Səhər yuxudan tez oyanmağın inanılmaz faydaları - Araşdırma



 17:32 29.09.2022     1205

Qədim zamanlarda bir kişi olur. Onun da iki oğlu olur. Kişi həmişə oğullarına deyir:  “Elə yaşayın ki, birinci hamı sizə salam versin. Həmişə dünyanın ən şirin nemətini yeyin və qu tükündən yastıqda yatın”.

Bu sözlər böyük oğulu hirsləndirir. O, qardaşına deyir: “Axı biz kasıbıq. Kasıba kim birinci salam verər ki?! Hələ ən şirin nemətdən, qu tükündən yastıqdan danışmıram”. Kiçik oğul deyir: “Sən atamızı düzgün anlamamısan. Səhər hamıdan tez oyanıb tarlaya getsək, bizdən sonra gələn hər kəs bizə salam verəcək. Naharadək işləyib, ac olan vaxtı yediyimiz şor-çörək dünyanın ən şirin neməti olacaq. Yorğun halımızla gəlib keçəmizə baş qoyub yatsaq, elə biləcəyik ki, qu tükündən yastıqda yatırıq”. Bu məsəlin verdiyi ən önəmli mesaj tez oyanmaqdan qorxmamaqdır.

Bu gün dünyada tezdən oyanmaq çoxlarına çətin gəlir. Amma, uğur hekayəsini bilmədiyimiz məhşurların çoxu, xüsusən, əksər aktyorlar və Silikon Vadisinin menecerləri tez oyanmağa üstünlük verirlər. ​

İki dəfə “Academy” mükafatına layiq görülən Hollivud ulduzu Mark Wahlberg hər gün 19:30-da yatıb 02.30-da oyanır. Apple`in baş icraçı direktoru Tim Cook`un 03.45-də oyandığı da sirr deyil. Disney`in baş icraçı direktoru BobIger isə səhər idmanına 04.25-də başlayır. ​

Professionalların istifadə etdiyi LinkedIn sosial şəbəkəsində yayılan inanca görə, uğurun sirri tez oyanmaqdadır. Görəsən, bu inanc doğrudurmu? Həqiqətən də, tez oyanmaq iş prosesində məhsuldarlığı artırırmı? Yoxsa, tez oyanmaq yuxusuzluq deməkdi? ​

Gecə 02.30-dan oyaq olmaq yuxusuzluq kimi qəbul edilə bilər. Amma, Wahlberg tez yataraq 7 saatlıq yuxusunu zəmanət altına alır. Belə demək olar ki, uğurun və işdəki məhsuldarlığın sirri tez oyanmaqdan daha çox doyunca yuxu yatmaqdır. Unutmayın, yuxusuzluq sağlamlığa ziyandır. O ki qala, yuxulu-yuxulu iş görmək... ​Vaşinqton Universitetinin əməkdaşı Christopher Barnes və Miçiqan Universitetinin əməkdaşı Gretchen Spreitzer tez oyanmaq və yuxu rejimi barədə araşdırmalar aparıblar. Onlar uğurlu şirkətlərin əməkdaşlarının yetərincə yatıb-yatmamasını tədqiq ediblər. ​Spreitzer`in fikrincə, aktyor Wahlberg yetərincə yuxusunu alırsa, gecə, yaxud gündüz işləməyinin fərqi yoxdur. O, öz uğur saatını tapıbsa, nə yaxşı... ​“Tez oyanmağın üstünlükləri çoxdur”-deyir Spreitzer. Əlavə edir ki: “Bir nizamınız olur. Özünüzə zaman ayıra bilirsiniz. Ailəlisinizsə, uşaqlar oyanmadan çox iş görə bilirsiniz”.

Psixoloqların bəziləri axşam tez yatmağın ailədəki və ətrafdakı insanlarla sosial münasibətlərə mənfi təsir etməsindən əmindir. Spreitzer`in dediyinə görəsə, sosial münasibətlərdə ən əsas nöqtə ruhən sağlam olmaqdır. ​Bəs, günə erkən başlamaq hamımızın bioloji saatımızla düz mütənasibdirmi? Sirr deyil ki, yuxu rejimi vücud saatından asılıdır. Bu saat fasilələrlə orqanizmdəki yuxu prosesini nizamlayır. Əksər insanlar hər gün eyni saatlarda yatıb, eyni vaxtda da oyanır. Bəzən yaşadığımız ölkə ilə saat fərqi olan ölkəyə gedərkən bədənimizdəki narahatlıqların səbəbi budur. ​Vücud saatına əsaslanaraq, araşdırmaçılar insanları iki qrupa ayırır: tez oyananlar ( tez yatıb, tez qalxanlar), günü günortadan keçirənlər (gec yatıb, gec oyananlar). Vaşinqton Universitetinin əməkdaşı Christopher Barnes insanlar arasındakı fərqlilikləri yaş perioduna bağlayır. Məsələn, uşaqlar tezdən oyanıb axşam tez yatırlar. Gənclikdə gec yatıb gec oyanırıq. Yaşlandıqca uşaqlığımızdakı rejimə geri dönürük. ​Barnes deyir: “Wahlberg kimi “super tez oyanan” insanlar nadirdir”. Və əlavə edir ki: “Təbii, hər kəsin yuxu rejimini nizamlayan bioloji saatı individualdır. Buna görə də, heç kəs bir başqasıyla eyni deyil”.

Bir maraqlı məsələ də tez oyanan insanların bununla fəxr etmələridir. Məncə, məsələnin kökündə videonun əvvəlində danışdığım hekayətin ötürdüyü sosial mesaj durur: işdə məhsuldarlıq və cəmiyyətdə qazanılan rəğbət. Yenə də bu yöndəki araşdırmalara nəzər salaq.

2014-cü ildə 120 nəfər üzərində aparılan araşdırmada maraqlı nəticələr müşahidə edilib. Məlum olub ki, işə gec başlayanları müdirləri də sevmir. Çünki, tez oyananlarla nisbətdə onlar daha az məhsuldarlıq göstərirlər. Hətta, az iş görsə belə, müdirlər işə tezdən gələn işçiləri dəyərləndirməyə meyllidirlər. Bu da şüuraltında tez oyanan insanlara olan rəğbətdən irəli gəlir.

Atalarımızın bir misalı var: “Tez oyananla tez evlənən uduzmaz”. Evlənməyi özünüz bilərsiniz, onsuz da, karantin rejimində toylar da yoxdu. Amma, çalışın bu karantin günlərində yuxu nizamınızı pozmayasınız. Saatından asılı olmayaraq, vücudunuzun ehtiyacı olan yuxunu almasına imkan verin. Əsas sağlamlıqdır.

Bahadur Seyidov / Demedia.az