Vaxta qənaət üçün nə etməliyik? - Araşdırma



 21:26 28.09.2022     1205

Həmişə  vaxta ehtiyac duyuruq, amma  vaxt da heç nəyə yetmir.  İşləyib pul qazanmaq, qazandığımız pulu lazım olan şeylərə xərcləmək, banka gedib kredit götürmək, elə bu kerditi ödəmək üçün də vaxta ehtiyacımız var. 

Həm də şikayətimizin biri, necə deyərlər, “bir qəpikdəndi”.  Bütün günü “vaxtımız yoxdu” deyib yüyürürük. Nə qədər qaçsaq da, özümüzü yorsaq da, bir gün 24 saata bərabərdir və onu dartıb uzatmağın bir yolu yoxdur.     Bəs neyniyək ki,  vaxta qənaət edək?  Videoda bu haqda danışacağam. 

Günə başladığımız ilk andan zamanla  yarışdayıq. “Bunumu edim?”, “Bu işimi qabağa salım?”, “Bəlkə bunu sabaha saxlayım?” kimi suallar belə vaxtımızdan oğurlamaqda mahirdi. Bu cür suallara  vaxt ayırmamaq üçün günümüzü planlaşdırmağı  öyrənməliyik. Məsələn,  iş saatlarınızda sosial hesablarınızı açmayın. Elektron poçtunuza gün ərzində cəmi bir dəfə, hər gün də müəyyən etdiyiniz saatda açıb  baxın.  Təcili olmayan mesajlara və zənglərə həmin dəqiqə cavab verməyə tələsməyin. Önəmli olanları seçməyi bacarın. Unutmayın, siz cəmi bircə nəfərsiniz, hamının suallarına eyni anda cavab verməyə, yaxud hamının işinə yaramağa məcbur deyilsiniz.

Bu günə nəyi planlaşdırmısınız? Çalışın, planınıza sadiq qalın. Başqa şeylərə diqqət etməyib planınızdakı əsas işi görməyə başlayın. Yalnız işiniz uğurla sona çatandan sonra başqalarının sizdən umduqlarına mülayimliklə cavab vermək olar.

Bayaqdan elə hey “plan tutun, qrafik qurun”  deyirəm. Amma, bu o demək deyil ki, robot kimi yalnız  qrafiklə işləməlisiniz. Xeyr! Siz insansınız və insanın təbii ehtiyacları ilə yanaşı rahatlanması üçün sevdiyi  vərdişlər də var. Məsələn,  kompyuterdə yazı yazırsınızsa, klassik musiqiyə qulaq asa bilərsiniz. Yaxud,  dülgərsinizsə, yan masada bir şüşə qazlı suyun hazır durması,  aradabir udumlamanız qəbahət deyil. Əksinə, bunlar sizi rahatladacaq və işinizə daha sevgiylə yanaşacaqsınız. 

Deyək ki, hər işinizi planlaşdırmısınız, gün ərzində də plana uyğun hərəkət etmisiniz, amma axşam baxırsınız ki, vacib olan bir işi yerinə yetirmək yadınızdan çıxıb. Bunun da yolları var. Telefonunuza Todoist, Any.do, Wunderlist  kimi proqramları yükləyə bilərsiniz. Bu proqramlar bir gün öncədən tutduğunuz planı səliqəyə salmaqda sizə kömək edəcək. Ayrıca,  yadınıza salım ki, “ağıllı telefonlar” planlarınızı sizə xatırlatmaq qabiliyyətinə malikdirlər. 

Özünüzə yuxu rejimi təyin edin.  Düzdür, sutkada 7-8 saat yatmağın insan üçün bəs edəcəyi artıq  ümumi fikirdir, yenə də bu, hökm deyil. Əgər siz 9 saatlıq  yuxudan sonra özünüzü yenilənmiş və gümrah hiss edirsinizsə,  doyana qədər yatmaq haqqınızdır. Sadəcə, əmin olun ki, yuxudan oyanandan sonra tam enerji ilə yeni günə və sizi gözləyən işlərə başlamağa hazırsınız. 

“Yox!” deməyi öyrənin. Öz işləriniz dura-dura “xətir üçün xəstə yatmayın”. Kimsə sizdən inciyə bilər deyə öz işinizi ertələməyin. Hamını məmnun etmək məcburiyyətində deyilsiniz. 

Əgər vaxtınıza qənaət etməyi bacarsanız, bax o zaman yaxınlarınız, ailə üzvləriniz və dostlarınız, sözün həqiqi mənasında, sizdən razı qalacaqlar. Çünki, onlarla keçirəcək vaxtınız olacaq. Üstəlik,  birlikdə olduğunuz vaxtlarda üzügülər və şən olacaqsınız. 

Bahadur Seyidov / Demedia.az