Həyatımızın BİR GÜNÜ - Vaxtı necə dəyərləndiririk?
Hamımız vaxtdan gileylənirik. Bizə elə gəlir ki, bütün günümüzü qaçaraq, yüyürərək keçiririk, yenə də lazım bildiyimiz işləri görməyə bəzən “vaxtımız çatmır”. Amma, bir gün ərzində vaxtımızı necə keçirdiyimizi hesablamaq yadımıza da düşmür… “Bir günümüz necə keçir?” sualına cavab axtarsaq, asanca da taparıq: yemək yeyirik, işləyirik, problemlərin arxasınca qaçırıq, ayaqyoluna gedirik və gecə düşür, yatırıq…
Bəs bütün bunlara ömrümüzün nə qədərini xərcləyirik?
Mütəxəssislərin hesablamalarını birgə izləyək…
Diş fırçalamaq
Gündə iki dəfə, hər dəfə də ən azı, 2 dəq dişlərimizi fırçalamağa vaxt ayırırıq. Bu da o deməkdir ki, təxminən, 80 günə bərabər zaman kəsiyində diş fırçası əlimizdə olur. Araşdırmaların nəticələrinə əsasən alimlər, əksər insanların gün ərzində 2 dəfə yox, 1 dəfə, bəzənsə günaşırı dişlərini fırçaladığını müəyyən edib. Bu da orta hesabla, 19 gün deməkdir.
İdman etmək
Düzdür, idman hər kəsin gündəlik rejiminə daxil deyil. Dilləndirəndə də cavabları çoxdan hazırdı: “Əşşi, onsuz da bütün günü qaç-qov, idmandı də…” Amma, bu cür düşünməyənlər, gündəlik rejimlə idman edənlər də var. Mütəxəssislər bildirib ki, idman zallarında keçirilən vaxt ömrü uzatmağa hesablansa da, insan ömrünün 1 il 4 ayını zəbt edir…
Hazırlaşmaq
Nədənsə, “hazırlaşmaq” sözünü deyən kimi ilk ağlımıza gələn qadınlar olur. Çünki, kişilərin qadınlara nisbətən daha sürətlə hazırlaşmaları sirr deyil. Axı, qadınlar hazırlaşarkən ən kiçik detala belə diqqət edir, tamamilə qüsursuz görünmək istəyirlər. Hesablamalar zamanı alınan nəticə də qadın-kişi rituallarının fərqini göstərir. Təsəvvür edin, bir qadın təkcə hazırlaşmağa 136 gününü sərf edir. Yazıq kişilərdə isə bu rəqəm, vur-tut 46-ya bərabərdir…
Texnologiyaya ayırdığımız vaxt
Texnologiya dövründə yaşayırıqsa, telefon və kompyuterlərin həyatımızın bir parçasına çevrilməsi təbiidir. Bəzən bizə elə gəlir ki, telefonu əlimizə indicə almışıq, yaxud kompyuterin qarşısında çox az oturmuşuq. Çünki, həmin vaxtlarda zaman anlayışı bizimçün illüziyaya çevrilir. Araşdırmalarsa bu illüziyanın zamanı “əsir aldığını” təsdiqləyir. Mütəxəssislər müəyyən edib ki, telefon və ya kompyuterdə keçirdiyimiz vaxt ömrümüzün 11 ilini alır.
Pəhriz
Tez kökəlməyə meylli insanlar üçün çəki atmaq və ya pəhriz saxlamaq sonu olmayan bir mübarizədir. Onlar hər həftənin yeni günü pəhrizə başladıqlarını elan edir, həftəsonu isə bütün mücadilələrinin boşuna olduğunu görüb depressiyaya düşürlər. Ona görə də alimlər yalnız hər birinci gün saxlanılan pəhrizin müddətini hesablayıb. Bu isə insan ömrünün 17 ilinə bərabər olub...
Tualetdə keçirdiyimiz vaxt
Təsəvvür edin, həyatımızın 92 gününü tualetdə oturaraq keçiririk… Qəribə gəlir? Heç də yox… Bəzi insanlar üçün tualetdə oturmaq düşünmək, kitab və ya qəzet oxumaq, hətta telefonda oyun oynamaq üçün ideal yerdir… Mütəxəssislər isə tualetdə ehtiyac duyulandan artıq vaxt keçirməyin sağlamlığa zərərli olduğunu vurğulayırlar…
Yatmağa cəhd etmək
Yəqin ki, çoxlarımız Bəxtiyar Vahabzadənin məhşur misralarını çoxdan dilimizin əzbəri etmişik: “Mən həsəd aparıram yatanlara gecələr...” Çünki, ekspertlər yuxusuzluqdan əziyyət çəkən insanların sayının günbəgün artdığını söyləyir... Yuxuya getməkçün istifadə etdiyimiz metodlar da fərqlidir. Bəziləri mahnı dinləyir, bəziləri filmə baxır, kimi kitab oxuyur, bir başqası da “qoyunları sayır”... Və ən kədərlisi odur ki, bütün bunlar ömrümüzün 7 ilini alır...
Növbədə gözləmək
İnsanların əsəblərinin gərginləşdiyi, yumruqlarının sıxıldığı, qaşlarının düyünləndiyi məqam-növbədə gözləmək… Düzdür, mütəxəssislər növbədə gözləyərkən musiqi dinləməyin, kitab oxumağın faydalı olduğunu qeyd edir, amma, qaç-qov dövründə bəzən bunlar da insanlara kömək etmir… Təsəvvür edin, marketdə kassanın qabağında, poçtda işıq pulu yükləməyə gedəndə, yaxud, təhsil haqqı ödəmək istəyəndə növbədə ömrümüzün 235 gününü itiririk…
Bütün bunlar insanı uzun-uzadı düşünməyə vadar edir. Zamana necə qənaət edə bilərəm? Mütəxəssislərin hələ də cavabını axtardığı bu sualı müzakirə etməyə vaxt sərf etmək istəmirəm… Sadəcə, sizə növbə gözləməkdən yaxa qurtarmağın bir yolu olduğunu demək istəyirəm…
Kapital Bank`ın “Bir Bank” əlavəsindən istifadə etməklə siz işdə, evdə və yaxud da ki, yolda mobil telefonunuzla rahatca, tez bir zamanda kommunal ödənişlərinizi edə bilərsiniz… Bununla da növbələrdə keçən vaxtınıza qənaət etmiş olarsınız…
Bahadur Seyidov / Demedia.az