Qeyri-adi şəkildə həyatda uğur qazanan insanlar - Araşdırma
Uğur və şans... Hər ikisini də bütün həyatımız boyu axtarırıq.
Uğur qazanmaq, şanslı olmaq üçün qədimlərdən insanlar müxtəlif ayinlər keçiriblər. Bəzən kiçik bir əşyanı, deyimi şansı çağırmaq üçün vasitə sayıblar.
Qapının üstündən at nalı asmaq, mağazanın vitrininə ağzıaçıq qurbağa heykəlciyi qoymaq, sonuncu qəpiyi xərcləməyib “puldibi” saxlamaq, açarlığında dovşan ayağı gəzdirmək, ilk maaşdan şirniyyat almaq... Bu kimi adətlər də insanların şüuraltında şansı qazanmağa xidmət edir. Nə qədər xeyirlidir? Nə dərəcədə doğrudur?
Bilmirik... Yenə də şansı, uğuru axtarmaqdan əl çəkmirik...
Şanslı və ya bəxti gətirən o deyil ki, mütləq yolda gedərkən pul tapsın, yaxud başına göydən qızıl yağsın. Bəzən ölümdən “qıl payı” qurtulmaq, itiyini milyonda bir ehtimalla tapmaq da qızıl bəxtin göstəricisidir. Bu gün sizə məhz bu cür: qeyri-adi dərəcədə bəxti gətirən insanlardan danışacağam...
1. Meri Qrams... 1951-ci ildə Meri sevgilisindən evlilik təklifi alır və “hə” cavabı verir. Həmin gün Meri nişanlısına söz verir ki, ölənədək bu üzüyü barmağından çıxarmayacaq. Amma, “sən saydığını say, gör fələk nə sayır”... 2004-cü ildə Meri həmin üzüyü itirir. Ərinə üzüyü itirdiyini deməyə utanır. Oğluyla birgə bütün evi, həyəti axtarır, tapa bilmir. Axırda oğlu anasının çox utandığını görür, onun brilyant qaşlı üzüyünün ucuz variantını düzəltdirir. Meri həmin ucuz üzüyü barmağına taxır. Əri onun üzüyü itirdiyini bilmir və Merinin barmağındakı üzüyün süni olduğundan şübhələnmir. Aradan illər keçir, 2012-ci ildə Merinin əri vəfat edir. 2017-ci ildə Merinin gəlini axşam yeməyi üçün həyətdəki kiçik bostandan yerkökü yığmağa gedir. Birdən nə görsə yaxşıdır? Merinin illər əvvəl itən üzüyü yerkökünə pərçimlənib... Sən demə, üzük illərdir elə burada-bostan yerində, torpağın içindəymiş... Meri üzüyünü görəndə sevinir, amma üzüyün itməsini ərindən gizli saxlaması onun nisgilinə çevrilir...
2. Rick Antosh... Hamı restorana pul xərcləməyə gedir. Amma, həyat qəribədir, bəzən restoranda pul qazanmaq da olur... Rick Antosh Nyu-Yorkdakı məhşur dəniz məhsulları restoranına tez-tez gedir, 14 dollar 95 sent qiyməti olan menyunu sifariş edirdi. Bir gün də yemək zamanı ağzında bərk nəyinsə olduğunu hiss edir. Əvvəlcə elə bilir ki, plomblu dişi qırılıb. Çıxarıb baxanda isə ovcundakının mirvari olduğunu görür. Məsələni bilən restoranın baş aşpazı bu hadisənin 28 ildə ikinci olduğunu deyir. Həmin mirvarinin qiymətinin 2000-4000 dollar arasında dəyişdiyini nəzərə alsaq, Rick`in şansına həsəd aparmamaq mümkün deyil...
3. David Zenter... David və arvadı şəxsi təyyarələrində evlərinin üzərində səmada dövr eləyirdilər. Birdən onlar həyətlərinə girən naməlum kişini görürlər. Kişi özünü çox şübhəli aparır, o yan-bu yana baxa-baxa Davidin həyətdəki qoşqusunu çıxarır, öz avtomobilinin arxasına bağlayır. Sonra da sürəti artırır və oradan uzaqlaşır. Amma, o, bilmir ki, David təyyarə ilə onu izləyir. 11 km sonra oğru dayanır. Elə bu zaman David polislə rabitə qurur, oğrunun ünvanını deyir. Tezliklə polis oğrunun başının üstünü alır və Davidin oğurlanan qoşqusu da özünə qaytarılır.
