Ukrayna ilə bağlı VACİB ADDIM: Dehli və Pekin Kremlin tərəfdaşı olsa da...



 18:35 30.09.2022     705

Kremlin Ukraynanı parçalaması Rusiyaya tərəfdaş ölkələri mürəkkəb vəziyyətə sürükləyib. Belarus Rusiyanın strateji müttəfiqi olsa da, bu ölkənin prezidenti Aleksandr Lukaşenko Kreml sahibi Vladimir Putinin planlarından daxilən narazıdır, sadəcə bunu açıq şəkildə söyləyə bilmir. Rusiyanın digər tərəfdaşı Qazaxıstan aşkar şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, Kremlin işğal altındakı ərazilərdə “saxta referendumun” nəticələrini tanımayacaq. Qazaxıstan bundan başqa Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyaları ilə hesablaşır.

Demedia.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin məqaləsində qeyd olunub.

Bildirilib ki,Hindistan və Çin üçün də ərazi bütövlüyü prinsipi vacibdir:

"Əgər Dehli və Pekin hansısa dövlətin ərazisinin parçalanmasına dəstək versələr, öz prinsiplərindən geri addım atmış olacaqlar. Ona görə də Dehli və Pekin Kremlin tərəfdaşları olsalar da, Ukraynanın parçalanmasına dəstək verə bilməzlər. Çinin vəziyyəti daha ağırdır. ABŞ-ın sanksiyaları ilə hədələnən və Tayvanla bağlı Vaşinqtonla gərgin münasibətlərdə olan Pekin Kremllə strateji tərəfdaşlığa üstünlük verib. Ancaq bu tərəfdaşlıq Çinin ərazi bütövlüyü prinsipinə baxışına kölgə salıb.

Çinin xarici işlər naziri Vang Yi BMT Baş Assambleyasındakı çıxışında etiraf edib ki, Rusiya-Ukrayna müharibəsinin bölgəyə neqativ təsirləri artıb. Çinli nazir “neqativ təsirlər” dedikdə nəyi nəzərdə tutduğunu açıqlamasa da, Vang Yinin Ukraynadakı müharibənin başqa bölgələrə də keçə biləcəyinə işarə edib. Çinin xarici işlər naziri Pekinin Avropa İttifaqının Rusiya ilə Ukrayna arasında dialoq təklifini dəstəklədiyi bildirib. Vang Yinin Avropa İttifaqının adını çəkməsi təsadüfi deyil. Bununla Pekin Kremlə mesaj göndərib ki, Vaşinqtonla münasibətləri gərgin olsa da, Avropadan üz döndərməyəcək və Avropa dövlətləri ilə tərəfdaşlıq münasibətlərini davam etdirəcək. Ümumiyyətlə Pekin Rusiya-Ukrayna müharibəsinin dayandırılmasını və iki ölkə arasında dialoqa başlanılmasını dəstəkləyir. Ankara da eyni mövqedən çıxış edir. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan “referendumun” qırmızı aşılması kimi qiymətləndirib. Ancaq Kreml sahibi dostlarının xahişlərini eşitməyib.

Bu arada, Çin lideri Si Sinpin ordunu gücləndirməyə qərar verib. Si Sinpin son çıxışlarının birində ordu komandanlığına hərbi qarşıdurmaya hazır olmalarının vacibliyini vurğulayıb. Si Sinpin müharibənin konkret istiqamətini göstərməsə də, söhbətin Tayvandan getdiyi aydındır. Çin ordusunun Tayvan ətrafında təlimləri artıb. Rusiya-Ukrayna müharibəsi davam edərkən Çin-Tayvan müharibəsi beynəlxalq aləmdə daha böyük gərginlik yaradacaq. Bunu Pekində də anlayırlar, ancaq Tayvan adasını ələ keçirmək planlarından da imtina etmirlər".

Xəyalə Məmmədova / Demedia.az