Dünyanın ən çox maraq göstərdiyi 18 Uzaq Şərq yeməyi - Araşdırma
Dünyanın ən çox maraq göstərdiyi 18 Uzaq Şərq yeməyi məlum olub. Biz də özümüzü Şərq sayırıq, Asiyayla Avropanın qovşağında yaşasaq da, mətbəximizi, adətən, Asiya mətbəxinə aid edirik. Amma, Qərbdə “Şərq mətbəxi”, yaxud, “Asiya mətbəxi” deyincə, əksəriyyət yalnız Çin menyusunu düşünür. Bu da səbəbsiz deyil. Dünyanın elə bir ölkəsi çətin tapılar ki, orada Çin restoranı olmasın... Yəni, bildiyiniz, Çinlilər Uzaq Şərqdən gəlib, başımızın üstündən keçib, Uzaq Qərbə yollananda özləriylə yeməklərini də daşıyıb və hər yerdə də “Asiya mətbəxi” deyə satıblar. Təbii ki, qeyri-adi dad axtarışında olanlar, acı, yaxud şirin sevənlər bu yeməklərə, yaxşı mənada, dadanıblar.
Ümid edirəm ki, gələcəkdə Asiya mətbəxi başlığı altında Azərbaycan menyusu da dünyanın hər yerində qarşımıza çıxacaq. Hələliksə, dünyanın ən çox maraq göstərdiyi 18 Uzaq Şərq yeməyinin nə olduğuna baxaq. Düzü, bu məlumat dünya mətbuatında “18 maraqlı Asiya yeməyi” kimi yayılmaqdadır. Mən siyahıya baxanda, burdakı Asiya sözünü Uzaq Şərqlə əvəzlədim. Çünki Asiya təkcə Çindən, Koreyadan, Yaponiyadan ibarət deyil axı...
Beləliklə, 18 məhşur Uzaq Şərq yeməyi... Bu siyahıda, bizim mətbəximizə yaxın sayıla biləcək nələr var deyə maraqlansanız, öncədən deyim ki, mən ancaq əriştəni və Çin böyrəyini seçə bildim. Bir də siz baxın... Bəlkə, iftarda hansınısa bişirib, süfrənizə rəngarənglik qatmaq fikrinə də düşdünüz.
Siyahıya gimbap başçılıq edir. Bu, gim adlı qurudulmuş dəniz yosununa sarılaraq hazırlanan suşi növü Koreyaya məxsusdur.
Okonomiyaki.-Ağ kələmin Yaponiyada omlet hazırlanmasında istifadə edildiyini bilirdinizmi? Əsasən, kələmlə bişirilən bu omletə zövqə və ağız dadına görə başqa tərəvəzlər, göyərtilər də əlavə edə bilərsiniz. Yeməyin adı da burdan götürülüb: Okonomiyaki yaponca “nə istəsən bişir” anlamındadır.
Soya souslu, tərəvəzli əriştə. –Bizim ağız dadımıza ən yaxın Uzaq Şərq yeməyi. Sadəcə, biz əriştəli şorba, əriştəli plov, əriştəli-əvəlikli şorba bişiririk, yəni, əriştəni çox az yeməkdə istifadə edirik. Uzaq Şərqdəkilər isə əriştəyə müxtəlif tərəvəzlər, göyərtilər qatır, üstünə soya sousu əlavə edir, beləcə, onu gah turşməzə, gah şirin, gah da acılı olaraq süfrəyə gətirirlər.
Ramen.- Əriştə, toyuq, göbələk, ərik qurusu və yaxşıca bişirilmiş yumurtanın boşqabda incəsənət nümunəsinə çevrilməsi... Elə boşqaba bircə dəfə baxmaq bəs edir ki, iştahın açılsın. Elə bircə boşqab da bəs edir ki, doyasan...
Dumpling.-Yəni, Çin mantısı. İçindəkilər və bükülmə şəkli ilə mantısevənlərin diqqətini çəkəcək bir yeməkdir. İçliyi üçün, adətən, toyuq və quzu əti seçilir. Buna da müxtəlif ədviyyatlar, göyərtilər, zövqə görə, tərəvəzlər də xırdalanıb qatılır. Bu mantılar ya çox az müddətdə qaynadılır, ya da buxarda bişirilir. Acı, yoxsa şirin sousa batırıb yeyəcəyinizi isə özünüz seçməlisiniz.
Gohan. –Yapon düyüsü. Düyü duzsuz suda qaynadılır. Elə servis ediləndə də yağ və duz vurulmur. Bizim üçün hər öynədə çörək necə mütləqdirsə, Yaponiyada da gohan vacibdir. Hətta, gohandan suşi hazırlanmasında da istifadə edilir.
