Bakıda iflas edən NƏQLİYYAT SİSTEMİ - Nə edilməlidir?
"Uzun illərdir ki, deyirdik təcili tədbirlər görülməsə Bakı iflic olacaq, şəhərdə kollaps vəziyyəti yaranacaq. Dedilər əşşi heç nə olan deyil. Və o gün gəlib çatdı. Artıq Bakı bir şəhər kimi iflas etdi, nəqliyyat sistemi demək olar ki komadadır. Əhali qalıb küçələrdə marşrut taksiləri belə tapmaq olmur, ças-pik vaxtı taksi şirkətlər qiymətləri qaldırır kəllə çarxa, dünən Sahildən Xətai istiqamətə 2 km-lik yola şirkətlərdən biri 6 manat tələb edirdi. 5 dəqiqəlik yolu 55 dəqiqəyə zorla getdik. Qayıdanda oradan Bayıl tərəfə 15 dəqiqəlik yolu 2 saata gəlib çıxdıq. Camaat qalıb küçələrə, hərdənbir gələn avtobuslara minə də bilmir. Hamı əsəbdən partlayır, söyüşün-qarğışın biri 1 qəpikdən".
Demedia.az xəbər verir ki, bunu ekspert Elçin bayramlı deyib.
O bidlirib ki, vaxtında hansısa cinayətkar quldurlar tramvay və trolleybus sistemini, şəhərətrafı elektirk qatarlarını bilərəkdən məhv etdilər:
"Bununla da Bakıya ölümcül zərbəni vurdular. İndi Bakı dünyada yalnız 1 növ ictimai sərnişin nəqliyyatının (avtobusların) ümudinə qalan yeganə paytaxt şəhəridir. Regionlar inkişaf etmədiyindən Azərbaycan demək olar ki, Bakıdan ibarətdir, ölkənin bütün iqtisadi, mədəni, sosial resursları burada cəmləşib, ölkə əhalsinin yarısı- 5 milyon nəfər buraya toplaşıb.
Dəhşətlisi ondadır ki, artıq problemi həll etmək imkanları da itirilib. Çünki şəhər həddən artıq çox sayda və sıx şəkildə tikilmiş minlərlə hündür binalarla, hərəkətin mümkün olmadığı, avtomobillərin dayanması imkanının olmadığı dar küçələrlə, anormal tərtib olunmuş hərəkət sistemi ilə cəhənnəmə döndərilib. Problemin həlli üçün şəhər sökülüb təzədən tikilməlidir, dağdılmış tramvay, trolleybus, elektriçka sistemi milyardlarla pul xərclənərək yenidən bərpa olunmalıdır. Üstəlik, şəhər əhalsinin ən azı yarısı regionlara qaytarılmalıdır. Bunlar isə praktiki olaraq mümkün deyil.
Qaldı ki, avtobusları sistemində yaranmış faciəvi vəziyyətə, onu deyə bilərəm ki, bu süni yaradılmış vəziyyətdir. Gediş haqqının artırılması ilə bağlı müraciətlər üçün əsas yoxdur, burada heç bir iqtisadi əsaslandırmadan söhbət belə gedə bilməz. Əvvəla yeni avtobusların çoxu sıxılmış qazla işləyir və bu 2-3 dəfə daha ucuz başa gəlir. İkincisi 2 avtobuslu adamı 1 avtyobusla daşıyaraq ikiqat gəlir əldə edilir. Qaldı ki, hökumətin şirkətllərə vəd etdiyi pulu verməməsi və Bakıkartın 1 faiz əvəzinə 5 faiz tutmasına, bu sərnişinlərin problemi deyil, hökümətin problemidir.
Yaxşı ki vaxtilə Bakıda metro tikilib və o var gücü ilə mübarizə apararaq birtəhər bu şəhəri vəziyyətdən çıxarır və yaranacaq fəlakətin qarşısını alır. Lakin metro da artıq bu dəhşətin öhdəsindən gələ bilmir. Şəhərin yerüstü sərnişin nəqliyyatı sistemi yenidən qurulmalı, təcili tədbirlər görülməlidir. Əks halda Bakı tam kollaps vəziyyətinə düşəcək".
Xəyalə Məmmədova / Demedia.az