Suyu yanlış içdiyimizi göstərən 6 SƏBƏB
Su bütün bəşəriyyətin yaşam ehtiyacıdır. İnsan orqanizminin üçdə ikisinin sudan ibarət olduğunu artıq bilməyən yoxdur. Gün ərzində nə qədər çox su içsək, o qədər sağlam olarıq deyə bir inanc da var. Amma, dahi Nizami demiş: “Bir inci saflığı varsa da suda, Artıq içilərsə, dərd verir o da...” Yəni, içdiyimiz su vücudumuza zərər də vura bilər.
Səbəb də suyu indiyədək yanlış içməyimiz ehtimalıdı.
Yana-yana su içmək...
Deyək ki, idman salonunda çətin məşq saatlarını geridə qoydunuz. Evə gələndə ilk istədiyiniz şey doyunca su içməkdi. Sizə elə gəlir ki, diliniz-dodağınız quruyub. Burda yanlış nə var ki? Çox şey yanlışdı. Sürətlə su içmək olmaz. Bu zaman içdiyiniz su birbaşa idrar yoluna gedir. Bu da orqanizmdəki prosesləri sürətləndirir. Üstəlik, bir dəfəyə xeyli miqdarda su içmək həzm orqanlarındakı turşuluğu azaldır. Bəs, susuzladığınızda ən doğru şəkildə necə su içə bilərsiniz?
Həzm sistemi və damar xəstəlikləri üzrə mütəxəssis, cərrah Leonard Smith`in fikrincə, gün ərzində bir dəfəyə 60-90 ml suyu asta-asta içmək orqanizmə xeyirdi. Bundan başqa, “həddindən çox su içmək” deyə bir ifadə var. Əgər uzun müddət susuz qalıb qəfil su içsəniz, hipotermiyadan ölə bilərsiniz. Yəni, qəfildən çox su içəndə hüceyrələrinizdə sodium azalır, hüceyrələriniz suyla dolur və şişməyə başlayır. Çalışın, suyu az-az için. Nə də olsa, su heç yerə qaçmır.
Yeməkdən sonra çoxlu su içmək...Məsələn, anamızın bişirdiyi makaron qovurmasının üstündən bir stəkan sərin su içmək ləzzət edir. Amma, mütəxəssislər deyir ki, bu, orqanizmə ziyandı. Yemək yedikdən sonra mədəmizdə bir çox proses baş verir. Həzm prosesi başladığında mədə turşusu qidaları parçalamağa başlayır. Lazımi vitamin və qidaları qana ötürür, lazımsızları da bağırsaqlara yola salır. Bu ərəfədə suyu çox içsəniz, mədə turşusu azalır və insulin səviyyəsi yüksəlir. Həzm prosesindəki bu nizamsızlıq şişkinliyə, qaz əmələ gəlməsinə gətirib çıxarır. Təbii ki, bu narahatlıqlara sadəcə yeməkdən sonra içilən su səbəb olmur. Yeməyə başlamadan qabaq xeyli su içmək də xoşagəlməz hallar yaradır. Suyu yeməklə birgə içsəniz, qorxacaq heç nə baş verməz. Sadəcə, asta-asta, kiçik udumlarla için. Yemək yedikdən sonra su içmək üçün 1-2 saat gözləyin. Beləcə, həzm prosesi başlayacaq və davam edəcək, içdiyiniz su orqanizmə ziyan verməyəcək. Yeməkdən öncə su içmək üçün ən ideal vaxt isə yeməkdən 40 dəqiqə əvvəldir.
Buz kimi soyuq su içmək. Xüsusilə, isti yay aylarında 1 stəkan soyuq suyun ləzzətini inkar etmirik. Lakin, soyuq suyun damarlarınızı kiçiltdiyini, həzm prosesinə zərər verdiyini bilirdinizmi? Bədəninizdə depolanan artıq yağların da səbəbi bu ola bilər. Çünki, yağ soyuqda qatılaşır. Nə qədər sağlam qidalansanız da, artıq yağlardan yaxa qurtara bilməməyinizin bir səbəbi də bu ola bilər. Əlavə olaraq, soyuq su içmək faringit, oynaq ağrısı, nəbz zəifləməsinə səbəb ola bilər. Çünki, soyuq su azan sinirə (vagus) təsir edir. Qeyd edim ki, azan sinir nəbzimizin normal döyünməsini təmin edir. Bu problemlərlə qarşılaşmamaq üçün çalışın, otaq tepmeraturundakı sudan için.
Yeriyə-yeriyə su içmək. Müasir dövrdə hamımız məşğuluq. İşə tələsirik, sosial həyatımızı nizamlaya bilmirik, üstəlik, ev işləri ... Bu da o deməkdir ki, bəzən yolda, bir ayağımız qaçaraq, bir əlli iş görərkən su içirik. Amma, bu asan görünən vərdişlərimiz sağlamlığımıza ziyandır. Xüsusilə, böyrəklərimiz bu vəziyyətdə çox ziyan çəkir. Ayaqüstə, yeriyərkən su daha sürətlə içilir. Əvvəldə dediyim kimi, sürətlə su içmək sağlamlığınıza ziyandır. Bu vəziyyətdə əzələ və sinirlərinizə lazımi miqdarda su çatmır. Çətin də olsa, çalışın, suyu oturaraq və kiçik udumlarla için.
Səhərlər su içmək. Oyan, dişini fırçala, səhər yeməyi ye, su iç... Yəqin ki, əksəriyyətinizin rejimi bu ardıcıllıqdadır. Yuxudan oyanan kimi, ya da dişinizi fırçalamazdan öncə su içməsəniz, özünüzü sağlam olmaqdan məhrum edərsiniz. Səhər yuxudan oyananda ağız suyunuzda turşuluq çox olur. Məhz bu turşular sayəsində həzm sisteminiz rahat işləyir. Səhər ilk iş su içməsəniz, ağız suyunuzdakı turşuluq mədəyə getməz...Çox şey itirərsiniz... Yəni, yuxudan oyanan kimi 1 stəkan su için, sonra dişinizi fırçalamağa gedin.
Yatmazdan qabaq su içməmək... Gecənin bir yarısı tualetə getmək heç kəsə xoş gəlmir. Xüsusilə də, gecə vaxtı ayağınızdakı çeçələ barmağınız çarpayının ayağına, qapının küncünə dəyirsə, lap əzablı olur. Amma, bu səbəblərə görə yatmazdan qabaq 1 stəkan su içməsəniz, yatdığınız yerdə infarkt olma riskiniz artar. 2002-ci ildə “American Journal Of Epidemıology” dərgisində bir məqalə yayımlandı. Həmin məqalədə deyilirdi ki, su və digər mayelər ürəklə bağlı olan bütün ölümcül xəstəlikləri önləyir. Araşdırmaçılar gün ərzində içilən 5 stəkan, ya da daha çox suyun iflic və infarkt riskini azaltdığını deyir. Yatmazdan qabaq içilən suyun da gecə boyu orqanizmi rahatlatdığı vurğulanır. Adətən, infarkt hallarına dan üzü rast gəlinir. Bu da yatmazdan qabaq içilən suyun önəmini bir daha göz önünə sərir.
Nə vaxt su içməliyik? Bu sual sizi narahat edirsə, vücud saatınızı dinləyin. Lazım olan vaxtda ən yaxşı xəbərdarlığı ondan alacaqsınız.
Bahadur Seyidov / Demedia.az