Rusiya əleyhinə ilk addım: Dağıstanda nə baş verir?
"Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ölkədə qismən səfərbərliyi nəzərdə tutan fərmanı imzaladıqdan sonra 300 mindən çox insan orduya cəlb edilib. Paralel olaraq isə Rusiya vətəndaşları kütləvi şəkildə ölkəni tərk edərək, vizasız rejim olan bir sıra ölkələrə - Ermənistan, Qazaxıstan, Gürcüstana gedirlər. Artıq Türkiyə də çoxlarının sığınacağına çevrilib. 2 milyon rusiyalının ölkəni tərk edəcəyi gözlənilir. Bununla belə, getdikcə ölkə daxilinə səfərbərlik əleyhinə etirazlar güclənir".
Demedia.az xəbər verir ki, bunu politoloq Turan Rzayev deyib.
O bildirib ki, ilk ciddi kütləvi etiraz isə son illərdə mərkəzi hakimiyyətlə narazılıq yaşayan Dağıstanda baş verib:
"Belə ki, Dağıstanda səfərbərlik əleyhinə etiraz aksiyaları keçirən Endirey yaşayış məntəqəsinin sakinləri Xasavyurd-Mahaçqala yolunu bağlayıblar. Polisin sakinlərə atəş açdığı bildirilir.
Dağıstanda olduğu kimi, Çeçenistan, Tatarıstan, Başqırdıstan və Saxa Yakutyada səfərbərliyə qarşı etirazlar təşkil edilir.
Nə baş verir?
Rusiyanın Ukraynada apardığı işğalçı müharibə onsuz da ruslar arasında ciddi narazılıq yaratmışdı. Prinsip etibarilə, ruslar dili, dini etnik mənsubiyyəti eyni olan faktiki olaraq qardaşları ilə müharibə aparmalı idi.
Müharibə əgər ruslar üçün mənəvi baxımdan ağır idisə, qeyri-rus olan Rusiya vətəndaşları üçün büsbütün problemdir. Belə ki, Dağıstan başda olmaqla, digər muxtar respublikalarda yaşayan qeyri-rusların etiraz etməsinin əsas səbəbi səfərbərlik qərarının ümumi Rusiyada elan edilməsinə baxmayaraq, Ukrayna ilə döyüşlərin getdiyi təmas xəttinə daha çox qeyri-rusların göndərilməsidir. Yəni rəsmi Moskva faktiki olaraq qeyri-rusları ölümə göndərir. Başqa sözlə, müharibə pərdəsi altında postmodern soyqırım həyata keçirilir.
Kremlin postmodern soyqırımı
Rusiyanın ərazisi əhali nisbətinə görə kifayət qədər genişdir. Rusiya demoqrafik baxımdan da ciddi problemlər yaşayır. Belə ki, hazırda Rusiya əhalisinin ümumi göstəricisinə görə, rusların artımı qeyri-ruslara görə günbəgün azalır.
Kreml vəziyyətdən narazıdır və Rusiya--Ukrayna müharibəsindən demoqrafik problemin “həlli” üçün də istifadə edir. Belə ki, müharibəyə cəlb edilən qeyri-rusların əksəriyyəti hərbi xidməti 5 il müddətində bitirən 25-30 yaş aralığında olanlardır. Bu isə əhalinin əsas artım dinamikasına təsir edən yaş qrupudur. 25-30 yaş arası qeyri-rusların döyüşlərdə həlak olması muxtar respublikalarda qeyri-rus əhalinin artım dinamikasına ciddi zərər verə bilər".
Xəyalə Məmmədova / Demedia.az