ARDNF-dən büdcəyə 11 milyard 280 milyon manat transfert həyata keçiriləcək - Ekspert



 17:02 30.09.2022     491

"2023-cü ildə büdcə gəlirlərimizin 53 %-i və ya 16 milyard 297 milyon manatı neft sektorunun payına düşəcək ki, ARDNF-dən büdcəyə 11 milyard 280 milyon manat transfert həyata keçiriləcək".

Demedia.az xəbər verir ki, bunu ekspert Pərviz Heydərov deyib.

O bildirib ki, bu da büdcə gəlirlərinin 36,7 %-i deməkdir:

"Xatırladım ki, keçən il, yəni 2021-ci ildə və ondan əvvəlki ildə - 2020-ci ildə də dövlət büdcəsinə ARDNF-dən transfert eyni məbləğdə - 12 milyard 200 milyon manat həyata keçirilmişdi. Cari ilin dövlət büdcəsində isə Fonddan transfert 510 milyon manat və ya 4,2 faiz çox proqnoz edilmişdi. Yəni, 12 milyard 710 milyon manat məbləğində...

Ancaq məlumdur ki, dövlət başçısı İlham Əliyevin göstərişi ilə Milli Məclisdə iyun ayında 2022-ci ilin dövlət büdcəsi haqqında qanuna dəyişikliklər edildi.

Dəyişikliklərə əsasən 2022-ci ilin gəlirlər 2 milyard 381 milyon 800 min manat və ya 8,9 faiz artırılaraq 29 milyard 197 milyon 800 min manat, xərclər isə 2 milyard 424 milyon 800 min manat və ya 8,1 faiz artırılaraq 32 milyard 303 milyon 800 min manat edildi.

Bu zaman, Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan 12 milyard 710 milyon manat transfert məbləği 1 milyard 192 milyon 500 min manat məbləğində azaldılaraq 11 milyard 517 milyon 500 min manat edildi. ARDNF-dən transfert büdcə gəlirlərinin 39,4 %-ə endirildi.

Növbəti, yəni 2023-cü ildə isə ARDNF-dən büdcəyə 11 milyard 280 milyon manat transfert həyata keçiriləcək ki, bu da büdcə gəlirlərinin təkrar edirəm, 36,7 %-ni təşkil edəcək. Halbuki, ümumən dövlət büdcəsinin həcmi bu ildəkindən artıq olacaq".

Xəyalə Məmmədova / Demedia.az