4. Carla və Bernie Squitieri. 2019-cu ilin 13 martında Carlanın başına qəribə iş gəlir. O, mətbəxdə iş görərkən 400 min dollarlıq nişan üzüyünü çıxarıb çirkli dəsmalların üstünə qoyur. İşi bitəndən sonra isə üzüyü taxmaq yadından çıxır və o, yatmağa gedir. Səhər yuxudan oyanır, üzüyünü barmağında görməyəndə xatırlayır ki, mətbəxdə çıxarıb. Mətbəxə yollanır. Amma, artıq gec idi. Əri Bernie üzüyə fikir vermədən çirkli dəsmalları zibil torbasına qoyub, həmin torbaları da zibilyığan maşına təhvil vermişdi. Carla ağlamağa başlayır. Bernie sonuncu çarə kimi zibil toplama məntəqəsinin menecerinə zəng vurur. Uzun söhbətdən sonra o, meneceri inandıra bilir ki, üzüyü tapmaq üçün cəhd etməyə dəyər. Menecer onlar yaşayan ərazidən zibil toplayan maşının sürücüsünə zəng edir və zibilin boşaldılmamasını söyləyir. Tezliklə Carla və Bernie zibil toplama məntəqəsinə gəlirlər. Məntəqənin 3 əməkdaşının köməyilə 10 tonluq zibili eşələməyə, üzüyü axtarmağa başlayırlar. Təbii ki, bu qədər zibil yığını içərisində bir üzüyü tapmaq şansı milyonda bir ehtimal idi. Amma, şans Carla və Bernienin üzünə gülür, cəmi 25 dəqiqə sonra onlar üzüyü tapırlar...
5. Jose Marquez. Marquez Kolorado ştatının Jefferson bölgəsində şerif köməkçisi idi. 2016-cı ildə onun başına gələn hadisə də qeyri-adi şans hekayəti kimi mətbuata düşüb. 2016-cı il yanvarın 26-da Jose avtomobilindən lazımi əşyaları götürmək üçün həyətə çıxır. Bu zaman üzü maskalı iki nəfər ona hücum çəkir. Sən demə, bu iki nəfər oğru imiş, qəfildən şerif köməkçisi ilə rastlaşıb panikaya düşüblər. Oğrulardan birinin silahını çəkməsiylə atışma başlayır. Qarnından və sinəsindən güllə yarası alan Jose möcüzə nəticəsində ölümdən qurtulur. Bu möcüzə isə belə baş verir: Josenin atdığı güllə oğrunun silahının lüləsinə girir və orda çıxmaqda olan güllə ilə toqquşur. Nəticədə, oğrunun silahı sıradan çıxır. Josenin açdığı atəş nəticəsində ayağından yaralanan oğru tezliklə polis tərəfindən yaxalanır. Jose isə uzunmüddətli müalicələrdən sonra ayağa qalxır və hamıya necə şanslı olduğunu danışmağa başlayır... Bir silahdan atılan güllənin o biri silahın lüləsinə girmə ehtimalını hesablamağı isə riyaziyyatçıların öhdəsinə buraxıram...
6. Alyssa Bostic. 5 yaşlı bu qız da ölümdən qurtardığı üçün şanslılar siyahısına düşüb. Kaliforniyadakı çimərliklərdən birində ailəsi ilə istirahət edən Alisa özünə qumdan qala qurur və onun içinə girir. Qəfildən qala uçur və qızcığaz islanan qumun altında qalır. Bəlkə də baş verənlər bədbəxtliklə nəticələnə bilərdi, amma, şans mələyi Alisanı unutmur. Yaxınlıqda oynayan 11 yaşlı oğlan qalanın çökdüyünü görür və qızcığazın harayına yetir. O, qumu eşib Alisanı çıxarır. Ağzına-burnuna qum dolan qızın nəfəs ala bilmədiyinin fərqinə varır və televizordan öyrəndiyi ilk tibbi yardımı tətbiq etməyə başlayır. Alisaya süni nəfəs verir, onun sinəsini masaj edir, əl-qolunu oynadır. Bu vaxt böyüklər də hadisədən xəbər tutub yaxınlaşırlar və təcili tibbi yardım çağırırlar. Amma, Alisanı xilas edən 11 yaşlı oğlanın ilk tibbi yardım bilikləri olur. Düşünün, 11 yaşlı uşağın bu biliklərə malik olması reallıqda neçə faizdi?