Tempura souslu balıq. “Tempura” sözü Yaponiyada xüsusi qızartma üsulunun adını bildirir, yəni, məhz tempura sousundan itifadə edilərək qızardılan məhsulları servis edərkən yeməyin adına bu söz əlavə olunur. Klassik olaraq, dəniz məhsullarının qızardılmasında bu üsuldan istifadə edilir. Məncə, bir dəfə bu üsulla balıq qızardaraq, ağız dadımıza uyğun olub-olmadığını yoxlamaq olar.
Çin böyrəyi.-İçliyinə görə vegeterianlar üçün də hazırlana bilən Çin böyrəyinin əsas ləvazimatları ağ kələm, yerkökü, balqabaqdır. Yanında qiymə ət əlavə edib-etməmək həyat tərzinə və zövqə görədir. Susam (hind küncütü) yağı və soya sousu da əlavə edilir, yuxaya bükülür və qızardılır. Məncə, bizim ağız dadımıza uyğun olar.
Bibimbap.-Koreyada adının mənası “qarışıq düyü” olan bu yeməkdə müxtəlif tərəvəzlər, susam (hind küncütü), souslar, ən əsas da yumurta istifadə edilir.
Ton balıqlı düyü yarpağı.-Düyü yarpağına bükülmüş ton balığı və tərəvəzlər ilə asan bişirilən bir Uzaq Şərq yeməyi...
Hazırlanması 10, uzağı, 15 dəqiqə çəkir. İçinə susam əlavə edilmiş soya sousuna batıraraq yeyildiyində özünüzü Taylandda hesab edə bilərsiniz.
Acı, yaxud şirin souslu qızılbalıq.-Dəniz məhsullarının, balıq növlərinin müxtəlif souslarla dadlandırıldığı Uzaq Şərqdə daha bir ləzzət... Soğan və rəngli bibərlərlə yaxşıca bişirilən qızılbalıq acı, yaxud şirin sous əlavə edilərək yeyilir.
Tayland üsulu krevet şorbası və balıq bulyonu.-Dünyanın müxtəlif ölkələrində “Asiya mətbəxi”nə məhz bu şorba, yaxud başqa-başqa yeməklərə əlavə etmək üçün balıq bulyonu üçün də müraciət edilib. İnək bulyonuyla borş, toyuq bulyonuyla qaşıqxəngəli sevən millət olaraq, balıq bulyonuyla nə yeyə bilərik deyə düşündüm. Açığı, maraqlı gəldi, amma hələ cavabım yoxdu.
Suşi.-Çin restoranında dadına baxıb, evə gələrkən yolboyu “görəsən, necə hazırlanıb?”-deyə düşündüyünüz suşi bu gün dünyanın ən məhşur və ən elit yeməkləri sırasındadır. Bir neçə dəfə “ən bahalı yeməklər” siyahısında da yer alan suşi o qədər məhşurlaşıb ki, şöhrət pillələrində pizzayla yan-yana addımlayır.
Ballı toyuq.-Zəncəfil, bal və soya sousunun eyni yeməkdə istifadə edilməsi nə qədər qəribə görünsə də, bu Uzaq Şərq yeməyində hamısını bir arada yeyə bilərsiniz. Əlavə edilən başqa ədviyyatlar və toyuq ətini də düşününcə, bu müxtəlifliyin ətrinin necə olacağı çox maraqlıdır.
Soya cücərtisi salatı.-Soya cücərtisi pəhriz yeməklərindən sayılır. Az kalorili, lif və antioksidanlarla zəngin olan salat hazırlamaq üçün soya cücərtisi ən faydalı tərəvəz hesab olunur. Yəqin, son yarım əsrdə Qərbdə dəbə düşən “pəhriz rasionu” termini soya cücərtisinin bu qədər məhşurlaşmasına səbəb olub. Siz nə fikirləşirsiniz?
Pekin ördəyi. –Adı dilləri gəzən bir yemək... Portağallı sousu ilə sobada bişən fərqli bir dad... Çox asan hazırlanır. Hazırlamaq istəsəniz, ən zəhmətli iş sobaya diqqət yetirmək olacaq...
Souslu ət.-Soya sousuna əlavə edilən fərqli ədviyyatlar və sirkə ortaya bambaşqa bir sous dadı çıxarır. Bu sousu hazırlayandan sonra, tərəvəzlərə, inək, yaxud toyuq ətinə vura bilərsiniz. Siyahıya teriyaki deyilən bu qarışıq sousla hazırlanan inək əti düşüb.
Yapon onigiri.-yuvarlaq düyü topasının içinə ton balığı və ya toyuq əti əlavə edərək bu qeyri-adi dada malik yeməyi də hazırlaya bilərsiniz. İstəsəniz, qızılbalıqla da sınaqdan keçirə bilərsiniz.
Bahadur Seyidov / Demedia.az