dəqiqliklə analiz edin.  Bir ay ərzində bütün xərclərinizi, bir qəpiyinə kimi yazın.  Sonra bu xərclərinizi oxuyun, özünüzdən soruşun: “Hansı xərclər mənim əsas ehtiyaclarım üçündür? Hansı xərcləri azaltsam, həyat tərzimdə çatışmazlıq yaranmaz?” Bunu etsəniz,   lazımsız yerə nə qədər pul xərclədiyinizi görüb təəccüblənəcəksiniz.  Azaltdığınız xərclərdən qalan pulu hər ay yığdığınız pulun üstünə qoyun.  Sərmayənizin  aydan-aya necə böyüdüyünü həzzlə izləyin.  

Bu qayda günümüzdə də çox önəmlidir.  Bu gün əsas ehtiyaclarımız sırasında olan çox şey babalarımızın dövründə heç kəşf edilməmişdi.  Buna baxmayaraq, onların bizə nisbətən daha rahat və xoşbəxt yaşadıqlarını da çox eşitmişik.  Elə təkcə bunu düşünüb ikinci qaydanı tətbiq etməyə çalışsaq, çətinlik çəkməyəcəyik.  

Alış-veriş mövzusunda ən pis vərdiş, məncə, başqalarını düşünməkdir.  Məsələn, aya minimal maaş alan bir adamın 5000 manata ən bahalı marka telefon alması məntiqsizlikdir.  Düzdür, bu dövrdə hamının “ağıllı telefon”unun olması lazımdır, hətta, telefonumuz bizim əsas ehtiyaclarımız sırasındadır.  Lakin, texniki baxımdan, 200 manatlıq telefon da gündəlik həyatımızı yaxşılaşdıra bilir.  Yəni, aylıq maaşınızın yarısını verib iki il əvvəl “ən son model” sayılan telefonu almaq da olar.  Bu, qənaət deməkdir.  

Avtomobildə, ziyafətlərdə, tətildə də qənaət etmək mümkündür.  Əgər bu mövzuya  marağınız varsa, qənaət mövzusunda da bir video hazırlaya bilərəm.  Baxmaq istəsəniz, rəylərdə yazarsınız.

Təəssüf olsun ki, istehlak mövzusunda  elə də məlumatlı deyilik.  Çox adam sevmədiyi və özündən aşağıda gördüyü insanların yanında lovğalanmaq üçün  pulunu ehtiyacı olmayan şeylərə xərcləyir.

Varlı olmağın üçüncü sirri nizamlı və artan gəlirdir.  Əksər insanlar elə düşünür ki, varlı olmaq birdən-birə külli miqdarda pula sahib olmaqdır.  Bu fikrin yanlış olduğunu kiçik bir misalla izah etmək istəyirəm. 

Rəcəb varlı bir ailənin övladıdır. Ərköyün böyüdülüb. Ömür boyu heç maddi sıxıntı çəkməyib. Heç vaxt da doğru-dürüst bir işdə işləməyib.  25 yaşına çatanda valideynləri vəfat edib.  Rəcəbə 5 milyon manat miras qalıb.  Sənan isə orta sinif bir ailədə anadan olub.  Hələ məktəbliykən günortadan sonra və həftə sonları işləməyə başlayıb.  Universitetdə maliyyə işi oxuyub və 25 yaşında yaxşı maaşlı bir iş tapıb. İlk maaşı 5000 manat olub. İşdə özünü çalışqan və nizamlı işçi kimi tanıdıb, zaman keçdikcə maaşı da artmağa başlayıb. 15 il ərzində, ayda,  ortalama 10 min manat gəliri olub.   Hər ay  Forex bazarında çox az riskli səhmlərə 5000 manat yatırıb.  Bu yatırımın illik gəliri, təxminən, 8,5%-dir. 

Rəcəb  isə dəbdəbəli həyata  vərdiş edib. Ona qalan sərvətə güvəndiyi üçün bu vərdişindən əl çəkmir. Hər ay, ortalama, 20 min manat xərcləyib. 

İndi baxaq, görək 15 il sonra, yəni 40 yaşlarında  Rəcəblə Sənanın maddi durumu necədir? Rəcəbin 5 milyonluq sərvəti 15 il ərzində azalıb, 1,4 milyon olub. Sənanın sərmayəsi isə 1771920 manata qalxıb.  Bundan əlavə, Sənan işində təcrübəli kadr sayılır və aylıq maaşı artıb, 15000 manat olub.  Amma yenə də, Sənanın aylıq xərci 7500 manatı keçmir. Yerdə qalanı yenə də az riskli səhmlərə yatırır.  

Bu hesabla, 6 il sonra Rəcəbin sərmayəsi tükənəcək. Sənanın sərmayəsi isə ildən-ilə artacaq.  Gördüyünüz kimi, pulu qazanmağı, xərcləməyi və sərmayə yığmağı bilmək varlı olmaq deməkdir.  Əməklə qazanılan pul qəfildən göydən düşən 5 milyon manatdan daha dəyərlidir. 

Bu an  minimum maaş alırsınız? Eyb etməz. Qənaət etməyi  öyrənmək üçün böyük bir imkandır.  Həftə boyu işləməyə davam edin,  həftə sonları gəlir və xərclərinizi nizamlamağa çalışın. Əminsiniz ki, işinizdə yüksəlməyəcəksiniz? Bu da problem deyil. Bir il ərzində həftə  sonları gəlir əldə etmək üçün yeni peşə öyrənin. Növbəti ilin həftə sonları  artıq pul qazana biləcəksiniz. 

Varlı olmağın dördüncü qaydasını isə sizə öz həyatımdan misal çəkərək izah edəcəyəm. Amma, bunu növbəti videoya saxlasaq, daha yaxşı olar deyə düşünürəm. 

Bahadur Seyidov / Demedia.az