7. Sonny və Howard Ulrich. 9 iyul 1958-ci ildə Alyaskada “müasir dünyanın ən böyük sunamisi” baş verib. Zəlzələ nəticəsində yaranan sunaminin hündürlüyü 530 metr olub. Bu cür sunamidə sağ qalmaq ehtimalı varmı? Şans mələyi bu suala “bəli” cavabını verib. Alyaska sahillərində öz yaxtalarında olan Howard Ulrich və 8 yaşlı oğlu Sonny sunamidən qaçmağa çalışsalar da alınmır. Sunami onların yaxtasını göylərə qaldırır, sonra da heç bir xəsarət yetirmədən yaxınlıqdakı buxtaya qoyur... Uilrich`lər bunu möcüzə kimi dəyərləndirir. Onların şans hekayətləri isə 60 ildən çoxdur ki, dünyanı heyrətləndirməyə davam edir...
8. Steve Flaig... Bu oğlan mağazada yükdaşıyan işləyirdi. Uzun illərdi ki, doğulandan az sonra onu övladlığa götürən ailənin dəstəyilə bioloji anasını axtarırdı. Axtarışları heç bir nəticə vermirdi. Bir gün o, sənədlərə təkrar nəzər salarkən anasının soyadını yanlış yazdığını anlayır. Sən demə, onun Talladay kimi yazıb axtardığı soyad Tallady idi. Növbəti dəfə Tallady soyadını axtaranda məlum olur ki, Steve`in anası onunla eyni binada yaşayır... Üstəlik, eyni mağazada işləyirlər və hər gün salamlaşır, bəzən də zarafatlaşırlar... Təəccüblənən Steve bu barədə əvvəlcə övladlığa götürmə agentliyinə xəbər verir. Onlar da xanım Tallady ilə əlaqə saxlayır, vəziyyəti izah edirlər. İşə bax ki, ana da uzun illər sonra övladının tapıldığına sevinir. Onun kim olduğunu öyrənəndə isə heyrətə düşür. Steve və xanım Tallady yenə üz-üzə gəlir, söhbətləşirlər. Amma, bu dəfə iş yoldaşı və qonşu kimi deyil, ana-bala kimi...
9. Ekrem Uysaler. Düşünürsünüz ki, ölüm tələləri olan evlər ancaq İndiana Cons filmlərindədi? Yox... Bu cür hadisələr indi yaşayış evlərində də baş verir. Filadelfiyada yaşanan hadisələr buna sübutdur. Daşınmaz əmlak agentliyinin işçiləri növbəti evə baxmaq, onun dəyərini hesablamaq üçün yola düşürlər. Evə girib ətrafa nəzər saldıqda pilləkəndəki nazik ip işçilərdən birinin diqqətini cəlb edir. Hamıya qəribə gəlir ki, evin içində, pilləkəndə güclə görünən bu ip nədən ötrüdür? Agentliyin əməkdaşı Ekrem Uysaler`in sözlərinə görə, onlar riskə getməməyi qərara alırlar. Uzun bir ağac götürürlər, baş verənləri çəkmək üçün telefonlarının kameralarını işə salırlar və ağacı ipə toxundururlar. Qəfildən yuxarıdan qoltuq ağacına bağlanan bıçaq peyda olur və sürətlə pilləkənin üstündə yellənir. Sən demə, tələni quran məsafəni elə hesablayıb ki, bıçaq ayağı ipə toxunan adamın başına sancılacaqmış... Belə...Biz şans deyəndə varı-pulu, yaxşı işi fikirləşirik... Amma, həyatla ölüm arasında qarşısına həyatın qapısı açılan insanlar öz şans hekayətlərini danışarkən dünya gözümüzdə başqa cür don geyinir. Yaşamın dəyərini anlamalıyıq, hər açılan səhərə yeni uğurumuzun başlanğıcı kimi baxmalıyıq... Onda xoşbəxt olmaq da çətin olmaz.
Bahadur Seyidov / Demedia.az