"Mail.ru istifadəçiləri üçün CİDDİ TƏHLÜKƏ



 14:07 28.09.2022     704

"Mail.ru istifadəçiləri üçün yeni və daha ciddi təhlükə yaranıb".

Demedia.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O bildirib ki, AppStore platforması ötən gün VK Holdinqə daxil olan bir çox resursları silib:

"Bu, gözlənilən idi. Hazırda bu Holdinqə daxil olan Vkontakte sosial şəbəkəsi, VK Play, "VK Музыка", "VK Клипы" "VK Мессенджер", "VK Админ", "Почта Mail․ru" və "Облако Mail.ru" mobil servisləri AppStore platformasında görsənmir.

VK özünün bir çox mobil tətbiqlərinin silinməsini təsdiqləyib. Eyni zamanda əvvəldən yüklənənlərin hələlik işlədiyini bildirib.

Qlobalda monitorinq aparan Netblocks da VK mobil tətbiqlərinin dünyanın heç bir yerində artıq əlçatan olmadığını təsdiqləyib.

Düşünmək olar ki, Apple-dən sonra qısa müddətdə Google də bu addımı atacaq və Play marketdən də adı çəkilən resurslar silinə bilər.

Belə olan halda bu resurslardan istifadə edən bizim vətəndaşlarımızı da ciddi problem gözləyəcək.

Onlar üçün bu resurslar sadəcə əlçatan olmayacaq, datalar itəcək, bu emailə bağlı olan digər servislərdə problem yaranacaq və s.

Bildiyim qədər Azərbaycanda hələ də xeyli sayda insanlar Mail.ru servisindən istifadə edir.

Həm də bu emaildən istifadə edərək müxtəlif servislərdə (Facebook, İnstagram, TikTok və s.) qeydiyyatdan keçənlər var.

Baxmayaraq ki, hələlik Google bu addımı atmayıb, adı çəkilən servislərin veb versiyası işləkdir, amma tövsiyyə ondan ibarətdir ki, Mail.ru dan istifadə edənlər ləngimədən digər servislərə (Gmail və s.) keçsinlər.

Məktubların daşınmasını Mail.ru-ya etibar etməyin nəticəsini biz hələ 2008-də Rusiyanın Gürcüstana hücumu zamanı görmüşük.

Mail.ru datanı və kontaktları yeni Gmail ünvana köçürmək elə də problem yaratmır. Gmail-də belə imkanlar nəzərdə tutulub.

Amma gərək bu addım zamanında atılsın.

Rusiya hökuməti və VK rəhbərliyi baş verənlərlə bağlı Apple şirkətinə sorğu göndərib.

Xatırladıram ki, VK Holdinqin rəhbəri Vladimir Kiriyenkodur .

O isə hazırda Ukraynanın işğal olunan ərazilərində keçirilən referenduma rəhbərlik edən Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkonun oğludur.

Hansı ki, ata və oğul , hər ikisi sanksiya altındadır.

Holdinqin London Fond Birjasında fəaliyyəti də Rusiyaya tətbiq edilən sanksiyalar çərçivəsində dayandırılıb.

p.s. Bir neçə gün öncə Apple və Google şirkətlərin keçmiş rəhbərləri Ukrayna Prezident administrasiyasında görüşlər keçirmişdilər.

Baş verənlərdə güman ki, bu görüşlərin də " izi" olmamış deyil.

Müharibə başlayandan sonra AppStore-dən Rusiyaya məxsis 7000 mobil tətbiqin silindiyi bildirilir.

p.p.s. Elektron Təhlükəsizlik Xidmətinin də bu məsələlərlə bağlı istifadəçilərə tövsiyyəsi faydalı olardı".

Xəyalə Məmmədova / Demedia.az