Paşinyanın “etibarlı mənbə” adı ilə təqdim etdiyi çıxış yoludur - Açıqlama
"Azərbaycan Ermənistan qarşısında beş tələb irəli sürüb:
1. Qarabağdakı separatçıların “müdafiə ordusu” buraxılır;
2. Qarabağ Azərbaycanın tərkib hissəsi kimi tanınır, heç bir status olmur, hətta muxtariyyət belə;
3. Ermənistan ərazisindən keçən dəhliz verilir (Zəngəzur dəhlizi);
4. Sərhədin delimitasiya və demarkasiyası 1919-1920-ci illərin xəritələri ilə həyata keçirilir;
5. İtkin düşmüş 4 min azərbaycanlının taleyinə aydınlıq gətirilir".
Demedia.az xəbər verir ki, bunu politoloq Asif Nərimanlı deyib.
O bildirib ki, bu tələblərlə bağlı iddianı Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın rəhbəri olduğu “Haykakan Jamanak” qəzeti yayıb:
"İnformasiyanın Paşinyanın ailə qəzetində dərc edilməsi onun həqiqliyi ehtimalını gücləndirir, çünki “etibarlı mənbə” dedikləri elə erməni baş nazirin özüdür. Eyni zamanda, rəsmi Bakı bu tələblərini müxtəlif səviyyələrdə dilə gətirib. Hərçənd, Nikolun bunu media üzərindən ictimaiyyətləşdirməsi səbəbsiz deyil:
- Birbaşa özü açıqlasa, “Paşinyan bu sənədə imza atacaq” ittihamları ilə üzləşəcək;
- “Etibarlı mənbə” adı ilə icimaiyyətləşdirməklə erməni cəmiyyətinin reaksiyasını yoxlayır;
- Və çətin şərtlər altında mübarizə apardığı, “Ermənistanın maraqlarını” qorumağa çalışdığı rəyini yaratmaq istəyir;
Diqqət çəkən əsas məqam Paşinyanın “etibarlı mənbə” adı ilə təqdim etdiyi çıxış yoludur: Azərbaycanla hərtərəfli sülhə nail olmaq üçün ya bu tələblər yerinə yetirilməli, ya kompramis tapılmalı, ya da Bakı bunlardan əl çəkməyə məcbur edilməlidir;
Hazırda Bakını tələblərindən əl çəkməyə məcbur etməyə çalışırlar. Azərbaycana qarşı müxtəlif cəbhələrdə müxtəlif formalarda aparılan kampaniyaların hədəfi budur".
Xəyalə Məmmədova / Demedia.az