Vəhşi meymun kaloniyası ilə bağlı ŞOK FAKTLAR



 20:49 04.10.2022     1024

Yaponiyadakı Koshima adasında vəhşi meymun kaloniyası vardı. Elm adamları onlar üzərində araşdırma aparırdılar. Bir gün onların şirin kartofu sevdiklərini müşahidə etdilər. Başladılar qumların üstünə şirin kartoflar qoymağa. Sevdikləri qidanı həvəslə əllərinə götürən meymunlar kartofları dişlədikcə üzlərində məmnun olmayan ifadə yaranırdı. Elm adamları həftələr boyunca bu məmnuniyyətsizliyin səbəbini tapa bilmədilər. 

Meymunların içərisində İmo adlı səkkiz aylıq bir dişi vardı.  Bir gün İmo təsadüf nəticəsində əlindəki şirin kartofu suya saldı, tezcə də qapıb dişinə çəkdi. Suda qumlardan təmizlənən kartofu yeyərkən İmonun üzündə çoxdandı alimlərin görmək istədikləri ifadə yarandı; İmo yeməyindən, sözün həqiqi mənasında, zövq alırdı. Alimlər bunun səbəbini axtarmaq üçün çox vaxt sərf eləməyə məcbur olmadılar. Çünki elə səhərisi gün İmo kartof payını əlinə alan kimi birbaşa suya cumdu, kartofunu suya saldı və cidd-cəhdlə əliylə sürtməyə başladı. Qumlardan təmizlənən kartofu iştahla yedi. 

Qısa müddət ərzində anası və ətrafındakı meymunlar da İmo kimi kartoflarını yuyaraq yeməyə başladılar. Beləcə, iki həftə ərzində bütün meymun kaloniyası təmiz kartofun ləzzətini kəşf etdi. 1952-1958-ci illər ərzində meymunlarla bağlı aparılan araşdırmada onların bu davranışı “ən diqqətəlayiq kəşf” adlandırıldı. 1958-ci ildə Koshima adasında kartofları yuyub yeyən meymunların sayı o qədər artdı ki,  elm adamları  “Böhran sayı” terminini dilə gətirmək məcburiyyətində qaldılar. Alimlər bunun səbəbini meymunlar arasındakı hələ məlum olmayan ünsiyyət növünə bağladılar və başladılar araşdırmalarını bu yöndə irəlilətməyə. 

Amma elm adamları onları gözləyən müəmmalı sürprizdən xəbərsiz idilər. “100 meymun təcrübəsi” adını verəcəkləri böyük elmi-təbii hadisə onların gözü önündə baş verirdi. Bəs, bu qeyri-adi olay nə idi?

Koshima adasındakı meymun kaloniyası kartofları yumağa başlayandan iki ay sonra təsadüfən aşkar edildi ki, yaxın adalardakı, hətta Takasakiyamadakı meymunlar belə kartof paylarını yuyur, sonra yeyir. Alimlərin “qarşılıqlı ünsiyyət” nəzəriyyəsi iflasa uğradı. Bir-birindən bu qədər uzaq məsafələrdəki meymunlar heç bir vasitə ilə ünsiyyət saxlaya bilməzdilər. Uzun araşdırmalardan sonra alimlər meydana növbəti nəzəriyyələrini atdılar. Bu nəzəriyyəyə görə, adalar arasında bir növ “morfogenetik bölgə” mövcudeyidov  idi. Məhz bu bölgə vasitəsilə meymunlar arasında gözlə görülməyən və ölçülməyən “ünsiyyət” ola bilərdi. 

100 meymun təcrübəsi avstraliyalı və ingilis alimlərinə ipucu oldu; onlar “morfogenetik bölgə” vasitəsilə insanlar arasında görünməz “ünsiyyət”in mövcudluğu ilə bağlı araşdırmalara başladılar. Əldə etdikləri nəticələr olduqca ağlagəlməz idi... “Minilliklərdir istər mifologiyada, istərsə də şifahi ədəbiyyatda insanları bir-birinə bağlayan enerji toru haqqında dilə gətirilənlərin həqiqət olduğuna daha şübhəmiz qalmır.”-deyən elm adamları tək bir insanın başlatdığı dəyişikliyin müəyyən zaman içərisində toplum tərəfindən qəbul edilməsini məhz bu enerji toru ilə əsaslandırırlar. Dəyişikliyin “Böhran sayı”na çatmasından sonra bütün bəşəriyyətin eyni şeydən təsirlənməsi isə “kuantum sıçrayışı” termini ilə adlandırılıb. 

Düzdür, hələ ki, “kuantum sıçrayışı” ilə bağlı dəqiq bir sübut əldə edilməyib, amma etiraf etməkdə gecikməyəcəyimiz bir reallıq var: insan da təbiətin bir parçasıdır. Təbiətlə insan arasındakı enerji toru bu qədər güclüdürsə, insanla insan arasındakı enerji torunun zəifliyinə şübhə etməyə haqqımız varmı? 

Bahadur Seyidov / Demedia.az