SSRİ-nin əfsanəvi məhsulları - Araşdırma



 18:36 29.09.2022     1037

Yəqin ki, hamınızın ailəsində nənədən-babadan qalma əşyalar var və siz onların çoxunun dəyərsiz olduğunu fikirləşirsiniz. Hətta, yığıb zibil yeşiyinə atdıqlarınız da olub.

Bizimçün dəyərsiz olan bu əşyalar nənə-babalarımız üçün əfsanəyə dönən xatirələr ola bilər. İnanmırsınız?

Qarşıdakı videoda sizə SSRİ-nin əfsanəvi məhsullarından danışacağam...

1. Mağazaların bəzəyi tərəzilər... Sovet dövründə mağaza işçilərindən ticarət bacarığı yox, alıcını tərəzidə aldatmaq bacarığı tələb olunurdu. Bu tərəzilər isə aldatmaq üçün əla vasitə idi. İçi oyulan çəki daşlarından tutmuş, xüsusi rəqəmin üstündə saxlanılan əqrəblərə qədər hamısı satıcının “istedadı”nı göstərirdi...

2. Çapma stəkanlar... Bu stəkanlarla, sözün əsl mənasında, qoz qırmaq olurdu. Deyilənə görə, xüsusi texnologiya ilə hazırlanan bu stəkanlar müharibədən qalan xatirələrdəndi. 1943-cü ildə Leninqradın mühasirəsi zamanı Muxina adlı bir heykəltaraş bu stəkanların eskizlərini hazırlayır, az keçmir ki, stəkanlar istehsal olunur. Sürətlə SSRİ-nin hər bir guşəsinə yayılan çapma stəkanlar nəinki, evlərin bəzəyinə çevrilir, qızların cehizlik sandığına da yol tapır...

3. Komandir saatları... İlk dövrlər komandir saatları yalnız şücaətə görə, qəhrəmanlığa görə medalla birlikdə verilirdi. Müharibədən sonra bu saatlar kütləvi istehsala buraxıldı və hər kəs üçün əlçatan oldu.

4. “Неваляшка” oyuncaqları... Sovet dövründə qız uşaqlarının sevimli oyuncaqlarından olan bu kuklalar artıq əntiq əşya sayılır. İndi bu oyuncaqları alsaq, qızlarımızdan çox, nənələrimiz, analarımız sevinər. Tapıb almaq isə, bir ayrı hünər tələb edir...

5. Pedallı “Moskviç”. Sovet dövrünün oğlan uşaqları üçün bu maşınlar “ən böyük arzu” statusunda idi. Yəqin ki, sürücülüyü peşə olaraq seçənlərin çoxu uşaqlıqda bu maşına minib.

6. İpdən hazırlanan torbalar... Sovet dövründə bazarlığa gedərkən bu torbaları götürmək mədəniyyət göstəricisi sayılırdı. Düzdü, bu torbalar ilk dəfə olaraq 19-cu əsrdə Çexiyada dəbə minib, yenə də hamımızın yaddaşında “sovetdən qalma” kimi möhürlənib... Kompaktlığı və tutumluğu ilə seçilən ip torbalar bəzi tərəvəzlərin qışa saxlanması üçün də əlverişliydi.

7. Qazlı su aparatları. 16 aprel 1937-ci ildə SSRİ-də ilk qazlı su aparatları istifadəyə verilib. Əvvəllər yalnız Moskva küçələrində rast gəlinən bu aparatlar sonra ittifaqın bütün ölkələrinə yayıldı. Bu avtomatlarda adi suyun 1 stəkanı 1 qəpiyə, qazlı suyun bir stəkanı 3 qəpiyə satılırdı. Karantin dövründə qulaqlardan iraq, bu aparatlarda stəkanlar çoxistifadəli idi... Yəni, bir stəkanda gün ərzində yüz adam su içirdi...

8. Əmanət kitabçası. Sovet vaxtı insanlar pullarını banka qoyub, əvəzində əmanət kitabçaları alırdılar. Demək olar ki, əksər evlərdə əmanət kitabçaları ən qiymətli nəsnə sayılırdı. Onu bir, yox, ən azı, iki dəfə kağıza, qəzetə, hətta, kəlağayıya büküb yük yerində, sandıqlarda gizlədirdilər...

9. “Жучок” fanarları. Kompaktlığı və işləkliyi ilə seçilən bu fanarların özəlliyi illərlə istifadə edilə bilməsiydi. Lampası qırıldı? Yeni lampa tax və növbəti 10 ildə də qaranlıq zirzəmiyə qorxmadan gir...

10. “Вихрь” tozsoranları. Bu tozsoranlar gözəl dizayna malik idi. Digər markalardan güclü olmasıyla fərqlənən tozsoranlar hələ də bəzi həyət evlərində işlədilir. Onun sovet dövrü isanlarının yaddaşında əfsanəyə çevrilməsinin səbəbi sənaye tullantılarını təmizləməyə qadir olması idi... Bəs, sizin evinizdə hansı SSRİ məhsulu var? Və ən əsas sual: niyə saxlayırsınız? Cavablarınızı rəylərdə yaza bilərsiniz...

Bahadur Seyidov / Demedia.az